“Fraksiyadan çıxarılmadım, birgə müzakirələr aparıldı və nəticədə müstəqil deputat olaraq fəaliyyət göstərmək qərarına gəldim”.
Musavat.com xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərlə söhbətində “Ermənistan” blokunun deputatı Geqam Nazaryan bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda eks-prezident Robert Köçəryanla da görüş keçirib.
“Belə qənaətə gəldik ki, əlavə şayiələrdən və şərhlərdən qaçmaq üçün fəaliyyətimi müstəqil deputat kimi davam etdirim. Fraksiyadan çıxışımı və müstəqil deputat kimi fəaliyyətimi Geqam Nazaryanın “Vətəndaş sazişi” partiyasına keçidi kimi təqdim etməyə çalışmayın. Əksinə, Geqam Nazaryan daha radikal müxalifətçi deputat olacaq”, - deyə erməni deputat söyləyib.
“Belə çıxır ki, Robert Köçəryan fraksiyada daha radikal mövqe sərgiləməyə imkan vermirmiş?” sualına cavabında Nazaryanın cavabı qəribə olub:
“Xeyr, buna imkan verirdi. Sadəcə, Geqam Nazaryanın “nikolçu” olması ilə bağlı fikirlər səslənirdi. Buna görə də xüsusi olaraq vurğulayıram ki, mənim fəaliyyətim daha müxalifət yönümlü olacaq”.
Musavat.com