AZ

Kamal müəllimin gözündən düşməmək üçün…

Dekabrın 4-ü əziz dostum, ustadım Kamal müəllimin doğum günüdür. Kamal müəllimi yaxından tanıdıqca onun haqqında yazmaq da çətin olur.

Bəlkə, kimsə başqa cür düşünür, amma məndə belədir. Səbəbini bilmək istəsəm də, ciddi bir qənaətə gələ bilmirəm.

Dünyada Kamal müəllim qədər öz mətnləri ilə iç-içə olan ikinci bir yaradıcı tanımıram. Onun bütün mətnləri bir bütövün, tamın içərisində olduğu kimi, sanki özünün mifləşmiş obrazı da sirli-sehrli bir küpün içərisindədir. “Küp”ün yerinə fərqli bir predmet də yaza bilərdim, amma nə olursa olsun, o predmet gərək haradasa dünya modelinə uyğun gəlsin.

Ağlıma çox “həlim” bir fikir gəlir: Bəlkə, onunla bağlı xatirələrimi qələmə alım? Çünki xatirələr dünyanın özünə daha çox oxşayır, dünya kimi qeyri-standart, sürüşkən, dəyişkən və qeyri-müəyyəndir. Bəzən onlara “təhrif olunmuş” yaddaşın qarabasmaları da deyə bilərik. Hər nə isə, xatirələr, necə deyərlər, əsl qeyri-səlis məntiq xammalıdır. Onlarda ağ-qara, pis-yaxşı qütbləri çox az olur, sözlər çox ehmalca seçilib adıçəkilən qütblərin arasında yerləşdirilir.

Keçək əsas mətləbə.

Haqqında yazdığıma, əsərlərini pis-yaxşı təhlil etdiyimə görə Kamal müəllim heç bir zaman “əlahiddə” sevinc hissi keçirməyib. Heç buna ehtiyacı da yoxdur. Çünki həm bizdə, həm də xaricdə onun barəsində yetərincə gözəl mətnlər yazıblar və bu davam edir. Heç vaxt yaradıcılığını əhatəli bir şəkildə tədqiq etmək istəyimlə də razılaşmayıb. “Niyə”sini də bugünəcən soruşmamışam.

Əksinə, o, “dilimi açdığı”na, məni yazmağa ruhlandırdığına və imzamın ədəbi cameədə daha parlaq görünməsinə görə sevinib həmişə! Dövlət müşaviri olduğu, vaxtının lap az olduğu zamanlarda “Mən konteksti düşünürəm” kitabımın əlyazmasını üç dəfə oxuyub. Oxuyub, qaytarıb. Qeydlər edib, yenə qaytarıb! Özü də poçtla göndərib! “Buranı belə yazsan, daha yaxşı alınar”, “bu fikirləri əlavə etsən, gözəl olar”, “bax, buranı çıxsan, mətn qazanar” qeydləri ilə bir yerdə! Hətta qrammatik və üslubi səhvlərimə də əl gəzdirib. O mənə kitabın nəhayətsiz doğuluş həzzini yaşadıb; amma, sən demə, bəni-insandan fərqli olaraq, kitabın göbəyi doğuluşundan xeyli əvvəl dəfən-dəfən kəsilirmiş...

Hərdən­bir kitabımı vərəqləyirəm… Ürəyimdə sonsuz minnətdarlıq hissi baş qaldırır, dodaqlarıma izaholunmaz bir təbəssüm qonur...

***

Açıq deyəcəyəm, məni yaxından tanıyan və tanımayanlar zaman-zaman heyrətləniblər: nə əcəb Kamal müəllimlə uzun illərdir dostluq edə bilirsən? Demişəm, nə mənada? Deyiblər, xasiyyəti çox tündü, çönsə, qurtarıb getdi. Bizimki Mətn dostluğudur. Burada fərdin zahiri və daxili disharmoniyaları çox da vacib rol oynaya bilmir. Daha doğrusu, ikimiz də demokratik Mətn imperiyası altındayıq. Sərbəstik. Bir-birimizin arxasınca düşüb getməsək də, Mətn bizi hara aparsa, gedəcəyik...

