AZ

Zəngin ölkələr yenə qazanır, təbiət isə gözləmir - TƏHLIL

Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdı. Dünyanın 200-ə yaxın ölkəsinin dövlət və hökumət rəhbərlərinin, yüksək vəzifəli siyasi-ictimai xadimlərin əsas müzakirə mövzusu kainatımızı yaşadığımız XXI əsrdə təhlükəyə sürükləyən iqlim dəyişməsi, sadə dillə desək, qlobal miqyasda havaların sürətlə istiləşməsi oldu. Çıxış yolu arandı, təkliflər səsləndirildi, nəticə də bu oldu ki, problemləri bütün ölkələr birgə həll etməlidir. Bu zaman isə imkanlılar imkansızlara, daha dəqiq desək sənayeləşmiş dövlətlər inkişaf etməkdə olanlara maliyyə dəstəyi verməlidir ki, onlar da qalıq emissiyalarını azaltma müstəvisində bir iş görə bilsinlər. Amma...

Gözlənti tamam fərqli idi, dünya ictimaiyyəti düşünürdü ki, təbiətin, az qala, məcrasından çıxdığını görən böyük sənaye nəhəngləri kisələrinin ağzını açacaq, nəzərdə tutulan minimum 1 -1,3 trilyon dolları emissiyaların azaldılması üçün ayıracaq. Son anda isə məlum oldu ki, xeyr, dünya birliyi əli əsə-əsə cəmi 250 milyard dollar ayırmağa qərarlıdır. Bu zaman kiçik və zəif iqtisadiyyata malik ölkələr ciddi etiraz etdi, ekologiya sahəsinin bir çox fəalı aksiya keçirdi və sair. Bundan sonra zəngin ölkələr məbləği 50 milyard dollar artıraraq, 300 milyard dollara qaldırmağa razılaşdı və əlbəttə, pulun böyük hissəsi, şübhəsiz ki, ABŞ və Qərbi Avropanın payına düşəcək. Onlar bu qədər vasaiti xərcləməyə həvəslidirlərmi?
Məsələ ondadır ki, ən çox vəsait xərcləməli olan nə ABŞ prezidenti, nə də Almaniya və Fransa liderləri və onları bir ittifaqda birləşdirən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen COP29-da iştirak etmədilər. Məncə bu, vəsatin ayrılması məsələsində narazılığın olacağını ilk başdan göstərən amil idi.

Maliyyə anlaşmazlığı

Bir məsələ var ki, güclü sənaye dövlətləri daha az pul xərcləmək istəklərini əsaslandırmaq üçün bəhanələr uydururlar. Deyirlər ki, pul niyə ancaq inkişaf etmiş dövlətlərin xəzinəsindən çıxır, axı Çin və Hindistan kimi son dövrlərin sürətlə artan iqtisadiyyatları da kainatı çirkləndirirlər.

Bu arada, Ekseter Universiteti, Şərqi İngiltərə Universiteti (UEA), CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzi, Münhen Lüdviq-Maksimilian Universiteti, Alfred-Alfred Universitetindən tədqiqatçıların daxil olduğu Qlobal Karbon Layihəsi elmi qrupunun yeni araşdırmasına görə, qalıq yanacaqlardan karbon emissiyalarının bu il 2023-cü ilə nisbətən 0,8 faiz artımla 37,4 milyard tona çatacağı proqnozlaşdırılır. Bu il kömür və neftdən karbon emissiyalarının müvafiq olaraq, 0,2 faiz və 0,9 faiz, təbii qazın yaratdığı karbon emissiyalarının isə 2,4 faiz artacağı proqnozlaşdırılır.

Beləliklə, ümumi karbon emissiyaları bu il 41,6 milyard tona yüksələcək ki, bunun da 4,2 milyard tonu meşələrin qırılması kimi torpaqdan istifadənin dəyişməsi nəticəsində yaranacaq. Ötən il ümumi karbon emissiyaları 40,6 milyard ton olub.
Araşdırmalara görə, hazırda hər il 40 milyard tonu keçən atmosferə karbon emissiyalarının səviyyəsi artmaqda davam edir və bu, getdikcə daha təhlükəli qlobal istiləşməyə səbəb olur.

Bu faktları xatırladaraq yenidən qayıdıram əsl mətləbə. Qərb bildirir ki, onlar kimi Çin və Hindistan da karbon emissiyalarının azaldılması prosesinə sərf olunacaq maliyyə xərclərinin müəyyən hissəsini öz üzərlərinə götürsünlər. Məsələn, qlobal emissiyaların 32 faizini təşkil edən Çində bu il karbon emissiyası artımının əlavə 0,2 faiz artacağı təxmin edilir. Ümumi emissiyaların 8 faizini təşkil edən Hindistanda isə bu il əlavə 8 faiz artımın olacağı hesablanıb. Hansı ki, bu il qlobal karbon emissiyalarının 13 faizini təşkil edən ABŞ-da zərərli tullantıların 0,6 faiz, Avropa İttifaqında isə 3,8 faiz azalacağı proqnozlaşdırılır.

