“Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə medallar uğrunda mübarizə aparacaqlar”.
İdman.biz xəbər verir ki, bunu üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov Estoniya açıq qış çempionatı ilə bağlı danışarkən deyib.
O, Üzgüçülük Federasiyasının mətbuat xidmətinə bildirib ki, yığma üzvlərinin məşqləri intensiv şəkildə davam etdirir: "İdmançılarımızın orada öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirəcəklərinə ümid edirik”.
Baş məşqçi Azərbaycan açıq qış çempionatının milli üzvləri üçün çox uğurlu olduğunu deyib: "İdmançıların bu günlərdə - noyabrın 5-24-də Mingəçevirdə “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təlim-məşq toplanışı keçdiyini, hər gün 3 saat olmaqla gərgin keçən məşqlər nəticəsində yüklənməsini nəzərə alsaq, onların bu qədər medallara sahib olması, nəticələrindən yüksək çıxış etmələri təqdirəlayiq haldir. İldən-ilə belə yarışlarda Azərbaycanın müxtəlif bölgələrindən idmançıların qatılması və medallar uğrunda gərgin mübarizə aparmaları bizi sevindirir. Naxçıvan, Gəncə, Bərdə, Şəmkir və digər bölgələrimizdən üzgüçülər yarışlarda mübarizə aparırlar. Bu da onun göstəricisidir ki, artıq Azərbaycanda su idman növlərinə maraq artır, idmançıların səviyyəsi yüksəlir”.
Qeyd edək ki, Estoniya açıq çempionatı dekabrın 18-23-də Tartu şəhərində keçiriləcək.
İdman.biz