AZ

COP 29: uğurlu evsahibliyindən böyük dividentlərə - ŞƏRH EDİLDİ

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan rolunun və Prezident cənab İlham Əliyevin strateji baxışının bariz nümunəsi kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq platformalarda iştirakı həm iqtisadi, həm də siyasi cəhətdən ölkəmizin mövqeyini gücləndirir. Bu tədbir Azərbaycanın təkcə enerji resursları ilə deyil, həm də qlobal miqyasda enerji keçidi və dayanıqlı inkişaf məsələlərində önəmli tərəfdaş kimi çıxış etdiyini bir daha sübut etdi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənəddir. Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi inkişaf etməkdə olan ölkələrə investisiya yatırmağı nəzərdə tutur ki, bu da qlobal iqlim maliyyəsi arxitekturasını kökündən dəyişəcək. İnkişaf etmiş ölkələr üzərlərinə böyük iqlim öhdəliyi götürmək istəmirdilər. Onlar əvvəlki öhdəliyin qüvvədə qalmasını istəyirdilər. Amma diplomatik danışıqlar və gərgin müzakirələr sonda müsbət nəticə verdi. Sözsüz ki, burada Azərbaycan dövlətinin və onun rəhbərinin nüfuzu, siyasi məharəti böyük rol oynadı. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bitərəf vasitəçi kimi çıxış etdi və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bir çoxları Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil edəcəyinə və iqlim öhdəlikləri ilə bağlı effektiv qərara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Azərbaycan kiçik ada dövlətlərinin, zəif inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alaraq çağırışlar etdi. Dünyanın 190-dan artıq dövləti COP29-da müzakirələrə qoşuldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un təşkili bütün qonaqlar tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycanın COP29-da əsas nəaliyyətlərini aşağıdakı kimi də qeyd edə bilərik:

1. Enerji keçidində liderlik təşəbbüsləri:

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə neft-qaz resurslarının ixracı ilə yanaşı, bərpa olunan enerji sahəsində ciddi irəliləyişlər əldə edib. Azərbaycan Xəzər regionunda bərpa olunan enerji istehsalı üzrə lider mövqe tutur və bu sahədə beynəlxalq tərəfdaşlıq layihələrini genişləndirir.COP29 çərçivəsində Azərbaycanın günəş və külək enerjisi potensialı qlobal tərəfdaşlara təqdim olundu və yeni investisiya imkanları müzakirə edildi.

2. Regional əməkdaşlıq:

Bakı sammiti zamanı Azərbaycan yalnız qlobal problemlərin həllinə töhfə verməklə kifayətlənmədi, həm də regional əməkdaşlıq üçün yeni platforma təqdim etdi. Bu, həm də Azərbaycanın geosiyasi əhəmiyyətini və sülh yolu ilə inkişaf strategiyasını göstərir. Region ölkələrinin COP29 müzakirələrində iştirakı Azərbaycanın dialoq və əməkdaşlıq sahəsindəki mühüm rolunu təsdiq etdi.

3. İqlim maliyyəsinin artırılması:

Konfransın əsas müzakirə mövzularından biri inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin artırılması idi. Azərbaycanın bu məsələdə vasitəçi rolunda çıxış etməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərini qlobal müzakirələrə daşıması mühüm əhəmiyyət kəsb edir.

4. "Yaşıl Azərbaycan" təşəbbüsləri:

COP29 çərçivəsində Azərbaycan "yaşıl enerji" strategiyasını təqdim edərək, 2030-cu ilə qədər istixana qazı emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı planlarını dünya ictimaiyyətinə çatdırdı. Bu, həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində öz öhdəliklərinə sadiqliyini göstərir.

Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.