***

Bir dəfə söhbət əsnasında Kamal müəllim qəfildən dedi:

- Çox dostlarım sonralar mənimçün maraqsız oldular.

Sual vermədim ki, niyə? Çünki ədəbi prinsiplərinə və xarakterinə az-çox bələd idim. Mətnlərində mübhəmliyi sevdiyi kimi, şifahi nitqində də buna əməl edirdi. Beynimi xeyli çək-çevir edəndən sonra səbəbini özümçün tapdım. İnsan o zaman maraqsız olur ki, bir yerdə sayır, yeniləşmir və ümumiyyətlə, bu haqda heç düşünmür də. Belə adamların Kamal müəllimlə dostluqları tutmaz.

Və belədir də...

Ustadın gözündən düşüb maraqsız olmamaq üçün bacardığım qədər şablonlardan və sxematik yollardan qaçmağa çalışıram.

***

İkimizin arasında olan bir söhbəti heç vaxt unutmaram. Təzəcə bitirdiyim yazıdan söhbət açdım və dedim:

- Bu yazını bitirmək lap əzab oldu.

- Yazanda əzab çəkirsən ki?

- Hərdən bir olur.

- Əzab çəkirsən, yazma!

Çox kəskin dedi. Hiss elədim ki, fikrimi dürüst ifadə edə bilməmişəm. Ona görə də tezcənə əlavə etdim ki (guya özü bilmirmiş), Sartrın fikridir: “Yazmaq əzab, mütaliə isə bayramdır”. Dodaqlarına təbəssüm qondu. Belə məqamlarda dostların təbəssümü “mənalı” tordan başqa bir şey deyildir; düşürsən, nə qədər çabalayırsan çabala, onsuz da xeyri yoxdu, özünü xilas edə bilməzsən. Və əslində, onların sənə ən böyük lütfü də o təbəssümdür ki, var...

Lap bu yaxınlarda Rafiq Əliyevlə yazdığı “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatında xalq şairi Ramiz Rövşənin çıxışından öyrəndim ki, yazmaq məsələsində Kamal müəllimin dünyada tayı-bərabəri yoxmuş... Təxminən fikir belə idi ki, dünyada Kamal Abdulla qədər yazmaqdan həzz alan ikinci bir yazıçı tanımıram.

***

“Sehrbazlar dərəsi”nin ilk səhifəsini oxuyan kimi ağlıma gələn fikir bu oldu ki, bəlkə roman hansısa qədim və mistik bir musiqinin içərisinə yığılıb?! Və ya unutduğumuz hansısa qədim melodiyalar yığılıb bu romanın içərisinə?! O melodiyalar nə idisə, onları geri “qaytarmaq” gərək idi. Necə ki, romanın qəhrəmanı Səyyah Sehrbaz, karvanbaşının cəllad atası Məmmədqulunun ruhunu çağırıb geri qaytarır.

Bu haqda Kamal müəllimə də bildirdim. Dedi, maraqlı fikirdir. Amma mətni yazıb qurtarandan sonra nəsə alınmadığını hiss etdim. Yenidən eksperiment aparıb Soltan Hacıbəylinin musiqisi üzərindən mətni yığdım.

Deyəsən, bir az alınmışdı...

***

“Adəm və Həvvanın cənnətdən çıxarılması” (qovulması, yox!) miniatüründə (Təbriz, 1550-1560-ci illər) mifizm, mistik realizm və simvolizm üzvi şəkildə birləşir. Adəm və Həvva yarıçılpaqdırlar. Birincisi əjdaha (və ya böyük qanadlı ilan), ikincisi isə tovuz quşu belində cənnəti tərk edir. Məlum olduğu kimi, ilan və tovuz quşu iblisə bələdçilik etdiyindən onlar da Tanrı tərəfindən cənnətdən çıxarılma cəzasına məhkum olurlar.

