AZ

Hakan Fidan iranlı nazirlə görüşdə: “İmkan verməyəcəyik”

Son hadisələr bir daha göstərir ki, Dəməşq öz xalqı və qanuni müxalifətlə kompromis əldə etməlidir. İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olardı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ankarada iranlı həmkarı Abbas Əraqçi ilə görüşündən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Suriyadakı prosesləri yaxından izləyirik. Terrorçuların bölgədəki qeyri-sabitlikdən istifadə etməsinə imkan vermirik”, - nazir belə söyləyib.

Hakan Fidan vurğulayıb ki, ölkəsinin aidiyyəti qurumları sıx koordinasiya ilə işləyir:

“Mümkün problemlərlə bağlı lazımi tədbirləri görürük. Problemlər 13 ildir var, Əsəd rejimi siyasi həll yoluna yaxınlaşmayıb. Həm müxalifət, həm də rejim üç ölkənin irəli sürdüyü mövqeni izləyib. Bu proses zamanı İran və Rusiya hakimiyyət orqanları ilə həmişə lazımi əlaqə saxlamışıq.

Prezidentimiz bu problemin dialoq yolu ilə həlli üçün lazımi təşəbbüslə çıxış edib. Əhalinin yarısının didərgin düşməsi və terrorla bağlı problemlər məsələnin idarə olunmasını çətinləşdirib. Çözüm axtarışlarının olmaması problemləri bu həddə çatdırıb. Türkiyə və İranın Suriya məsələsi ilə bağlı fikirlərini səmimi şəkildə ifadə etməsi Suriya üçün həyati bir məsələdir. Tezliklə Astana prosesini yenidən həyata keçirəcəyik.

Son 48 saat ərzində Suriya ilə bağlı həmkarlarımızla görüşlər keçirmişik. Regional və beynəlxalq aktorları bir yerdə saxlamaq çox vacibdir. Keçmişin ağrılı hadisələrinə nəzər saldıqda görmək istəmədiyimiz hallar var. Vətəndaş müharibəsinin davam etməsini, şəhərlərin bombalarla dağıdılmasını, insanların didərgin düşməsini istəmirik. İnsanların öz evlərinə qayıtması və qaçqın axınının tərsinə dönməsi vacibdir. Terror təşkilatlarının bir daha fürsət əldə etməməsi vacibdir. Rejimlə dialoq kanallarının açılması da vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
teleqraf.com

1Mənbələr