AZ

Dələduzluqda təqsirləndirilən türkiyəli iş adamının rəhbərlik etdiyi MTK ilə bağlı qərar verildi - 1 milyona yaxın vergi borcu da var

"Hom Paş Prestij” MTK cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. 

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Hikmət Yiğitdöldür, dövlətə 882 503 borcu var. H.Yiğitdöl bir müddət əvvəl dələduzluqda təqsirləndirilib. Belə ki, "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb. İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə prosesində ifadə verən zərərçəkmiş Elçin Heydərov bildirib ki, 2007-ci ildə mənzil alsa da, sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib. Sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və 2 mənzil verilib. Buna görə də şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib. Digər zərərçəkmiş Vəli Əkbərli də bildirib ki, ona məxsus qeyri-yaşayış obyekti geri qaytarıldığını və şikayəti olmadığını qeyd edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirdi, hətta barəsində hökm də çıxarılmışdı. 

 

Xəyal Quliyev

Tarix: 2 Dekabr 2024, 20:55   
Seçilən
29
pravda.az

1Mənbələr