“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov noyabr ayını dəyərləndirərkən deyib.
O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, ötən ay BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Azərbaycanda təşkil olunması ölkəmizin həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından uğurlu olub: “Dövlətimizin başçısının COP29 çərçivəsində ölkəmizə səfərə gəlmiş FIFA-nın prezidenti Canni İnfantino, eləcə də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşlərində həm ölkəmizdə idmanın inkişafı, həm də beynəlxalq federasiyalarla əməkdaşlıq məsələləri müzakirə olundu. Sevindirici haldır ki, Azərbaycan gəncliyinin səsi bu dəfə daha geniş miqyasda, qlobal bir müstəvidə eşidildi. COP29-un Yaşıl zonasında fəaliyyət göstərən Gənclər Evi pavilyonumuz 12 gün müddətində gənc liderlərin, fəalların, qonaqların iştirak etdiyi 27 tədbirlə – maraqlı fəaliyyətlər, panel müzakirələr, sərgi və müxtəlif mövzular üzrə seminarlarla diqqət mərkəzində oldu. Dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının açılış tədbirində, “Gənclər ilə yaşıl gələcək”, “İqlim fəaliyyəti üçün gənclərin gücləndirilməsi: Ambisiyalar, karyeralar və qlobal təsir”, “Uşaqlar və gənclərin iqlim hərəkatı”, Dünya Uşaqlar Günü ilə əlaqədar UNICEF-lə birlikdə təşkil etdiyimiz “Gələcəyə qulaq as” adlı sərgisində və digər tədbirlərdə çıxışlarım oldu”.
Nazir qeyd edib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən “Təmiz suda avar çək!” şüarı ilə yürüş, “Qarabağ” futbol klubunun təşəbbüsü ilə dünyanın tanınmış klublarının Bakıda iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması və digər idman tədbirləri iqlim dəyişmələri ilə bağlı məsələlərdə idman ictimaiyyətinin həssaslığının real nümunəsi olub: “Bu təşəbbüslərə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına və “Qarabağ” futbol klubuna xüsusi təşəkkür edirəm. UNICEF, İsveçrənin ölkəmizdəki səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Zəfər Günündə COP29 münasibətilə təşkil etdiyimiz ekoloji yürüş və “We are Water” fləşmobu da gənclərimizin qlobal əhəmiyyətli məsələlərdə fəallığının nümunəsi oldu. COP29 çərçivəsində bir sıra görüşlərim də oldu. BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier, türkiyəli məşhur futbol mütəxəssisi Fatih Terim, COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş Avropa Klublar Birliyi rəhbərliyi və futbol klublarının nümayəndə heyəti ilə görüşlərimdə müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq. Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva ilə, İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majaliylə, İraq Respublikasının gənclər və idman naziri Əhməd Əl-Mübarqa ilə görüşlərimdə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etdik”.
Fərid Qayıbov vurğulayıb ki, dörd ildir ənənəvi olaraq Zəfər Gününə həsr edilən “Qələbə qaçışı” bu dəfə daha geniş kütləni əhatə edib: “Xeyriyyə məqsədli qaçışa bu il qeydiyyatdan keçərək “YAŞAT” Fonduna ianə edənlərin sayı 1600-dən çox oldu. Təkcə Bakı və regionlardan deyil, əcnəbi vətəndaşların da qaçışa qoşulması və bizimlə həmrəy olması gələcəkdə bu yarışın kontingentinin daha da genişlənəcəyinə inam yaradır. Artıq 4-cü dəfə keçirdiyimiz bu qaçışda iştirakçıların sayının artması il ərzində görülən tədbirlərin və təbliğatın nəticəsidir. Bu tədbirlər vasitəsilə daha çox insan idmanla məşğul olmağa başlayır və kütləvi yarışlara fəal qoşulurlar. Ənənə halını almış III İdman Festivalı bu dəfə də “İdman Paytaxtı”mız Qubada təşkil olundu. Festivala 23 idman növü üzrə 100 idmançı qatıldı. Ənənəvi tonqal ətrafında onlarla görüşüb, suallarını cavablandırdım. Festival həftəsində Quba Olimpiya İdman Kompleksində “İdman səfirləri”mizin ustad dərsləri, Olimpiya mükafatçılarımızla yeniyetmə idmançıların görüşləri, Quba şəhərinin mərkəzində 23 idman növü üzrə nümunəvi çıxışlar, konsert proqramları festivalın unudulmaz anlarına çevrildi. Fikrimcə, belə tədbirlərin keçirilməsi yeniyetmə idmançılar arasında mehriban ünsiyyət, dostluğun yaranmasına səbəbdir. Festivalın təşkilində göstərdiyi dəstəyə görə Quba Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm”.
Nazir idman infrastrukturunun və yeni idman bölmələrinin açılmasının inkişaf baxımından önəminə də diqqət çəkib: “Bu ay bir sıra idman zallarının açılışı oldu. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Biləcəri qəsəbəsində yeni cüdo zalının, Azərbaycan Güləş Federasiyası tərəfindən isə Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin güləş zalının təmir edilməsi, Qusar rayonunun Hil kəndində güləş zalının istifadəyə verilməsi təqdirə layiqdir. Bu günlərdə Azərbaycan İdman Akademiyasında məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşdüm. Yeni təşəbbüsümüzün nəticəsi olan bu layihənin uğurlu olacağına inanıram. Tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi onların gələcəkdə beynəlxalq səviyyəli bacarıqlı kadr olaraq yetişmələrinə dəstək olacaq”.
O bildirib ki, idmançılarımız beynəlxalq yarışlardakı uğurları ilə sevindirməyə davam edirlər: "Ay ərzində ölkəmiz müxtəlif növlər üzrə beynəlxalq yarışlarda təmsil olundu. Region klubumuz olan Mingəçevirin “Kür” həndbol komandasının EHF Avropa Həndbol Liqasının 3-cü mərhələsində yarışması, İslandiyanın təcrübəli klubu ilə mübarizə aparması gələcəkdə bu komandanın azarkeşlərini daha çox sevindirəcəyinə inam yaratdı. Bu gün gənclərimiz və idmançılarımız öz uğurları ilə yanaşı, sosial məsuliyyətli məsələlərdə də aktiv rol oynayırlar. Bu aktivlik hamı üçün faydalıdır. Sağlam həyat tərzinin daha çox insanı əhatə etməsi və ətraf mühiti qorumaq hamını düşündürməli, hətta daha sağlam gələcək üçün strategiyaya çevrilməlidir. Buna görə də, hər kəsi sağlamlıq naminə bu gözəl təşəbbüsü davam etdirməyə, aktiv həyat tərzini qorumağa dəvət edirəm”.
İdman.biz