AZ

Baydenin oğlunu həbsdən qurtarması siyasi karikaturadır- ANALİZ

Bu təkcə Amerika Birləşmiş Ştatları üçün yox, dünya üçün təhlükə deməkdir 


ABŞ Prezidenti Cozef  Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb. Bayden özü də prezidentliyin ona bəxş etdiyi ali səlahiyyətlərdən ailə üzvlərinin mənafeyi naminə istifadə etməyəcəyinə söz vermişdi. Lakin sözündə durmayıb və oğlu Hanter barəsində əfv fərmanı imzalayıb. Bildirib ki, oğluna qarşı təqib siyasi motivli olub və ədalət öz yerini tapmayıb. Baydenin sözündə durmaması tənqid edilib. Prezidentin bu addımı Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində atması da müzakirələrə yol açıb.
Tramp bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. Dünyaca məşhur iş adamı İlon Mask da ABŞ Prezidenti Co Baydenin oğlunu əfvetmə qərarını tənqid edib. O, bu addımı ölkənin bütövlüyünü şübhə altına almaq kimi qiymətləndirib: "Sərxoşluq və narkotik problemləri mənim üçün önəmli deyil, amma ABŞ-nin bütövlüyünü sual altına qoymaq normal deyil". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Baydenin oğlu Hanteri iki məhkəmə prosesi üzrə əfv etməsi demokratiyanın karikaturasıdır: “Bu, demokratiya haqqında cizgi filmidir”. Görünür, bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden Administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Qeyd edək ki, Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.

 
  "Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Prezident C.Bayden oğluna qarşı aparılan cinayət işlərinə müdaxilə etməyəcəyini dəfələrlə bəyan etmişdi. Siyasi şərhçinin sözlərinə görə, təkcə Bayden yox, komanda üzvləri də söyləmişdilər ki, dövlət başçısı ailə məsələlərinə görə məhkəmənin işinə müdaxilə etməyəcək: 
"Ancaq Bayden hakimiyyət müddətinin bitməsinə iki ay qalmış belə bir qərar verdi və oğlunu törətdiyi cinayətlərə görə əfv etdiyini bildirdi. Söhbət Baydenin oğlunun silah istifadəsinə görə cinayət məsuliyyətinə cəlb edilməsindən və 1 milyon 400 min dollardan artıq vergini gizlətməsindən gedir. Bayden iddia edir ki, əslində, bu məsələ oğluna qarşı deyil, onun özünə qarşı uydurulmuş bir məsələdir. Onun siyasi rəqibləri bunu uydurublar. Yəni Baydenin oğlu öz əməllərinə görə yox, atasının siyasi fəaliyyətinə görə təqib olunur. Elə bunu əsas gətirərək oğlunu əfv etdiyini bildirdi. Əslində, Baydenin bəyanatları və atdığı addım onun Amerika məhkəməsinə inanmadığının göstəricisidir. Baydenin yerində başqası olsaydı, məhkəməyə inandığını dönə-dönə bəyan edərdi və vəkillər komandasının yardımı ilə oğlunu cinayət məsuliyyətindən azad etdirərdi, onun suçsuz olduğunu bütün Amerika ictimaiyyətinə sübut edərdi. Ancaq Bayden bu yolu tutmadı". 
Siyasi şərhçi vurğulayıb ki, görünür, Bayden məhkəmənin ədalətli qərar verəcəyinə inanmır. Yaxud öz oğlunun günahkar olduğunu bilir və onu məsuliyyətdən azad etməyə çalışır: "Bunu da öz siyasi vəzifəsindən sui-istifadə etməklə reallaşdırır. Çox təəssüf ki, bu, Amerika cəmiyyətinin dəhşətli reallığıdır. Əgər ölkənin prezidenti məhkəmənin ədalətli qərar verəcəyinə inanmırsa, oğlunun siyasi motivlərlə təqib olunduğunu iddia edirsə, bu, Amerika məhkəmə sisteminin hansı səviyyədə olduğunu göstərir. Yox, əgər prezident oğlunun günahkar olduğunu bilirsə və onu məsuliyyətdən qaçırırsa, bu da tamam başqa problemdir. Amerika Birləşmiş Ştatları kimi nəhəng bir dövlətə belə mənəviyyata malik insanlar da rəhbərlik edə bilərlər. Bu da təkcə Amerika Birləşmiş Ştatları üçün yox, dünya üçün təhlükə deməkdir".

Seçilən
33
sherg.az

1Mənbələr