Geniş rakursdan yanaşdıqda, cənnətdən çıxarılma, bəlkə də ən bəşəri və ən əzəmətli bir ayindir. Biz buna möhtəşəm “yolasalma” da deyə bilərik. Minatürçü rəssamlar bu fikri açıq olmasa da, eyhamla bizə bildirirlər. Sözügedən münatürdə də çoxsayllı qanadlı məxluqların müşayiəti ilə baş tutan bu ayin söylədiyimiz fikri simvolizə edir...

Biz əgər Rafiq Əliyev və Kamal Abdulla prizmasından, yəni, qeyri-səlis məntiqlə yanaşsaq, “möhtəşəm yolasalma” daha uğurlu ifadədir. Həm də ulu babamız Adəmi və Həvva nənəmizi haradasa yersiz suçlama, qınaq və töhmətlərdən xilas etmiş oluruq.

***

Bərabər məsafələrdə basdırılımış işıq dirəkləri insanoğlunun ahəngdarlığa hansı riyakar yollarla nail olması haqda təsəvvürlərimizi genişləndirir. Həyatda beş-altı işıqlı adamın eyni fikir müstəvisində “sıralandığını” gördünüzmü?!

Kamal müəllimlə münasibətlərimiz də çox çətin sınaqlardan keçib. Bizimki sonralar əsl dostluğa çevrilən klassik ustad-şəyird münasibətidir. “Casus”un Lənkərandakı premyerasında əlimi ona uzatdım. O isə:

- Bilmirəm, səninlə görüşüm, ya yox” – dedi.

Təbii ki, görüşdü... Amma aramıza çökən sükutu pozmağa ikimizin də gücü çatmadı...

***

Məşhur Niderland rəssamı Yan Vermeerin “Rəssamlığın alleqoriyası” adlı bir əsəri vardır. Tablo rəssamın emalatxanasını simvolizə edir. Burada təsvir olunan hər bir detal danışır. Əslində, hər bir sənətin özünəməxsus alleqoriyası – simvolları olmalıdır. O cümlədən, yazıçılığın da... Yox, söhbət təkcə yazıçı, dünyasını dəyişəndən sonra onun ev muzeyində nümayiş etdirilən əşyalardan getmir...

Burada iki istisnanı qeyd etmək istəyirəm. Biri hiperrealist Mirzə Cəlilin, digəri isə “fikir zadəganı” (Kamal Abdulla) Hüseyn Cavidin ev muzeyindəki əşyalardır. Məhz onlar epoxal qüssə və ağrının rasional və metafizik alleqoriyasını planetar formatda bizə yansıda bilir...

Bəs əziz dostum Kamal müəllimdə bu predmet-detal nə ola bilər?

Bir qədər sürreal və ya absurd səslənsə də: yalnız Sükut...

Sükut Kamal müəllimin obrazında “Hüdudsuz Mətn” statusunu qazanır.

Ədəbiyyat sükutla “oynamaq” elmidir...

***

Markes “Patriarxın payızı”nı nikaraqualı şair Ruben Darionun poeziya dili üzərində qurduğunu deyir. Kamal Abdullanın da “Yarımçıq əlyazma”sı “Dədə Qorqud” eposu və Şah İsmayıl dövrünün dili üzərində qurduğu şəksizdir. Hər iki əsər çox maraqlı alınıb! Bir yerdə durmaq lazım deyil, bir qədər də “irəli” gedib, tutaq ki, totalitar dövrünü təcəssüm etdirən hər hansı bir əsəri Hüseyn Cavid, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Rahim, Rəsul Rza, Süleyman Rəhimov və başqalarının dili üzərində qurmağınız gərəkir...

