AZ

Bu dalğa daha böyük dəyişikliklər üçün keçid sayılır- ŞƏRH

“Tehran hakimiyyəti Suriyanın ərazi bütövlüyünü müdafiə adı altında Bəşşar Əsəd rejimi tərəfdən müxalif qüvvələrə qarşı vuruşur. Sepahın informasiya mənbələrinin yaydığı məlumata görə, İran Türkiyəyə Suriyanın daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib. Tehran iddia edir ki, Rusiya və İslam Respublikası “Suriya hakimiyyətinin icazəsi əsasında” (yəni Bəşşar Əsəd rejiminin) bu ölkədədirlər. Əsədə məxsus təhlükəsizlik mənbələri isə bildirib ki, HTŞ-nin mövqelərinə zərbə endirmək üçün İran və Rusiya Suriyaya hərbi texnika, “Fateh-110” və “Skad” raketləri, təlimatlandırılmış suriyalı texniklər göndərəcək”.

Bu fikirləri Editor.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan Suriyada müharibənin yenidən alovlanması ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, İsrail və Türkiyə ərazisi illərdir Suriyadan təhdid olunur:

“Müxalifət Bəşşar Əsəd hakimiyyətinə qarşı silahlı mübarizəni bərpa edib.Suriya Milli Ordusu (SMO müxalifət) Əsəd silahlılarına və PKK qruplaşmasının YPG qoluna qarşı döyüşür. Məlumatlara əsasən, müxalifət “Azadlıq şəfəqi” əməliyyatı ilə Tel-Rıfat rayonunun mərkəzini PKK/YPG terror dəstələrindən tamamilə təmizləyib. SMO Deyr Camal rayonunu və Hırbıl kəndini də terrorçulardan azad edib. Türkiyə ilə sərhəddən 18 km aralı yerləşən Tel-Rıfatı PKK/YPG qruplaşması səkkiz ildir işğal altında saxlayır. SMO Cümhuriyyətlə sərhəddən 13 km aralı yerləşən Minning hava limanına nəzarəti də ələ keçirib.

Bu, müxalifətin bölgələri Bəşşar Əsəd və PKK terrorçularından azad etməsinə dair xəbərlərdən nümunədir. Baş verənlərə əsasən, son dayanacağın Dəməşq olduğu qənaətinə gəlmək olar. Başqa sözlə, Bəşşar Əsədin devrilməsi müxalifətin başlıca hədəfidir”.

S. Soltan onu da qeyd edib ki, Tehran və Moskvanın yardımı ilə Suriyanın bir hissəsinə Əsəd nəzarət edir:

“Ancaq ona verilən “möhlət” də bitmək üzrədir. Onun müdafiəçiləri Rusiya və İran 13 il bundan əvvəlki gücə, qüdrətə malik deyillər. Xüsusən Tehran hakimiyyəti İsrailə qarşı HƏMAS və “Hizbullah” cəbhəsində çox böyük canlı qüvvə və hərbi texnika, avadanlıq, raket itkisi verib”.

S. Soltan bildirib ki, İran itkilərini yeni qurbanlarla əvəzləyir:

“Ancaq bu da Tehran hakimiyyətin perspektivinə təsir göstərə bilər. Çünki HƏMAS, “Hizbullah”ın müdafiəsi istiqamətində döyüşlərdə iştirakdan İran cəmiyyəti heç nə qazanmayıb. Az qala hər gün sosial tələblərlə ölkədə etiraz aksiyaları keçirilir. İranın maliyyə və iqtisadiyyat naziri Əbdülnasir Himməti bildirib ki, ölkə iqtisadiyyatına istehsalat üçün lazım olan sərmayəni cəlb edə bilməyiblər”.

“Ərəb Respublikasındakı hadisələr Yaxın Şərqi bir daha yırğalayır. HƏMAS, “Hizbullah”dan sonra bu üçüncü dalğadır. Bu dalğa daha böyük dəyişikliklər üçün keçid də sayılır. HƏMAS, “Hizbullah”dan, o isə Suriyadakı rejimdən zəif sayılırdı. Belə getsə növbə onların dayağının, sponsorunun – İran hakimiyyətinindir..”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
454
31
editor.az

10Mənbələr