Gürcüstanda baş verən siyasi iğtişaşlar Azərbaycandakı bəzi radikalları çox sevindirir.
Sanki baş verənlər bunların planı və ya qurduqları oyunun bir hissəsidir.
Bu yanaşma ilə də öz sevinclərini sosial şəbəkələrdə müxtəlif formalarda paylaşırlar, az qala lap rəqs də edələr. AXCP sədri Əli Kərimli Qərbin təhriki ilə müxalifətin və xarici agentlərin Gürcüstanda sabitliyi pozmaq cəhdlərindən o qədər riqqətlənib ki, dayanmadan yenə yazır, videolar paylaşır. Əli Kərimlini siyasi emosiyaya gətirən səbəb Gürcüstandakı hadisələrdən özünü gündəmdə saxlamaq üçün istifadə etməkdir.
Müxalifətdə olduğu 30 il ərzində “dırnaq ucu” boyda uğurlu siyasi prosesi yönləndirə bilməyən, fəaliyyətinin ana xəttini yalnız boş vədlər tutan Əli Kərimliyə artıq onun ətrafındakı kiçik radikal qrup da inanmır. Siyasi şəraitin və şərtlərin sürətlə dəyişməsi fonunda artıq Azərbaycan siyasətində Əli Kərimli və onun kimi radikallara yer qalmayıb. Ona görə də AXCP sədri özünü gündəmdə saxlamaq üçün Gürcüstandakı hadisələri fürsət hesab edir.
Yenə də Qərbin regiona demokratiya, sülh və ədalət gətirəcəyi haqda Əli Kərimlinin dedikləri əslində, tanış narrativlərdir. Əli Kərimli hələ “qızılgül inqilabı” eyforiyası ilə yaşayır. Gürcüstanın timsalında bu siyasi illüziyaları misal gətirməklə kimlərdəsə ümid yaratmağa, öz mövqelərini möhkəmləndirməyə, cəmiyyətin gənc kəsiminin düşüncələri ilə manipulyasiyaya çalışır. Onun bu yanaşması Əli Kərimlinin hələ də 2005-ci ildə qaldığını və ya çağdaş dünyanın yeni siyasi reallıqlarını qiymətləndirə bilmədiyini göstərir.
Müasir dünya gəlişməkdə və yeni bir dünya düzəni astanasında olduğu kimi cəmiyyətlər də tarixi, keçmişi və indiki reallığı daha aydın dərk edirlər.
Ona görə də istər Gürcüstan, istərsə də Azərbaycan cəmiyyəti indiki prosesləri əvvəlkindən daha düzgün qiymətləndirir və ona uyğun davranırlar.
Bu gün Gürcüstanda baş verənlərin Qərbin öz maraqları naminə hazırladığı ssenarinin tərkib hissəsi olduğu hər kəsə yaxşı məlumdur. Gürcüstan sabitlik və stabillik baxımından Qərbin maraqlarına cavab vermirdi. İndi baş verənlər də bunun təzahürüdür.
Bəs, Əli Kərimli Gürcüstandakı hadisələrin Qərbin bu ölkədəki sabitliyi öz maraqlarına qurban vermək siyasəti olduğunu bilmirmi? Təbii ki, bilir.
Sadəcə olaraq, təxribat və qarşıdurmadan bəhrələnmək Qərbin bəzi dairələri kimi Əli Kərimlinin siyasi üslubunun əsasını təşkil edir.
“Cebheinfo.az”