AZ

Nazirlikdən fermerlərə MÜRACİƏT

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, payızlıq əkinlərin bəyan müddəti dekabrın 30-da başa çatır.

Fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir. Vaxtında əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.

Əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.Bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlər bəyanı daxil etdikdən sonra “Müraciət et” düyməsinə sıxmadan 30 dekabr tarixinə kimi bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “Müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb-aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.

Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.

Respublika üzrə payızlıq əkinlərin bəyanına 2024-cü il sentyabrın 1-dən start verilib. Fermerlərə əkinlərini bəyan etməsi üçün 4 ay vaxt verilir.

Seçilən
23
7
sia.az

10Mənbələr