AZ

Nefti əvəz edəcək daha bir məhsul – Azərbaycan gübrəni xaricə neçəyə satır? – MƏBLƏĞLƏR

Azərbaycanda xaricə sürətlə ixrac edilən qeyri-neft məhsullarının siyahısına daha biri əlaə olunub. 

FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə ixrac edilən malların siyahısında qızıl, pambıq mahlıcı və pomidordan sonra 4-cü yeri karbamid tutub. İlk 10 ayda xaricə 102,2 milyon dollar dəyərində karbamid ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə karbamid ixracınin dəyəri 39 milyon manat və ya 60%-dən çox artıb. Belə ki, 2023-cü ilin eyni dövründə xaricə 64 milyon dollarlıq karbamid satılmışdı. 

Dövlət Gömrük Komitəsinin hesabatına görə isə 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 102,2 milyon dollar dəyərində satılan azot gübrəsinin ümumi həcmi 454,1 min ton təşkil edib. 
Ötən ilin eyni dövrü ilə müqayisədə gübrənin ixracı dəyər ifadəsilə 39 milyon dollar və ya 61% artdığı halda, miqdar ifadəsilə 196 min ton və ya 2,2 dəfə artım bar verib. Yəni 2023-cü ilin 10 ayında Azərbaycandan 63,6 milyon dollar dəyərində 257,6 min ton azot gübrəsi ixrac olunmuşdu.
Bu rəqəmlər Azərbaycanın xaricə satdığı gübrənin qiymətini izləməyə imkan verir. Belə ki, bu ilin ilk 10 ayında 1 ton azot gübrəsinin orta ixrac qiyməti 380 manat təşkil edib. Xaricə satılan gübrənin qiyməti ötən illə müqayisədə təqribən 9% azalıb. Belə ki, 2023-cü iidə azot gübrəsinin orta ixrac qiyməti 420 manat idi. 

Ümumiyyətlə, FED.az xəbər verir ki, son illər karbamid və azot gübrəsi Azərbaycanın icracında ciddi yer tutmağa başlayıb. 2020-ci ildən bəri gübrənin ixracından gələn gəlirlərin həcmi tez-tez dəyişsə də, illik ixrac həcmi demək olar ki, 300 min ton ətrafında sabit qalıb, məbləğin dəyişməsi isə daha çox xaricdə gübrənin qiymətinin dəyişməsi ilə bağlıdır. 

Belə ki, 2020-ci ildə Azərbaycan ümumilikdə xaricə 10,7 milyon dollar dəyərində 71 min ton azot gübrəsi (karbamid) ixrac edib. Həmin il karbamidin 1 tonunun orta ixrac qiyməti 151 dollar və ya 256 manat olmuşdu. 

Pandemiyadan sonra həm sərhədlər açıldı, həm də gübrənin qiyməti kəskin bahalaşdı. Nəticədə 2021-ci ildə gübrənin ixracı həm miqdar, həm də dəyər ifadəsi ilə kəskin artıb. Həmin il xaricə 118,5 milyon dollar dəyərində 322,6 min ton gübrə ixrac edilib. 1 ton gübrənin satış qiyməti 625 manat olub. 

2022-ci ildə gübrə az qala 2 dəfə bahalaşıb. Həmin il xaricə ixrac edilən gübrənin həcmi bir qədər azalıb 306,2 min tona düşsə də, , ixracdan gələn gəlirlər az qala 2 dəfə artaraq 210 milyon dollara yüksəlib. Həmin il gübrənin qiyməti rekord vurub - 1 ton üçün 1 165 manat. 

2023-cü ildə dünyada gübrə kəskin şəkildə – 3 dəfə ucuzlaşıb və 1 tonunun orta ixrac qiyməti 390 manata düşüb. Bu da karbamid ixracından gələn gəlirlərin ciddi şəkildə aşağı düşməsinə səbəb olub. Belə ki, ötən il Azərbaycandan xaricə 83 milyon dollar dəyərində 362,2 min ton azot gübrəsi ixrac edib.

Seçilən
21
fed.az

1Mənbələr