Göründüyü kimi, bir tərəfdə tullantılar artır, digər tərəfdə azalır, amma artım azalmanı üstələdiyindən bu il dünyada ümumilikdə karbon emissiyalarının 1,1 faiz artacağı gözlənilir.

Qalıq yanacağı problemi

Exeter Universitetinin Qlobal Sistemlər İnstitutunun tədqiqat direktoru və tədqiqatçısı Piyer Freydlinqsteyn, araşdırmanın nəticələrini qiymətləndirərkən iqlim dəyişikliyinin təsirlərinin getdikcə daha da çətinləşdiyini bildirib: "Biz qalıq yanacaqların yandırılmasının azalacağına dair heç bir əlamət görmürük. Paris Sazişinin hədəflərinə çatmaq üçün vaxt daralır və Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim sammitində görüşən dünya liderləri qlobal iqlimi məhdudlaşdırmaq şansına sahib olmaq üçün qalıq yanacaqlardan istifadə etməyə sadiqdirlər. Qlobal miqyasda xalis sıfır karbon emissiyasına çatana qədər, dünya temperaturu yüksəlməyə davam edəcək və getdikcə daha ciddi təsirlərə səbəb olacaq".

Osloda yerləşən CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin tədqiqatçısı Qlen Peters də ölkə səviyyəsində bir çox müsbət irəliləyiş əlamətlərinin olduğunu bildirib: “Qalıq yanacaq əsaslı karbon emissiyalarında pik nöqtənin yaxınlaşdığı tendensiyası var. Bütün istixana qazı emissiyaları üçün bunu demək çətindir. İqlim fəaliyyəti kollektiv fəaliyyətdir. Problem ondadır ki, bəzi ölkələrdə emissiyaların tədricən azaldılması baş verir, digərlərində isə artır".

Göründüyü kimi, digər tərəfdə - inkişaf etməkdə olan ölkələrdə texnologiya hələ o qədər yeni olmadığı üçün karbon emissiyalarının azaldırlmasında effektiv rol oynaya bilmirlər. İldə azından 1 trilyon dolların ayrılması məhz bunun üçün lazımdır ki, həmin qrupdakı ölkələr texnoloji müstəvidə yenilənmə edə bilsinlər. O cümlədən, illik məhsul istehsalı, az qala, ABŞ-dəkinə çatan Çin və sürətlə böyüyən, böyüdükcə isə silahlanmaya daha çox vəsait xərcləyən Hindistan yalnız öz ərazilərində istixana qazı tullantılarınını azaltmaqla kifayətlənməməli, həm də daha kasıb ölkələrin də bu çətin işin öhdəsindən gəlməılərinə maddi-texniki dəstək vermələri lazımdır.

Qərbin oyunu

Bu yerdə bir məqama da toxunmaq istəyirəm: ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Skandinaviya ölkələri və digər inkişaf etmiş blokun subyektləri öz ərazilərində son illər karbon emissiyalarını xeyli azaltmağa nail olduqlarını fəxrlə bildirirlər. Bu, dünya ictimaiyyətini aldatmaq üçün oyundur. Həmin ölkələr öz ərazilərində yaşıl iqtisadiyyata, yaşıl enerjiyə və sair keçirlər, amma heç də istixana effekti yaradan pulgətirən mənbələrdən imtina etmirlər – onlar yenə də əsas karbon tullantıları yaradan daş kömür, torf və sair kimi xammalı məhz inkişaf etməkdə olan ölkələrə satmaqla milyardlarla dollar qazanırlar. Yəni inkişaf etmiş ölkələr öz məhdud ərazilərində yaşayan vətəndaşları dünyanın başqa yerlərində insanları zəhərləyərək qazandıqları pulla sağlam yetişdirməyə çalışırlar.

Adi bir misal göstərək: Avropa Misiri atmosferi çirkləndirməkdə günahlandırır. Heç bir ölkə görmək istəmir ki, Misirin İsgəndəriyyə şəhərində mövcud olan dünyanın ən böyük sement zavodlarından biri məhz Yunanıstanın Titan Cement şirkətinin törəmə quruluşu Alexandria Portland Cement Company tərəfindən işlədilir. Burada yanacaq kimi istifadə olunan daş kömür isə ABŞ və Norveçdən, hətta Avstraliyadan alınır.

