XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüş, erməni cəlladları tarixdə misli görünməmiş vəhşiliklər törətmişlər. Ermənistan dövlətinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində 30 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur. Bunların içərisində çoxlu sayda qadınlar, uşaqlar, qocalar vardı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində bir sıra addımlar atıldı. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi. Həmin il noyabrın ortalarında Azərbaycan Ordusu artıq cəbhələrdə ermənilərin hücumlarına ciddi müqavimət göstərə bilirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Ulu Öndər İlham Əliyev barədə deyirdi: “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli Liderdən bu yüksək dəyərini alan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü və gələcək inkişafının təminatçısına çevrildi. Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Əgər Birinci Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın lehinə dəyişdi. O, buna dərin zəkası, strateji düşüncə qabiliyyəti ilə nail oldu. Bu illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan ardıcıl addımların nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşına başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi. Bu qürurlu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli ordumuzdur. Həqiqətən də, bu Qələbə tək Azərbaycanda, regionda deyil, bütövlükdə dünyada əks-səda doğurdu. Bu qələbə separatizmdən, ərazisinin işğal olunmasından əziyyət çəkən xalqlarda, dövlətlərdə ümid yaratdı, insanlarda mübarizə ruhunu yüksəltdi. Ötən ay isə rəşadətli ordumuz tərəfindən Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Bu “Nəyi, nə zaman etməyi mən hamıdan yaxşı bilirəm” deyən Prezident İlham Əliyevin diplomatik və “Dəmir yumruq yerindədir” mesajını verən Ali Baş Komandanın qəti və möhtəşəm hərbi qələbəsi idi. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Dövlət başçsının xalq qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, onun hər azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq sürətdə reallığını bir daha təsdiqləyir. Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Süleyman Cəfərov
“Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri