AZ

Qərb Ermənistanı yeni müharibəyə təhrik edir

Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının (Aİ) "Avropa Sülh Fondu" Ermənistanı yenidən revanşist fikirlərə salıb.

Bir tərəfdən Fransa, digər tərəfdən Aİ-nin Ermənistanı silahlandırması bu qüvvələrin əslində Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərir. Görünən budur ki, Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb. Bu baxımdan Polşa Prezidenti Andjey Dudanın da Ermənistana səfəri məqsədli olub. Çünki Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasından danışarkən delimitasiya olunmuş ərazilərdən Avropa İttifaqının "müşahidə missiyası"nı çıxaracağını demişdi. Bu açıqlamadan dərhal sonra Duda Ermənistana səfərə gəlib və Avropa İttifaqının keçmiş hərbçilərdən təşkil olunmuş qrupunun tərkibində Azərbaycanla sərhəddə dayanaraq binokolla pozalar verib. Sonra da Polşa müşahidəçilərini artıracağı ilə bağlı fikirlər səsləndirib. Bütün bunlar Avropa İttifaqının regionumuza sülhün gəlməsinə mane olmağa çalışmasının ifadəsidir. Çünki gündəlikdə dekabr ayından başlayaraq danışıqların bərpası haqqında fikirlər var idi. Amma Dudanın səfərindən sonra Ermənistanın şərti sərhədimizə qoşun hissələrini yığdığı, səngərlər qazdığı müşahidə edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır. Bu, ilk növbədə Qərbin istəyidir. Çünki Qərb Rusiyanın qonşuluğunda ikinci bir müharibə ocağını yaratmaqla diqqəti bu istiqamətə yönəltmək istəyir. Məhz ona görə də Fransa artilleriya qurğularını, Yunanıstan "S-300" radar kompleksini, Hindistan raket komplekslərini Ermənistana tədarük edib. Qərbdən dəstək alan Ermənistan da həvəslənib və müharibəyə hazırlaşmaq üçün cəsarətlənib.

Digər tərəfdən isə tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik etmək istəyən ABŞ-ın da Ermənistana hərbi yardımlar etdiyi dəqiqləşdi. Belə ki, faktlar əsasında bəlli oldu ki, rəsmi Vaşinqton yuxarıda sadalanan faktlardan əlavə Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən minihücum pilotsuz təyyarələri, kiçikölçülü minalar və digər döyüş sursatlarını da Hayastana hədiyyə edib.

Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikanın təhvil verilməsi faktları təsdiqləndi. Əvvəlcə ABŞ tərəfi yayılan məlumatı təkzib etsə də,  "Caliber.az" saytının yaydığı videogörüntülər faktı bir daha təsdiqlədi. Belə ki, "Flightradar" qlobal uçuş izləmə xidməti vasitəsilə əldə edilən görüntülərdə aydın şəkildə müşahidə edilir ki, 2-3 avqustda ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxır. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilir. Daha sonra da ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah-sursat daşınıb. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir.

Lakin bu da hamısı deyil. ABŞ təbii olaraq bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfər mütəxəssisi də çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib. Onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır. Bundan əlavə, postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı bölmələrinin hərbi geyimi ilə təchiz olunub və işğalçı ölkənin silahlı qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını görür. Ölkəmizin yaratdığı yeni tarixi reallıqları qəbul etmək istəməyənlər vəziyyəti öz xeyirlərinə dəyişmək kimi çirkin və təhlükəli planları ilə regionu qarışdırıb bulanıq suda balıq tutmağa çalışırlar.  Noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında Müzəffər Ali Baş Komandan bir daha bu məsələdən danışaraq Ermənistana xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, bu gün mövcud vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər: "Mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar".

Bu gün Ermənistan Qərbin planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atarsa, böyük faciə ilə qarşılaşacaq. Çünki Azərbaycan Ordusu Ermənistan tərəfindən hücuma məruz qalarsa, hərbi hədəflər harada olmasından asılı olmayaraq, məhv ediləcək. Ermənistan ərazilərindən ölkəmizə qarşı potensial təhlükə yaranarsa, təhlükəsizliyi təmin etmək hüququmuzdur.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
48
50
ikisahil.az

10Mənbələr