Climate Action Tracker tərəfindən aparılan hesablamaya görə, ABŞ-nin mədən yanacağı, o cümlədən kömür, neft, qaz və təmizlənmiş yanacaq ixracı 2022-ci ildə digər ölkələrdə 2 milyard tondan çox karbon qazı ekvivalenti emissiyasına səbəb olub. Beynəlxalq Enerji Agentliyi. Məlumatlara görə, bu, ABŞ-ın daxili emissiyalarının təxminən üçdə birinə bərabərdir.
Məlumatlara görə, ABŞ 2024-cü ilin ilk altı ayında dünya ölkələrinə, təxminən, 52,5 milyon ton kömür ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz çoxdur. Ümumiyyətlə, ABŞ-nin ən böyük kömür bazarı Şimali Afrikadır və ixracatın böyük qismi Misirə, Mərakeşə və digər inkişaf etməkdə olan ölkələrə yönəlib. Konkret olaraq Misir və Mərakeşdəki sement və kərpic istehsalçıları ABŞ-dan yarım il ərzində 5 milyon metrik tondan çox kömür alıb. O cümlədən, Misir il ərzində idxal etdiyi toplam 6,6 milyon metrik ton kömürün 3,1 milyon tonunu ABŞ-dan, 2,1 milyon metrik tonunu Rusiyadan idxal edib.

Onu da qeyd edim ki, qlobal təbiəti sahmana salmaq yolları axtarıldığı bir vaxtda ABŞ-nin yeni prezidenti seçilmiş Donald Tramp ölkəsinin qalıq yanacaq istehsalını daha da artırmaq istədiyini aşkar şəkildə bəyan edib.

Kanada, Avstraliya, Norveç və digər Skandinaviya ölkələri, eləcə də digər bəziləri belə qənaətdədirlər ki, hər bir ölkə zəhmət çəkib öz ərazisində karbon emisyalarını azaltsın, ekologiyaya töhfələr versin. Həmin ölkələr əlbəttə ki, çətinliklə də olsa, bunu edə bilərlər. Onda gərək məhz həmin adıçəkilən ölkələrdən istixana effekti verən heç bir məhsulu idxal etməsinlər, bu, Norveçə, Kanadaya, Avstraliyaya sərf edəcəkmi?

Digər tərəfdən, Kanada, İsvein, Norveç və digər ölkələr “hər dövlət özü öz ərazisində yaşıl iqtisadiyyat qursun” dedikdə bilirlər ki, həmin ölkələrin bunu etməyə maddi imkanları yoxdur və onlar mütləq borc üçün məhz Kanadanın, Norveçin, Avstraliyanın qapılarını döyəcəklər. Bu halda isə inkişaf etmiş ölkələr yenə qazanacaqlar.

Təbiət gözləmir

Bu arada, Türkiyədəki Yeditepe Universitetinin doktoru Barış Gənçər Baykan bu məsələlərə münasibət bildirib. Qlobal təbii fəlakətləri azaltmaq üçün maliyyə xərclərinin artırılmasını əsas şərt sayan ekspert deyib ki, 2009-cu ildə Kopenhagen Sammitində təsdiqlənmiş və bu ilin dekabrında sona çatacaq 100 milyard dollarlıq öhdəliyi əvəz edəcək yeni bir iqlim maliyyəsi modelini təyin edilməsi labüd idi. Ona görə də 300 milyard dollarlıq paketin ayrılması təsdiqləndi.
İqlim ədaləti hərəkatının ildə, ən azı, 1 trilyon dollarlıq fond ayırması lazım olduğunu bildirən Baykan, “Bu günə qədər inkişaf etməkdə olan ölkələrin aşağı karbon artımını davam etdirməsinə və iqlimə davamlılığını artırmağa imkan verən maliyyə töhfələri əsasən müəyyənləşdirilmiş yüksək gəlirli ölkələrdən gəldi. Çin və Hindistanın da mütləq iqlim maliyyəsində iştirakı vacibdir. Üstəlik, hökumətlərlə yanaşı məhz dünyanı çirkləndirmək bahasına on milyardlarla dollarlıq sərvət toplayan özəl şirkətlər də prosesə cəlb edilməlidir”, - deyib.

İqlim dəyişikliyinin ciddi təsirləri olduğuna diqqət çəkən Baykan “29-cu iqlim sammiti keçirildi. İqlim dəyişikliyinin dağıdıcı təsirlərinin ildən-ilə necə artdığına nəzər saldıqda görürük ki, beynəlxalq birlik effektiv siyasət həyata keçirə bilmir” deyə bildirib.

Cənab Baykan da bu fikirdədir ki, özləri çirkləndirdiyi dünyanı xilas etməkdə çarəsiz qalan ölkələrin ən böyük problemi maliyyə fondu yaratmaqdır. İllərdir danışılır, elmi əsaslarla isbatlanır ki, təsdiqlənmiş proqramların icrası üçün məsələn, 1,3 trilyon dollar lazımdır. Axı irəlidəki altı il ərzində təbiətə atılan qlobal emissiyaları ildə 9 faiz olmaqla, 2030-cu ilədək 43 faiz azaltmaq lazımdır. Amma heç kim bu qədər pulu vermək istəmir. Təbiət isə gözləmir və gündən-günə daha da sərtləşir, tarazlıq pozulur...

Vüsal Tağıbəyli

Seçilən
17
hafta.az

1Mənbələr