AZ

Gürcüstanda müşahidə olunanların PƏRDƏARXASI - TƏHLİL

Hakim “Gürcü Arzusu” partiyası tərəfindən 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması ilə bağlı Avropa İttifaqı ilə müzakirələri dayandırmaq qərarına gəlinməsi fonunda Gürcüstanda baş verənlər heç də təsadüfi sayılmır. Avropa İttifaqı ilə müzakirələri dayandırmaq qərarı barədə respublikanın baş naziri İrakli Kobaxidzenin brifinqdə bildirməsi də sözsüz ki, səbəbsiz deyil və görünür, belə bir qərar kimlərinsə “xoşuna” gəlməyib. Bunun fonunda da Gürcüstanda baş verənlərin haradan qaynaqlandığı bəlli olur və bütün olanları izlədikcə, məsələnin mahiyyəti daha açıq şəkildə aydın olur.

Gürcülər hökumətin qərarlarının arxasında dayansalar Gürcüstanı qarışdırmaq niyyətində olanlar istədiklərinə nail ola bilməzlər

“Bu gün biz 2028-ci ilə qədər danışıqların başlanması məsələsini gündəmə gətirməmək qərarına gəldik. Biz həmçinin 2028-ci ilə qədər Avropa İttifaqının bütün büdcə qrantlarından imtina edirik”, deyə baş nazir Kobaxidzenin bildirməsi belə məlum olur ki, Avropanın da, Qərbin də planlarına uyğun gəlmirmiş. Məhz onların planlarına uyğun gəlmədiyinə görə də qonşu ölkədə qarışıqlıq və xaos yaratmaq üçün ciddi cəhdlər edirlər. Sözsüz ki, indi hər şey Gürcüstan vətəndaşlarından asılıdır. Beləki, əgər həqiqətən də Gürcüstan vətəndaşları hakim partiyanın, ələlxüsus da dövlətin, hökumətin yanında olsalar, dövlət başçılarının qərarının arxasında dayansalar, düşmən qüvvələr, bu Cənubi Qafqaz ölkəsini qarışdırmaq niyyətində olanlar istədiklərinə nail ola bilməzlər. Əgər hadisələr bunun əksinə cərəyan etsə, o zaman Gürcüstanda qarşıdurmaların, toqquşmaların olacağı qaçılmazdır.

Qərbin hələ də öz oyunlarından əl çəkmək istəmədiyi bir daha ortaya çıxır və özünü göstərir. Görünür, Gürcüstanla bağlı fikir qətidir və QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirmək ön planda durur deyə, istənilən qarışıqlıq kimləri isə zərrə qədər də narahat etmir. Əslində, belə bir qarışıqlıq narahat etmir yox, kimlərə isə tamamilə rahatlıq verir desək daha doğru səslənər. Çünki vətəndaş qarşıdırması və hətta prosesin vətəndaş müharibəsi həddinə qədər çatdırılması niyyəti belə qətiyyən təkzib edilə bilməz. Ortada olan mənzərə onu deməyə əsas verir ki, Qərb artıq Gürcüstanda istədiyi ssenarini ortaya atıb və məhz QHT maliyyələşdirmə mexanizmi vasitəsilə istədiyinə nail olacağı qənaətindədir. İstənilən halda belə bir ssenarinin gürcülər üçün arzuolunmaz olduğu bir reallıqdır və ümid edirik ki, Gürcüstan vətəndaşları da bunun fərqindədirlər və ölkədə qarışıqlıq yaradan, vətəndaş qarşıdurmasına rəvac verən, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilən ssenariyə qarşı çıxarlar.

Ümid edirik ki, qonşu ölkədə Qərbin hansısa manqurtlaşdırılmış dəstələrinin istədiklərini etmələrinə imkan verilməyəcək

Bilirik ki, Qərb üçün QHT-lər, LGBT və ifrat liberal sağçı düşərgələr yaratmaq, onları dəstəkləmək kimi ənənəvi bir ssenari var və bu ənənədən də belə görünür, qətiyyən əl çəkmək niyyəti yoxdur. Belə bir ssenarini bütün Cənubi Qafqaz ölkələrində tətbiq etmək niyyətindən də əl çəkmək kimi bir fikrin belə olmadığı da bir daha öz təsdiqini tapır. Cənubi Qafqazın istənilən ölkəsinə belə ssenari ilə soxulmaq tendensiyası heç də bir kənara qoyulmur və hələ də eyni şəkildə cəmiyyət içərisinə soxularaq, manqurt dəstələr yaratmaq istəyi müşahidə edilir. Düzdür, məhz xalqın birliyi, həmrəyliyi, vətəndaşların dövlətin yanında olması, hökumətin qərarlarını müdafiə etməsi, dəstəkləməsi sayəsində onların Azərbaycanda belə cəhdləri olduqca uğursuz alındı, amma bəzi ölkələrdə görünür buna nail ola biləcəklərinə ümid edirlər. Biz isə ümid edirik ki, Qərbin belə çirkin niyyətinin, ölkədə qarışıqlıq yaratmaq, vətəndaş müharibəsi belə törətmək cəhdinin qarşısı gürcü xalqı tərəfindən alınacaq. Ümid edirik ki, qonşu ölkədə Qərbin hansısa manqurtlaşdırılmış dəstələrinin istədiklərini etmələrinə imkan verilməyəcək.

