“Səhhətim normaldır, pis deyil. Müalicələrimi dayandırmışam. Amma bəzilərini arada edirəm. Türkiyədə həkimə getdim, dedilər ki, ayağınızı dondurmaq lazımdır. Bu isə mənim üçün mümkünsüzdür, çünki mən teatrda çalışıram, tamaşalarda oynayıram. Ayağım daha doğrusu topuğum dondurulsa, mən artıq yeriyə bilməyəcəyəm. Bakıya qayıtdım və bir sıra həkimlərlə məsləhətləşdim, müalicələr götürdüm. İndi ayağım bir az normallaşıb. Əvvəllər çox ağrılarım olurdu. İndi özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Təbii ki, bu da müalicələrin müsbət nəticə verdiyinə görədir”.
Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva OLAY-ın əməkdaşı ilə söhbətində deyib.
Akademik Musiqili Teatrının aktrisası tez-tez depressiyaya düşdüyünü bildirib:
“Depressiyaya meyilli insanam. Hər şey mənə pis təsir edir. Depressiyaya düşürəm. Bu hal məndə artıq neçə illərdir ki, davam edir. Bir az əsəbiləşəndə, fikir edəndə depressiyaya düşürəm. Sənət adamları depressiyaya çox tez-tez düşürlər, çünki öz yaşadıqları həyacan, problemlər və duyğulardan başqa səhnədə başqa insanların da həyacanını, problemlərini və duyğularını yaşayırlar. Bu isə sənin içində qalır, keçmir. Biz insanları səhnədə oynayırıq və həmin obrazlar bizim yaddaşımızda, beynimizdə qalır. Bütün bunlar da aktyorlara mənfi təsir göstərir. Bir sözlə, bunlar sağlamlığımıza da təsirsiz ötüşmür. Aktyor sənəti dünyada ən çətin sənətdir. Bunu alimlər də sübut ediblər”.
“TikTok” video platformasında canlı yayımlar açan Allahverdiyeva izləycilərdən hədiyyələr aldığını vurğulayıb:
““TikTok”da tez-tez canlı açıram. Amma orada çox oturmuram, çünki buna səbrim çatmır. Tamaşaçılar mənə çox gözəl sözlər yazırlar, o şərhləri oxuyuram, əhvalım daha da yaxşılaşır. Onlar mənə müsbət enerji ötürürlər. Buna görə də onlara təşəkkürümü bildirirəm. O ki qaldı “TikTok”da pul qazanmaq məsələsinə, xeyr, orada pul qazanmıram. Amma mən canlı yayım açanda izləyicilərim mənə çoxlu hədiyyələr atırlar. Canlı yayımımda insanlar çox olur”.
Xalq artisti efirlərdə baş verən neqativ dolu hadisələrə və özbaşnalıqlara sərt şəkildə reaksiya verib:
“Beş aydır ki, televizoru bağlamışam, baxmıram. Televiziyaya nəyə baxım, orada baxılmalı nə var ki? Maraqlı bir şey yoxdur. Açanda da verilişlərin əksəriyyətində dava, savaş, təhqir, bir-birilərinin söyməsini görürsən. Aparıcılar qonaqlarını danışdırır, ortaya qırığın salır. Amma onlar fərqinə varmırlar ki, sənət adamları öz sənətlərini yüksək tutmalıdır, sənətlərinin üstündə “əsməlidirlər”. Sənət adamları efirdə bir-birini təhqir edəndə tamaşaçının gözündən düşürlər. İncəsənət gözəlliyi nümayiş etmək deməkdir. Efirdə isə sənətçi gözəllik saçmalıdır, tamaşaçılara xoş aura, motivasiya bəxş etməlidir. Hazırda televiziyaya çıxmaq ab-havasında deyiləm. Aparıcılar zəng vurub verilişlərinə gəlməyimi istəyirlər. Amma mən bu təkliflərin əksəriyyətinə “yox” deyə cavab verirəm. Verilişlərə gedəndə də seçib sonra gedirəm. Hər verilişə hər efirə çıxmıram”.
Sənətkar sonda bildirib ki, Yeni 2025-ci ili Bakıda deyil, xarici ölkələrin birində qeyd edəcək:
“Yeni İl-i Bakıda yox başqa yerdə qeyd edəcəyəm. Qızım bununla bağlı mənə sürpriz hazırladığını deyib. Heç mən özüm də bilmirəm hara gedəcəyəm. Oturub o sürprizi səbrsizliklə gözləyirəm. Yeni ildə Bakıda olmayacağam”.