AZ

"Suriya Türkiyənin şərtlərini qəbul etməyə məcbur olacaq" - AÇIQLAMA

Suriyada baş verən hadisələr vəziyyəti daha da gərginləşdirib. Belə ki, üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və şəhəri nəzarət altına alıblar. Münaqişəyə İran, Rusiya və Hizbullah dəstələri də qoşulub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirdi ki, İranın Suriyaya dəstəyi bölgədə yaranmış vəziyyəti daha da gərginləşdirəcək.

"Bəlli oldu ki, Əsəd rejimi özünü müdafiə etmək iqtidarında deyil və Suriyadakı İran, Rusiya və Hizbullah qruplaşmaları bu məsələdə Əsəd rejimini müdafiə etməkdə acizdir. Hələbin bu şəkildə rahat şəkildə ələ keçirilməsi, əslində orada onun müttəfiqləri olan Rusiya və İranın, eyni zamanda Hizbullah və digər post qüvvələrin nə qədər zəif olduğunu göstərir. Nəzərə alsaq ki, məhz üsyançıların əlindən Hələb şəhərini Rusiya aviasiyası, İran, Hizbullah qüvvələri və digər şiə qruplaşmalarının dəstəyi ilə Əsəd hökuməti məhz dörd ilə almışdı. Hazırda isə cəmi bir neçə günə Hələbi tamamilə, Hamanın yarısını itiriblər. Eyni zamanda Hums şəhərində və Hamanın digər ərazilərində də üsyanlar başlayıb. Belə bir məqamda aydın məsələdir ki, Bəşər Əsəd özünü müdafiə etməkdən acizdir. Bu hücumlar qarşısında burada müttəfiqlərinə müraciət edib, İraq, İran kömək göndərəcəyini bildirib. Hizbullahın başı İsrailə müharibəyə qarışdığı üçün lazımi dəstək göstərə bilmir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsinə görə Suriyaya lazımi diqqəti ayıra bilmir ancaq aviasiya köməyi edə bilər. Belə bir məqamda bu köməyə ehtiyacları var".

Politoloqun sözlərinə görə, Suriya münaqişəsi regional müharibəyə çevrilə bilər. 

"Suriyaya dəstək qüvvələr “Heyət Təhrir eş-Şam”a (HTŞ) qarşı hücumlara başlayıblar. İran artıq iraqdakı qüvvələrini ora yönəldib. Ancaq İsraillə atəşkəsdən sonra bu vəziyyəti gərginləşdirə bilər. Çünki HTŞ-nin də dəstəkləndiyi ölkələr var. Türkiyə çəkinir ki, HTŞ-nin güclənməsi, İsrailin bölgədə güclənməsinə səbəb ola bilər. Ona görə də burda Türkiyənin mövqeyi çox əhəmiyyətli olacaq. Əks halda müharibə regional münaqişəyə çevrilər, Türkiyə-İran, Türkiyə-Rusiya qarşıdurması baş verə bilər. Türkiyənin istəyi odur ki, Əsəd hökuməti razılaşmaya cəlb olunsun. Suriya məcbur olacaq ki, Türkiyənin şərtlərini qəbul etsin. Hətta Suriya artıq anlaşmaq üçün Türkiyəyə qüvvə göndərib".

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
11
redaktor.az

1Mənbələr