Əgər həqiqətən də Qərbin oyuncağı olmaqdan imtina edilsə, hansısa maliyyə mexanizmləri ilə QHT-lərin “ələ alınmasına” son qoyulsa, onların fəaliyyəti dayandırılsa, arzuolunmaz halların qarşısı alına bilər. Hər halda gürcülər başa düşməlidirlər ki, öz ölkəsinin taleyi və mənafeyi hakim partiya olan “Gürcü arzusu” üçün daha maraqlıdır və bu maraq heç də xaricdən ölkəyə burun soxanların maraqlırı ilə müqaisəyə belə gəlməz. Çünki “Gürcü arzusu” ölkənin suveren, müstəqil olması, asılı olmaması üçün çalışdığı halda, Qərb və onun maliyyələşdirdiyi QHT-lər bunun əksinə çalışırlar. Gürcüstanın hakim partiyası, ölkə başçısı ölkədə əmin-amanlığı, təhlükəsizliyi, sabitliyi, stabilliyi qorumağa çalışdığı halda, Qərb bunun əksinə çalışır və nəyin bahasına olur-olsun öz dayaqlarını qurmaq, öz gündəliyini qəbul etdirmək istəyir və buna görə də nə təhlükəsizlik, nə stabillik, nə əmin-amanlıq haqqında heç düşünmür də.

Qərb QHT-lər vasitəsilə cəmiyyəti o qədər manqurtlaşdırıb ki, ən müqəddəs məqamlar barədə heç düşünülmür

Bilirik ki, indi Gürcüstan üçün həlli vacib olan məsələlər var. Hal-hazırda ölkənin ərazi bütövlüyü məsələsi bütün Gürcüstan cəmiyyətini, ölkə vətəndaşlarını daha sıx birləşdirməlidir. Məhz qonşu ölkənin də ərazi bütövlüyü həmin ölkə vətəndaşları üçün ən müqəddəs məsələ sayılmalıdır. Xüsusən də itirilmiş torpaqların geri qaytarılması məsələsi gündəmdə olmalı və hamını bir nəfər kimi maraqlandırmalı, bu maraq ətrafında da birləşdirməlidir. Eyni ilə Azərbaycanda olduğu kimi, Gürcüstanda da xalq həmrəylik, birlik nümayiş etdirməlidir və dəyərlərinin müdafiəsinə qalxmalı, itirilmiş torpaqlarını geri qaytarmağı ən vacib məsələ hesab etməlidir. Amma görünən tamamilə fərqli mənzərədir. Görünən odur ki, yuxarıda sadalanan məsələlər, yəni, itirilmiş torpaqların geri qaytarılması, ölkənin ərazi bütövlüyü məsələsi heç müzakirə mövzusu belə deyil. Daha dəqiq desək, Qərb QHT-lər vasitəsilə cəmiyyəti o qədər manqurtlaşdırıb ki, ən müqəddəs məqamlar barədə heç düşünülmür də.

İstənilən bir ölkədə, ələlxüsus da Cənubi Qafqaz ölkələrində xalqın ideoloji əsasda milli kimliyinin, qürurunun, adət-ənənələrinin arxa plana keçirilməsi hər zaman Qərbin ən çox nail olmağa çalışdığı məsələ olub. Cənubi Qafqaza soxulmaq və öz dayaqlarını qurmaq, öz gündəliyini qəbul etdirmək üçün ən çirkin yollara əl atanlar daha çox LGBT kimi iyrənc bir ssenarini reallaşdırmağa çalışırlar və bir şeyi başa düşə bilmirlər ki, region ölkələri üçün qəbul olunan dəyərlər və qəbul olunmayan məsələlər var, hansıki onları ortaya atmaqla çox şeyə nail ola bilməzlər. Ola bilsin ki, Qərb QHT-lər vasitəsilə hərhansı bir cəmiyyəti həddindən artıq dərəcədə manqurtlaşdıraraq, ən müqəddəs məqamları unutduracağına ümid edir, amma Cənubi Qafqazda buna nail olmağın mümkünsüzlüyünü başa düşə bilmir. Başa düşə bilmir ki, məhz LGBT kimi Qərbin sırımaq istədiyi dırnaqarası “dəyərlər” region ölkələrində qətiyyən qəbul edilməyəcək və indi qurduqları arzyuları, nəyə isə müvəqqəti olaraq etdikləti ümidləri də puça çıxacaq. Sadəcə, bir gün gec, bir gün tez məhz Qərbin LGBT kimi özünə məxsus dəyərləri onun özünə qalacaq və hətta başına çırpılacaq. Elə bu manqurtlaşdırılanlar özləri də həmin dırnaqarası “dəyərləri” onu təbliğ edənlərin özlərinə yaxın zamanda qaytaracaqlar.

