Gürcüstanda narıncı inqilab əlamətləri var.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki Gürcüstanda “vəziyyəti gərginləşdirmək” və 2013-cü ildə Maydan hadisələrini təkrarlamağa cəhdlər edilir, lakin Rusiya bu proseslərə müdaxilə etmir.
“Onlar vəziyyəti pozmağa çalışırlar. Bir sıra ölkələrdə oxşar hadisələrin şahidi olmuşuq. Ən birbaşa paralellik Ukraynadakı Maydan hadisələridir. Narıncı İnqilabı həyata keçirmək cəhdinin bütün əlamətləri mövcuddur. Gürcüstanda baş verən hər şey Gürcüstanın daxili işidir. Biz bu proseslərə qarışmamışıq və müdaxilə etmək istəmirik”, – Kreml nümayəndəsi əmin edib.
Peskovun sözlərinə görə, “Gürcüstan hakimiyyəti vəziyyəti sabitləşdirmək və sakitliyi bərpa etmək üçün tədbirlər görür”.
Ondan Gürcüstan hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücum edən səkkiz rusiyalının həbs edilməsi ilə bağlı məlumatı şərh etməsi xahiş olunub.
“Bizdə bu şəxslərin kim olduğu barədə məlumat yoxdur. Aydındır ki, təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak etməklə onlar ölkənin qanunlarını pozublar”, – Kreml nümayəndəsi cavab verib.
Xuraman Etibarlı
İnterpress.az