AZ

"İstənilən məqamda bölgəmizdə yenidən gərginlik yarana bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu yeni xəbər deyil ki, Ermənistan Azərbaycanla sərhəddə artıq güc toplayır, silah-sursat alır, öz əzələlərini möhkəmləndirir. Ancaq bu Ermənistandan daha çox onun arxasında duran qüvvələrə lazımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistan onların ssenarisi ilə hərəkət etməyə başlayıb: "İstənilən məqamda bölgəmizdə yenidən gərginlik yarana bilər. Xüsusilə də, bu proseslərin intensiv şəkil almasını da, hətta Gürcüstandakı hadisələrlə izah edə bilərik. Çünki Qərb burada öz istəyinə hələ ki, nail ola bilmir. Tbilisidə küçə döyüşləri gedir, çadır şəhərcikləri qurulur, Gürcüstanı təmsil edən xaricdəki səfirlər müxalifətə dəstəyini bildirirlər. Bunlar aydın məsələdir. Ancaq hər halda Qərbin vay-şüvən yolu ilə qaldırdığı hay-küy həm də Ermənistan istiqamətində proseslərin də bir qədər tezləşməsinə səbəb kimi görünür. Qərb çalışır ki, Ermənistandan istifadə edərək Cənubi Qafqazda möhkəmlənsin. Biz dəfələrlə demişik ki, burada lazımsız missiya ilə gəlmiş Avropa İttifaqının müşahidəçi missiyasının dəst-xəttini görürük. Onlar əsas casusluqla məşğuldurlar. Azərbaycanın, İranın, Rusiya mövqelərinin arxasınca baxırlar və çalışırlar ki, zəif nöqtələrin axtarışında özləri üçün qənaət çıxarsınlar. Bu baxımdan da istisna etmirəm ki, bəlkə də, onların bölgəmizə xaricdən hərbi kontingent gətirməsi kimi planı da var. Çünki əgər Azərbaycanla Ermənistan arasında yeni bir toqquşma, lokal müharibə başlayarsa, onda onlar bəhanə edəcəklər ki, burada günahkar Azərbaycandır. Azərbaycan Ermənistana hücum edir, Azərbaycan Ermənistanı boş buraxmır. Bu təbliğatı biz dəfələrlə eşitmişik. Ona görə də, Qərb həqiqətən də, Rusiya və İranın da mövqelərini zəiflətmək üçün də Cənubi Qafqaza gözünü dikib. Əgər əlverişli şərait yarana bilərsə, istifadə edəcəklər ki, burada möhkəmlənsinlər".

Onun sözlərinə görə, Ermənistan, əlbəttə ki, özbaşına deyil: "O subyektivliyini itirən "məmləkətcığaz"dır. Hətta subyekt yox, obyekt kimi özünü ifadə edir. Digər tərəfdən Nikol Paşinyan çalışır ki, vəziyyətdən istifadə edərək göstərsin ki, guya, Qərbdə ən sevilən, seçilən, arzu olunan liderdir. Özünün şəxsi reytinqlərinin aşağı düşməsi fonunda çalışır ki, yenidən özünü toparlasın ki, guya, vəziyyətə hakim ola bilib, idarəetmə ondadır. Ancaq bu, inandırıcı görünmür. Hər halda o gözəl bilir ki, reytinqlərin aşağı düşməsi ona gələcək seçkilərdə yaxşı nəsə vəd etmir. Ona görə ölkə daxilindəki problemlərin üstünü xaricdən, Qərbdə olan üstünlükləri ilə ört-basdır etmək istəyir. İlk növbədə camaatın güzəranı, sosial vəziyyəti göstərir ki, Ermənistan son dərəcə problemli məmləkətdir. Öz daxili, sosial proqramı, iqtisadi islahatlar proqramı, yoxdur, investisiyaları cəlb edə bilmir. Belə olduğu halda insanlar özlərinin gələcəyini sadəcə Ermənistanda görmürlər. Onlar çalışırlar ki, Amerikaya, Qərbə getsinlər ki, orada erməni icmalarının mövqeləri güclüdür, orada özlərini sınasınlar, inteqrasiya olunub yaşayış tərzlərini qursunlar. Bu məsələlərin hamısını hökümət mənsubları bilməyə bilməz. Onlar yaxşı anlayırlar. Amma mənə elə gəlir ki, altdan camaatın axınını, ölkədən çıxmasını, bəlkə də arzu edirlər. Əgər insanlar çıxırsa, tələbkarlıq da azalacaq, gözləntilər də olmayacaq. Odur ki, müharibə ruhunun yaranması bir yandan, ictimai-sosial problemlərin mövcudluğu ikinci tərəfdən, bir tərəfdən də Qərb ölkələrinin müdaxilə etməsi Ermənistanı son məqamda çox ağır duruma salacaq. Çünki bu problemlərin həlli ilə bağlı ilk növbədə gərək Ermənistan hökuməti məşğul olsun. Ancaq o bunu ya etmək istəmir, ya da edə bilmir. Çünki ixtiyarı əlindən verib, Fransa, Yunanıstan, Amerika, kim gəldi orada sükanı əlinə keçirir ki, Ermənistanın, guya, gələcəyini müəyyən etsin. Ancaq bu missiya yerli hökumətin üzərindədir. İnsanlar bir daha yada salırlar ki, Paşinyan, sənə səs vermişik ki, sən ölkəyə rəhbərlik edəsən. Bir yandan deyir ki, real Ermənistan formalaşdırmalıyıq, digər tərəfdən isə ixtiyarı əldən verir, Qərb dairələri burada meydan sulayırlar. Təzadlar, vəziyyət də bundan ibarətdir. Odur ki, Ermənistanın vəziyyəti əvvəlki kimi problemlidir, bu problemin də dərinliyi getdikcə dərinləşir. Belə olduğu halda hökumət rəhbəri heç vaxt inana bilməz ki, o növbəti seçkilərdə qələbə əldə edə bilər. Əksinə ola bilsin ki, onun seçkilərə qədər nüfuzu o dərəcədə aşağı düşsün ki, rəqiblərinə məğlub olsun. Bu ehtimalı da rədd etmək olmaz".

Müəllif: Söylü Ağazadə
Seçilən
385
1
sia.az

2Mənbələr