Bir xalqı öz oyunlarına alət etmək çox çirkin siyasətdir

Hər dəfə hansısa ölkənin işlərinə burnunu soxan Qərb belə çıxır ki, bundan nə bezməyib, nə usanmayıb və nə də utanmaq kimi də bir fikir belə yoxdur. Soruşmaq ayıb olmasın, niyə hansısa bir ölkənin daxili işinə Qərb qarışmalıdır? Belə bir ixtiyar necə verilə bilər və bu ixtiyarı özündə görmək nə deməkdir? Axı baş verən hadisələr Gürcüstanın daxili işidir və kanar qüvvələr, eləcə də hansısa ölkələr bu prosesə necə müdaxilə edə bilərlər? Axı kənar qüvvələr də, ölkələr də demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Bir xalqın seçiminə hörmətsizlik etmək olmaz və bu şəkildə yanaşma gürcü xalqına ən böyük hörmətsizlik sayılır. Hər halda, seçim etməklə gürcülər öz iradələrini ifadə ediblər və buna qarşı çıxmaq nə Qərbin gözə soxmaq və bununla da lovğalanmaq istədiyi demokratiyaya uyğun deyil, nə onların sırımaq istədikləri azadlıqla, insan azadlığı və söz azadlığı ilə üst-üstə düşmür, nə də adi insani normalara da uyğun gəlmir. İndi məhz gürcü xalqını Qərbin və xüsusən də Makronun agenti sayılan, bir zamanlar Fransa vətəndaşı olan, həmin ölkənin Xarici İşlər Nazirliyinə çalışan prezident Zurabaşvili ilə üz-üzə qoymağa heç kimin haqqı çatmır və bir xalqı öz oyunlarına alət etmək çox çirkin siyasətdir.

Azərbaycan regionda sabitliyə qarşı olan hansısa təhlükəni qəbul edə bilməz

Görünən odur ki, Ukraynanı müharibəyə sürükləyən Qərb, indi də Gürcüstanı belə bir vəziyyətə salmaq niyyətindədir. Hər halda gürcülər məhz ukraynalıların vəziyyətini yaxşı görürlər. Onların evsiz-eşiksiz qaldıqlarını, raket zərbələrinə məruz qaldıqlarını, böyük itgilər verdilərini görürlər. Qərbin, Avropanın deyil, elə məhz Ukraynanın şəhərlərinin də viran qaldığını müşahidə edirlər və bu müşahidələr onu deməyə əsas verir ki, həmin ssenarin baş tutmasına qətiyyən imkan verilməməlidir. Gürcü xalqı müdriklik nümayiş etdirməli, heç bir xarici qüvvənin əlində alət olmamalı, yenə də öz iradəsini ortaya qoyaraq öz seçiminin üstündə israrla dayanmalı, öz mövqeyini müdafiə etməli, öz dəyərlərinə sahib şıxmalı və kənar müdaxilələrə “yox” deməli, imkan verməməlidir. Buna heç imkan verməyəcəkləri də gözləniləndir. İstənilən halda, Azərbaycan da məhz öz qonşusunun, Gürcüstanın yanındadır və qonşu ölkənin legitimhakimiyyətinin mövqeyini dəstəkləyir. Rəsmi Bakı qətiyyən Qərbin oyunlarının qonşu Gürcüstanda reallaşdırılmasını istəmir. Qərbin Gürcüstanı bu formada qeyri-sabitliyə sürükləməsi Azərbaycan üçün qətiyyən qəbul edilən deyil. Çünki bölgədə sabitlik, əmin-amanlıq, sülh yaratmaq təşəbbüsü ilə çıxış edən, buna nail olunması üçün əməli addımlar atan, bütün dünyada artıq söz sahibinə çevrilən Azərbaycan məhz ümumilikdə regionda sabitliyə hansısa təhlükənin belə olmasını qəbul edə bilməz...

Müəllif: İnam Hacıyev
Seçilən
35
1
sia.az

2Mənbələr