AZ

Ermənistanla bağlı tədqiqat mərkəzi açıla bilər — AÇIQLAMA

Erməni dilinin Azərbaycanda daha geniş miqyasda tədrisi məsələsi yenidən gündəmə gəlib. Sabiq təhsil naziri Firudin Cəlilov Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə bu məsələyə toxunub. O deyib ki, Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır. Sabiq nazirin fikrincə, Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün erməni dilini öyrənmək vacibdir: “Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”. 

Bir neçə ildir erməni dilinin təhsil müəssisələrində tədrisi məsələsini tarixçilər, dilşünaslar da təklif edirlər.  Millət vəkili Ceyhun Məmmədov  Demokrat.az- açıqlamasında bildirib ki, bu gün Ermənistanı dərindən araşdırmalı və diqqətlə öyrənməliyik. Onun sözlərinə görə, Azərbaycanda müvafiq strukturlar tərəfindən bu istiqamətdə müəyyən işlər görülür:

“Milli Elmlər Akademiyasının nəzdində Qafqazşünaslıq İnstitutu var. Düşünmürəm ki, ayrıca bir universitetə ehtiyac var. Məndə olan məlumata görə, bir sıra universitetlərdə hətta erməni dili ilə bağlı tədris həyata keçirilir. Amma biz bu istiqamətdə səyləri artırmalıyıq, davamlı olaraq müəyyən işlər görülməlidir. Çünki biz Ermənistanın da Azərbaycanla bağlı bu addımları atdığını görürük. Bu gün Ermənistanda Azərbaycan dili öyrənilir, tarixi də tədris olunur, eyni zamanda Türkiyə ilə bağlı də oxşar işlər görülür. Bu məsələni mən də daha əvvəl qaldırmışam. Ola bilər ki, Ermənistanla bağlı ayrıca bir mərkəz açılsın, amma hazırkı dövrdə bu yöndə heç bir işin görülmədiyini söyləmək də düzgün deyil. Proseslər onu göstərir ki, bu gün Azərbaycanda bu məsələyə həssas yanaşma var”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr