AZ

“İndi elə vəziyyətdəyik ki, yaxşı oyunu yox, nəticəni düşünürük”

Sportinfo.az “Kəpəz”in belaruslu kapitanı Yeqor Xvalkonun müsahibəsini təqdim edir:

- “Şamaxı” üzərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- İndiki vəziyyətimizdə vacib olan qələbə qazanmaqdır. Həm turnir cədvəlində sonuncu pillədən qurtulduq, həm də “Şamaxı”ya yaxınlaşdıq. Lakin qış fasiləsinə qədər qarşıdakı turlarda da yenə qalib gəlməliyik ki, özümüzü daha inamlı hiss edək.

- Qarşıdakı 3 turda xal ehtiyatınızı artırmaq şansınız nə dərəcədə realdır?

- Buna ümid edirik. Deməzdim ki, “Şamaxı” ilə matçda istədiyimiz hər şey alındı. Meydanda daha çox mübarizə gedirdi. Həm də “Şamaxı” fiziki göstəricilərinə görə möhkəm komandadır. Təkbətək mübarizələrdə uduzsaq da, əsas odur ki, qalib gəldik. Göstərilən oyun 2 gündən sonra unudulacaq, nəticə isə qalacaq.

- Qarşıdan kubok oyunu gəlir. “İmişli” ilə matç “Kəpəz” üçün nə dərəcə əhəmiyyətlidir?

- Aşağı liqa komandaları ilə oyuna ciddi köklənməlisən. Çünki birinci liqada oynayan futbolçular yuxarı liqa təmsilçiləri ilə görüşdə özlərini göstərmək istəyirlər. Bunun üçün meydanda bütün güclərini qoyacaqlar. Ona görə bizim üçün çətin oyun olacaq. Lakin mərhələ adlamaq istəyirik. “İmişli”ni məğlub etmək üçün əlimizdən gələni edəcəyik.

- Növbəti turda “Zirə”ni qəbul edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Bizim kimi, onlar da həftəarası kubokda oynayacaqlar. Ona görə də yorğunluqdan şikayətlənə bilmərik, hamı üçün şərtlər eynidir. Məncə, çempionat oyununda kim daha hazır olsa, o da qalib gələcək. Bizim lehimizə olan məqam odur ki, rəqibi Tovuzda qəbul edəcəyik. Oranın ot örtüyü sünidir. Bu isə texnikalı, sürətli oyuna üstünlük verən “Zirə”yə çətinlik yaradacaq. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq.

- “Kəpəz”in Premyer Liqada qalmaq şansını necə dəyərləndirirsiniz?

- Liqada yerimizi qoruya bilərik. Bunun üçün də mübarizə aparırıq. Sadəcə indi elə vəziyyətdəyik ki, yaxşı oyunu yox, nəticəni düşünürük. Xal qazandığımız “Şamaxı”, “Səbail”, “Sabah”la matçlarda elə də parlaq çıxış etməsək də, istəyimizə çatmışıq. Amma daha yaxşı futbol sərgilədiyimiz matçlar olub ki, meydanı xalsız tərk etmişik. Məsələn, “Araz-Naxçıvan”la görüşdə mənim səhvimdən sonra qol buraxdıq. Yaxud “Turan Tovuz”a qarşı üstün futbol oynasaq da, yekunda uduzduq. Odur ki, indiki məqamda bizi göstərilən oyun yox, nəticə maraqlandırır.

Seçilən
57
sportinfo.az

1Mənbələr