AZ

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN edilir? – Deputatlardan TƏZADLI AÇIQLAMA

Cəmiyyəti, valideynləri ən çox narahat edən məsələlərdən biri də azyaşlı, məktəbli uşaqların sosial şəbəkələrdən istifadəsidir. Onları bu platformalarda şiddət, bayağılıq və digər zərərli davranışları təbliğ edən foto, video və paylaşımlardan uzaq tutmaq bu gün olduqca çətin, hətta mümkünsüzdür.

Özəlliklə məktəblilərin daha işıqlı, faydalı məsələlərə həsr olunacaq vaxtına qənim kəsilən sosial şəbəkələri onların həyatından çıxarmaq üçün dünya ölkələri müxtəlif metodlar tətbiq edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqların sosial mediadan istifadə məsələsi yenidən gündəmdə: NƏLƏRİ DƏYİŞMƏK OLAR?


Norveç Avstraliyada artıq uşaqların sosial şəbəkədən istifadəsi qanunla yasaqlanıb. Bu günlərdə Türkiyənin Ailə və Sosial Siyasət naziri Sema Ramazanoğlu da ölkəsində bu təcrübənin tətbiqinə başlanıldığını və yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyan qanun layihəsinin qəbul olunacağını bildirib.

Bəs, Azərbaycanda uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaq üçün nə etmək lazımdır? Azərbaycanda bununla bağlı qanunun qəbulu gözlənilirmi?

Millət vəkili Elnarə Akimova Bizim.Media-ya bildirib ki, Azərbaycanda da bu sahədə qanunvericilik aktları hazırlanmalıdır: 

“Bu günlərdə uşaqların hüquqları ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul olundu. Orda uşaqların cəmiyyətdəki rolu, hüquqları, imtiyazları və s. məsələlər öz əksini tapıb. Onların hamısı müzakirə edildi. Amma bu məsələ orda yox idi”.

Deputat bildirib ki, əgər növbəti dəfə uşaqlarla bağlı mövzular gündəmə gələrsə, o, sosial şəbəkələrin uşaqlar üçün məhdudlaşdırılması məsələsini qaldıracaq: “Həqiqətən də uşaqların tərbiyəsinə ən pozucu təsiri məhz sosial şəbəkələr göstərir. İnternetdə yayımlanan videolar, materiallar, görüntülər, özəlliklə TİkTok uşaqlara çox ciddi pozucu, neqativ təsir göstərir.

Onların məktəbdən yayınması, cəmiyyətə adaptasiya ola bilməməsi, faydalı vətəndaş kimi yetişməsinə ən böyük maneələrdən biri sosial şəbəkələrdir”.

“Belə bir yöntəm olsa, valideynlər də rahatlıq tapar”

Millət vəkilinin fikrincə, uşaqları zərərli təsirlərdən qorumaq üçün telefonlarda müəyyən videolara yasaq qoyan texniki məhdudiyyətlər qoyula bilər:

“Texnoloji inkişafın yüksək mərhələsindəyik. Elə bir yöntəm hazırlana bilər ki, o, uşaqların yaşına uyğun olmayan videolar, məlumatları avtomatik bağlaya bilər.

Uşaqların baxa biləcəyi zərərli videolara senzura qoyular. Çünki valideynlər səhərdən-axşamadək işdə olurlar. Uşaqlara yalnız evdə olanda nəzarət edə bilirlər. Hətta ən güclü nəzarət olanda belə, onları ziyanlı informasiyalardan, videolardan qoruya bilmirlər.

Bu gün hamının əlində telefon var və onun ən pis vərdişi də elə pandemiya zamanı yarandı. Distant təhsil uşaqlarda asılılıq yaratdı. Məncə, belə bir yöntəm olsa, valideynlər də rahatlıq tapar".

“Qadağa çıxış yolu deyil”

Millət vəkili Ceyhun Məmmədov isə belə yasaqların faydasız olduğu qənaətindədir:

“Bu cür məsələlərdə qadağa çıxış yolu deyil. Biz qadağa etməklə nəyəsə nail ola bilməyəcəyik. Bu sualı mənə tez-tez verirlər. Bu haqda bilərəkdən və bilməyərəkdən tez-tez danışırlar. Amma bu, dediyim kimi, məsələnin həlli yolu deyil. Çünki insanlara nəyisə qadağan edəndə onlar başqa yol axtarıb tapacaqlar. Çalışacaqlar ki, istəklərinə nail olsunlar. Nəticədə biz buna tam nail ola bilməyəcəyik. Bunun Azərbaycanda çox ciddi nümunələri var. Biz bunu ilk dəfə deyil görürük, əvvəl də görmüşük ki, insanlar üçün nəsə məhdudlaşdırılanda hansısa yollarla öz məqsədlərinə nail olmağa çalışırlar”.

Deputatın fikrincə, bu məsələdə ən yaxşı yol öyrətməkdir:

“Biz insanlara sosial şəbəkədən necə düzgün istifadə etməyi öyrətməliyik. Fəaliyyətimizi bu istiqamətdə qurmalı, buna doğru getməliyik. Maarifləndirmə, təbliğat gücləndirilməlidir".

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr