Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BMT-də Afrika əsilli şəxslərin hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında bəyanatla çıxış edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, A.Abbasov sessiya çərçivəsində Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyinin ev sahibliyi və BMT-nin Afrika əsilli şəxslərin hüquqları üzrə ekspertlər işçi qrupu və Bonayre İnsan Hüquqları Təşkilatının (BİHT) birgə təşkilatçılığı ilə “Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: Müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda baş tutmuş əsas tədbirdə nitq söyləyib.
Abbasov çıxışında iştirakçıları BTQ-nin fəaliyyətləri və müstəmləkəçilik siyasəti əsarəti altında olan regionlara verdiyi dəstək və Afrika xalqları ilə əməkdaşlığı haqqında geniş məlumat verib. O, BTQ adından afrikalılar və Afrika əsilli insanların ədalət çağırışında həmrəyliyini dilə gətirib:
“Biz, əsrlər boyu əsarət, müstəmləkəçilik və neokolonializmin dərin və hələ də davam edən təsirlərini aradan qaldırmaq üçün birləşmişik. Bu tarixi ədalətsizliklər böyük ziyana səbəb olub və bizim ədaləti bərpa etməyimiz çox vacibdir. Bonayre, Sen-Marten, Aruba, Kurasao, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Mayotta, Korsika, Qvadelupa, Martinika, Fransız Qvianası və Reyunion kimi bir neçə bölgə müstəmləkəçiliyin uzunmüddətli mirasları ilə mübarizə aparmaqda davam edir. Bu ərazilər tarixi müstəmləkə hökmranlığından qaynaqlanan, onların inkişafına və öz müqəddəratını təyin etmələrinə mane olmaqda davam edən davamlı sosial-iqtisadi və siyasi problemlərlə üzləşirlər. BTQ bu regionların beynəlxalq təşkilatlara daxil edilməsini və təmsil olunmasının tərəfdarı kimi çıxış edərək mütəmadi olaraq onların maraqlarını müdafiə etməkdə davam edir. Bu mənada biz çoxsaylı beynəlxalq və tematik konfranslar təşkil etmiş və qlobal qurumlara müraciətlərin hazırlanmasında mühüm dəstək göstərmişik. Bu təşəbbüslər bu icmaların hüquqlarının, istəklərinin və narahatlıqlarının qlobal arenada effektiv şəkildə təmsil olunmasını və həll olunmasını təmin etmək məqsədi daşıyır, onların adından uğurlu təbliğat və fəaliyyətə şərait yaradır. Biz hüquqi, mədəni, təhsil, iqtisadi və psixoloji elementləri özündə birləşdirən hərtərəfli qlobal təzminat çərçivəsinin yaradılmasını tələb edirik”.
Onun sözlərinə görə, “təzminatlar, ötən müddətdən asılı olmayaraq, təsirə məruz qalmış icmaların ədalət mühakiməsinə çıxışını təmin edən Roma Nizamnaməsi və Baş Assambleyanın 60/147 saylı qətnaməsi də daxil olmaqla, beynəlxalq insan hüquqları çərçivəsində tərtib edilməlidir”: “Təzminatlar həmçinin mədəni irsin və artefaktların qaytarılmasına, bərabərsizliyi davam etdirən hüquqi, iqtisadi və sosial sistemlərin islahatına da şamil edilməlidir”.
Abbasov BTQ-nin Afrika əsilli şəxslərin hüquqlarının bərpası, ədalətli və davamlı reparativ çərçivəyə nail olmaq üçün hərtərəfli yanaşma təklif etdiyini qeyd edib:
“Təzminat üçün hüquqi baza yaratmaq, mədəni irsin qaytarılmasını müdafiə etmək və təcrid olunmuş icmaların səlahiyyətlərini gücləndirmək üçün iqtisadi təşəbbüslərlə yanaşı təhsil islahatlarınının da aparılmasını təşviq edirik. Biz həmçinin keçmiş ədalətsizliklərin qalıcı psixoloji təsirlərini aradan qaldırmaq üçün təzminat proqramları vasitəsilə zehni və emosional müalicə prosesini təşviq etmək məqsədi daşıyır. Bundan əlavə, biz müstəmləkəçilikdən təsirlənənlərin övladlarının üzləşdiyi davamlı bərabərsizlikləri aradan qaldıraraq, sistem dəyişikliyini təşviq edən bərpaedici tədbirlər planının həyata keçirilməsi üçün çağırış edirik. Təşkilatımız bərpaedici ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir. Biz beynəlxalq forumlarda bu xalqların hüquqlarını müdafiə etməyə və ədalətli və davamlı təzminat prosesini təmin etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti ilə işləməyə davam edəcəyik. Biz keçmişin səhvlərini düzəltmək və hamı üçün daha ədalətli gələcək qurmaq üçün qətiyyətli fəaliyyətə çağırış edirik”.