AZ

Suriya böhranı dərinləşir: Yeni güc oyunları və Əsədin gələcəyi – Şərh 

“Qanlı savaşın yenidən başladığı Suriyada vəziyyətin kritik həddə çatdığı müşahidə olunmaqdadır. Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatına başlayıb. Əsəd rejiminə qarşı olan müxalif qüvvələr Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar”
 
 
Bunu Moderator.az-a Suriyada gedən əməliyyatları təhlil edən politoloq Yusif Bağırzadə deyib.
 
Politoloq xatırladıb ki, "Heyət Təhrir əş-Şam" Əsəd rejiminə qarşı başlatdığı hücumları davam etdirir. Hələb şəhərində prezidentin iqamətgahı ələ keçirilib:
 
“Aydındır ki, bir sıra güclər Rusiya və İranın indiki durumundan istifadə edərək Suriyada vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hərəkətə keçiblər. Məsələ burasındadır ki, Rusiyanın başı öz müharibəsinə - Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”a qarışdığı üçün Suriyaya lazımi diqqət yetirə bilmir. Bu gün Moskvanın özünə xarici hərbi yardım lazımdır və bu məqsədlə Şimali Koreya ordusunun hərbi birləşmələrindən istifadə edir. İran isə bu il Suriyada ağır zərbələrə məruz qalıb, Dəməşqdə konsulluğu vurulub, diplomatları və generalları öldürülüb. Başqa sözlə desək, İran da Suriyada əvvəlki illərdə olduğu kimi güclü mövqeyə malik deyil.
Bəşir Əsədə kömək üçün Rusiya və İran müraciətə cavab olaraq müəyyən addımlar atırlar. Məsələn, Rusiya Suriya ərazisindəki hərbi aviasiyası vasitəsilə müxalif qüvvələrin yerləşdiyi ərazilərə hücumlarını intensivləşdirib. 
İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın “Kətaib Hizbullahı” və “Fatimiyyun” dəstələri də Suriya ərazisinə daxil olublar. İranın dəstəklədiyi bu hərbi qruplaşmalar bölgədə həm Suriya hökumətinə, həm də İranın regional təsirini gücləndirmək məqsədinə xidmət edirlər. Bu hərəkətlərin bölgədə gərginliyin daha da artmasına səbəb olacağı şübhəsizdir".
 
Y.Bağırzadə hesab edir  ki, indi vaxtda nə Rusiya, nə də İran Bəşir Əsəd rejimini hakimiyyətdə saxlamaq üçün güclü imkanlara malik deyil:
 
 “Türkiyənin prosseslərdə iştirakına gəldikdə isə rəsmi Ankara istəsə də, istəməsə də prosseslərin ortasındadır. Çünki Suriyada güc balansındakı istənilən dəyişiklik Türkiyənin də maraqlarına birbaşa təsir göstərir.  Məsələ burasındadır ki, Əsəd rejimi geri çəkilərkən nəzarətindəki bir çox bölgəni PKK/YPG terror təşkilatına təhvil verib. Fəratın şərqindən Hələb bölgəsinə çoxlu sayda PKK/YPG-li gələrkən, bölgəyə təşkilata aid ağır silahlar daşınıb. Bu isə təbii olaraq, heç bir halda Türkiyənin maraqlarına cavab verə bilməz. Fürsətdən istifadə edən PKK/YPG Fəratın qərbində terror dəhlizi yaratmaq üçün cəhdlərə başlasa da, Suriya Milli Ordusu bu planları pozub. SMO-nun "Azadlıq Şəfəqi" əməliyyatı çərçivəsində Tel Rıfatı mühasirəyə alması PKK/YPG-ni çətin vəziyyətə salıb. 
Prosseslərin bundan sonra necə inkişaf edəcəyini təbii ki, yüz faiz proqnozlaşdırmaq çətindir. Çünki, Suriyada  Bəşir Əsəd rejiminə qarşı dayanan güclərin də maraqları fərqlidir və bir sıra hallarda bir-birilə zidiyyət təşkil edir”.
 
Y.Bağırzadə qeyd edir ki, İsrail uzun illərdir ki, Suriyanın bölünməsi təklifi ilə çıxış edir. İsrailə görə Suriya “Ələvistan”, “Suriya Kürdüstanı”, “Suriya Dürzistanı” olaraq üç yerə bölünməlidir:
 
“Birincisi, İsrail üçün Əsədli və ya Əsədsiz  - bütöv bir Suriyadansa, parçalanmış, bir-biri ilə münaqişə vəziyyətində olan kiçik “suriya” daha məqbuldur. O zaman onları idarə etmək də asan olacaq. İkincisi isə, bölünmədən sonra yaranacaq daha bir kürd dövləti heç şübhəsiz ki, İsraillə əməkdaşlıq edəcək. Yəni bu bölünmədən İsrail ən azı bir davamlı müttəfiq əldə edəcək. Ancaq bu təklif İsraildən başqa digər ölkələr üçün indiyə qədər dəstəklənməyib. Rusiya və İran öz yerində, əks düşərgədə dayanan ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə kimi dövlətlər də bölünmədə maraqlı deyillər. Məlumdur ki, bölünmə bölgədə əbədi davam edən münaqişələr, düşmənçilik və aramsız problemlər deməkdir. Üstəlik, hər bir tərəf bütöv Suriyaya sahib olmaq istəyir. Məsələn, Türkiyə kimi Suriya ilə 900 kilometr sərhədləri olan ölkə üçün bölünmə heç bir halda uyğun deyil. Türkiyə sərhədlərində de-fakto ikinci kürd dövlətini istəyə bilməz.  
Gedişat onu deməyə əsas verir ki, bu dəfə Əsəd rejimi tam süquta uğramasa da öz hakimiyyətini daha kiçik ərazilərdə davam etdirmək məcburiyyətində qalacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
51
50
moderator.az

10Mənbələr