AZ

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib. DİA-dan SİA-ya bildirilib ki, təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-un nəticələri” mövzusunda mühazirə ilə çıxış edib.

Rektor Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nin və Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla nəticələndiyini vurğulayıb. O bildirib ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. Akademik təlim zamanı dinləyicilərin nəzərinə çatdırıb ki, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarının idarə olunması üçün əsas qaydalar COP29 zamanı yekdil razılıqla qəbul edilib. Bu qaydalar ölkələr arasında karbon kreditlərinin ticarətinə imkan yaradır və karbon emissiyalarının azaldılması prosesində ətraf mühitin qorunması və sosial ədalət prinsiplərinin qorunmasını təmin edir.

Rektor qeyd edib ki, dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. Belə ki, yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir.

Akademik Urxan Ələkbərov təlim zamanı Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritetin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" adlanmasının təsadüfi olmadığını və bu istiqamətdə ölkəmizdə uğurlu addımlar atıldığını deyib.

Daha sonra rektor Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirib. Rektor vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 2021-ci il 6 yanvar tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülüb və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının olması bildirilib.

Təlimlər diskussiya formatında davam edib.

Seçilən
33
sia.az

1Mənbələr