Dekabrın 2-də gənclər və idman naziri Fərid Qayıbov sentyabr, oktyabr və noyabr aylarında beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə federasiya nümayəndələri və məşqçilər də iştirak ediblər.
İlk olaraq nazir Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin müvafiq əmrinə əsasən əməkdar məşqçi fəxri adına və idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəsislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Daha sonra nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıların çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən nümayəndələri salamlayan nazir Fərid Qayıbov idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib. Görüşlərin ənənəvi hal aldığını vurğulayan idman ustası adına layiq görülən idmançıların arasında gənclərin çox olmasını yüksək qiymətləndirib.
Güllə atıcılığı, gimnastika, stolüstü tennis, velosiped idmanı, qılıncoynatma, cüdo, ağırlıqqaldırma, boks, kanoe və avarçəkmə, güləş, çimərlik voleybolu, savat, karate, kikboksinq, qrapplinq, sambo, MMA, qol güləşi və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.
İdman.biz