AZ

Oğlunu əfv etdi, Baydenin qara günləri başlayır

Tramp təkcə bu faktı araşdırmayacaq, onun Ukraynada biznesini də gözdən keçirmək fürsətini əldən verməyəcək


“Co Baydenin oğlu Hunteri əfv etmək qərarı vəzifədən sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsidir”. Bu sözləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp “Truth” sosial şəbəkədəki səhifəsində yazıb.
"Co Hunterin əfv edilməsi bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi" deyə sual edən Tramp əlavə edib ki, bu, sui-istifadə və ədalətin pozulmasıdır.
Qeyd edək ki, "6 yanvar girovları” dedikdə Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə basqına görə tutulanları nəzərdə tutur. Tramp və onun tərəfdarları bəzilərinin ədalətsiz şəkildə mühakimə olunduğunu və onların siyasi məhbus olduğunu bəyan edirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanteri əfv edib. Keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb.
Hanter 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.
Bayden daha əvvəl oğlu Hanteri əfv etmək niyyətində olmadığını bəyan etmişdi. Bu qərar siyasi dairələrdə geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.

Siyasi şərhçi Aydın Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Bayden oğlunu əfv etməklə özünü daha da qara günlərə atdı:

 "Bayden administrasiyası qanunun aliliyindən, insan haqlarından, demokratiya və hakimiyyət bölgüsünün vacibliyindən danışıb, bu adla başqa ölkələrin daxili işlərinə təzyiq göstərir, baş əyməyənləri isə sanksiyalarla hədələyib sıxır. İndi də hakimiyyətdən gethagetdə bütün bu dəyərləri bir kənara qoyaraq cinayət ittihamı altındakı oğlunu əfv edir. Halbuki Hanteri  ittiham olunduğu  2 cinayət faktına görə - vergidən yayınma və dövlət orqanlarını yalanla aldatma - üst- üstə 40 il həbs cəzası gözləyirdi.
İndi Bayden administrasiyası eyni ittihamlar altında olan digər Amerika vətəndaşlarına da belə "humanistlik" edəcəkmi? Etməyəcəksə, demokratiya və qanunçuluğun ikili standartla tətbiqinə, sadə dildə desək, bu "üzgörənliyə"nə izah verəcək?
Bu hələ Bayden hökumətinin hakimiyyətin son aylarında göz görə-görə yol verdiyi kobud pozuntu və xalqın iradəsinə hörmətsizlikdir. Ötən 5 illik hakimiyyət dövrü araşdırılsa, nələr üzə çıx(may)acaq?! Donald Trampın keçmiş fəaliyyətlərini araşdırmaqdan zövq alırdı. Az qalmışdı kişini "dama basdırsın"".

A.Quliyevin sözlərinə görə, Tramp Baydenin oğlunun təkcə bu faktını araşdırmaqla kifayətlənməyəcək. Onun Ukraynada biznes qurmaq xatirinə Poroşenko hökumətinə necə təzyiqlər etdiyini də araşdırmaq fürsətini əldən verməyəcək. Görünür, Baydenin qara günləri başlayır....

Seçilən
224
sherg.az

1Mənbələr