Rusiya Ukraynanın NATO-ya daxil olmasına icazə verməyəcək. Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov paytaxt Moskvada Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə görüşüb. Görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub. Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov bildirib ki, Macarıstan administrasiyası öz maraqlarına uyğun müstəqil siyasət yürüdür. Ukrayna böhranına toxunan Lavrov bildirib ki, məsələnin həlli üçün əsas səbəbləri aradan qaldırmaq lazımdır. Lavrov, "Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləyərək Ukraynanı özünə çəkməyə çalışmasıdır. Bu, Rusiya sərhədlərində hərbi təhlükə yaradır. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmasının qəbuledilməz olduğunu deyib. Biz buna icazə verməyəcəyik" - deyə bildirib.