Budan əlavə qeyd olunmalı digər mühüm məsələlər isə bunlardır:

1. Ətraf mühitlə bağlı strateji layihələr:

Azərbaycan COP29 çərçivəsində yalnız qlobal maliyyə məsələlərinə deyil, həm də yerli ekoloji layihələrə diqqət yetirdi. Zəngilan və Füzulidə "Yaşıl Enerji Zonasının" yaradılması, işğaldan azad edilmiş ərazilərin ekologiyasının bərpası və orada bərpa olunan enerji infrastrukturlarının qurulması ilə bağlı strategiyalar təqdim edildi. Bu layihələr həm beynəlxalq tərəfdaşlıq üçün nümunə, həm də Azərbaycanın dayanıqlı inkişaf planının bir hissəsi kimi təqdim olundu..

2. İqlim diplomatiyasında yeni imkanlar:

COP29 zamanı Azərbaycan enerji ixracatçısı olmaqla yanaşı, bərpa olunan enerji potensialı ilə yeni tərəfdaşlıqlar üçün qlobal bazarda mövqeyini möhkəmləndirdi. Xüsusilə Avropa İttifaqı ilə enerji təhlükəsizliyi mövzusunda əməkdaşlıq Azərbaycanın geosiyasi rolunu gücləndirir.

3. İnsan kapitalı və yerli biliklərin artırılması:

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üçün yalnız iqtisadi deyil, həm də təhsil və elmi potensialını artırmağa çalışır. Bu istiqamətdə beynəlxalq təlim proqramları və texnologiya transferi imkanları müzakirə edildi. Bu, Azərbaycanın gənc nəsil üçün yaşıl iqtisadiyyat sahəsində yeni iş yerləri və karyera imkanları təmin etmə strategiyasının bir hissəsidir.

4. Region üçün nümunəvi yanaşma:

Prezident cənab İlham Əliyev çıxışlarında Azərbaycanı region üçün iqlim keçidində model ölkə kimi təqdim etdi. Bu, Xəzər regionunda bərpa olunan enerji layihələrinin reallaşdırılması və transregional enerji şəbəkələrinin qurulmasını əhatə edir. Azərbaycanın bu təşəbbüsləri həm iqtisadiyyatını diversifikasiya edir, həm də qonşu ölkələr üçün yeni əməkdaşlıq perspektivləri açır.

5. Beynəlxalq ictimaiyyətin dəstəyi:

COP29 çərçivəsində Azərbaycan beynəlxalq qurumlarla əməkdaşlığı daha da gücləndirdi. BMT, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə layihələr, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində mühüm irəliləyişlər əldə edildi.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə öz yerini möhkəmləndirir. Ölkə rəhbərinin iqlim siyasəti: Qlobal tərəfdaşlıq və dialoqa əsaslanır;​Enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri ilə mübarizəni balanslı şəkildə təmin edir;​Yerli resurslardan səmərəli istifadə etməklə ölkənin dayanıqlı inkişafını təmin etməyə yönəlib.

Azərbaycanın COP29-a ev sahibliyi, Prezident İlham Əliyevin ölkənin beynəlxalq imicini daha da yüksəltmək və dayanıqlı inkişaf məqsədlərinə uyğun siyasət həyata keçirmək strategiyasının müvəffəqiyyətli icrası kimi qiymətləndirilməlidir. COP29 konfransı Azərbaycanın bu mövqeyi möhkəmləndirməsi üçün mühüm platforma rolunu oynadı. Bakı, yalnız neft və qaz ixracatçısı deyil, həm də "yaşıl enerji"nin təşviqi və qlobal iqlim problemlərinin həllində fəal tərəfdaş olaraq tanınır. Bu, Azərbaycanın gələcəkdə də həm qlobal iqlim diplomatiyasında, həm də regional əməkdaşlıqda mühüm rol oynayacağını göstərir. Bu təşəbbüslər ölkəmizin dayanıqlı inkişafına töhfə verməklə yanaşı, qlobal iqlim məsələlərinin həllində liderliyini daha da artıracaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
36
sia.az

1Mənbələr