Bu haqda Kamal müəllimlə də söhbətim olub. Çünki daxilimdə bir səs mənə deyir ki, bunu Kamal Abdulla qədər möhtəşəm bir halətdə heç kəs qələmə ala bilməz. Çünki o, fərqli zamanları onların öz dilində - “Azərbaycan dilinin potensialında” danışdıra bilir. Təsəvvür edin ki, Süleynam Rüstəmin “Azərbaycana gəlsin” şeirinin dili ilə İblisin monoloqu (Hüseyn Cavid) verilir. Və ya sehrbazın təkcənəlik vaxtına girib onu soyan tacir dodaqlarının altında “Partiyamızdır” şeirini həzin-həzin zümzümə edir. Burada təkcə fərqli zamanlar deyil, həm də Ana dilin düşdüyü epoxal faciəvi situasiyalar danışacaq...

***

Səsin mahiyyət olduğuna inanmaq üçün ucalıqlardan dağ çayını seyr etməyiniz yetər... Kamal müəllim ən mürəkkəb, qəliz məsələləri sadə bir dillə, dinlədikcə adama rahatlıq gətirən həlim bir səslə ifadə etməyə qadirdir.

***

Hər bir nəsnənin özünəməxsus missiyası var. Ən qədim mətnlər də belədir. Götürək “Dədə Qorqud” eposunu. Bir anlıq düşünək ki, minilliklərin o üzündən vur-tut bircə boy gəlib çatıb bizə. Və ya bircə qoca, yorğun külək! Lap olsun 6, 8, 10, 11... Azdır, çox azdır! Yarımçıq harmoniya yoxdur!

Əgər 12 boyun cəmini yazıçı intiutiv olaraq “Yarımçıq əlyazma” adlandırırsa, hansı harmoniyadan danışmaq olar?! Həmin harmoniyasızlığın altşüurdakı ilkin aclığı idi ki, romana “On üçüncü boy” deyənlər də oldu. Bu arada tarix bizi sensasion bir xəbərlə də müjdələdi: Gerçəkdən eposun 13-cü boyu da tapıldı! Qoy bir xəbər də mən verim; ehtimal var ki, “Yarımçıq əlyazma”nın mabədi də yazılsın. Çünki yenə boşluqlar var, yenə də nəsə çatmır. İndilikdə romanın eposdan çox oxunma səbəbini də burada axtarmaq lazımdır. Müəllif özünü “natamamlığın bütövlüyü”nə inandıra bilib. Özgə yolu yoxdur, bu inam olmasaydı, roman yazıla bilməzdi. Amma hər bir “söküntü” (dekonstruksiya) daha çox boşluqların yaranmasına səbəb olur. Amma və lakin göstərilən çabaların özü də nəhayətsiz boşluqlara atılmaq deyil, bəs nədir?!

Əgər biz yazdıqlarımızdan daha yaxşısını yazmağa qadiriksə, onda Simnar kimi tikdiyimiz mətnin başından aşağılara yuvarlanmağa məhkumuq... Kim nə qədər çox yuvarlansa, o, ölməzlik qazanar...

Kamal müəllim hər an yuvarlanmağa hazırdır...

***

Lap bu yaxınların söhbətidir. Kamal müəllim İstanbulda olarkən telefonla danışdıq. Özümlə bağlı bir məsələni ona xatırlatdım. Anındaca ərkyana dedi:

- Sənin heç ağlın yoxmuş ki?

İstədim zarafata salıb deyəm ki, ağıl biclik alətidir, demədim. Söhbəti tezcənə dəyişdim:

- Özünüzü qoruyun, Kamal müəllim!

O da cavabında:

- Siz bizi qoruyursunuz, - dedi.

Səsindəki o istilik, o inam bir ömür yetər bizə.

Siz XXI əsrdə Azərbaycan xalqının ən böyük dəyərlərindən birisiniz, Kamal müəllim!

Sizi Tanrı qoruyur!

Biz də dəyərlərimizin keşiyindəyik, əziz Kamal müəllim!

Mehman Qaraxanoğlu

Seçilən
29
36
axar.az

10Mənbələr