Son günlər falçılıq “bazarı”nda böyük bir canlanma müşahidə olunur. Bəzi insanlar fala inanmadığını desələr də, lakin bunun əksini sərgiləyən mənzərə ortaya ortaya çıxır. Mütəxəssislər deyir ki, insanlar fitri olaraq dini-mistik istiqamətə meyilli olduqları üçün, bir çox mənfi qüvvələr də insanın bu yaradılış keyfiyyətindən məharətlə istifadə edir.
Bu gün falçılar öz “bizneslərini” genişləndirmək üçün kütlənin daha çox istifadə etdiyi sosial şəbəkələri vasitə seçib. Özlərinə ekstrasens, baxıcı, falçı kimi adları qoyaraq, insanların inamlarını qazanır, müxtəlif üsullarla pullarını mənimsəyirlər.
Elə bir neçə gün öncə Daxili İşlər Nazirliyi vətəndaşlara bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə etmişdir.
Mövzu ilə bağlı Gununsesi.info -ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, müxtəlif dövrlərdən bu günə kimi cəmiyyətdə müzakirə mövzusu olan bu əməl istisnasız olaraq dələduzluq sayılır:
“Falçılıq insanların etibarından, inamından sui-istifadə edərək, onlardan gəlir əldə etmək məqsədi ilə hər hansı fəaliyyət növü kimi qəbul olunur. Bu da şübhəsiz ki, hüquqa zidd davranışdır. İstər real həyatda olsun, istər də virtualda, bu bu fəaliyyətlə məşğul olanlar məsuliyyət daşıyır.
Rəqəmsal cəmiyyətdə yaşadığımız üçün bəzi fəaliyyət növləri həm də virtual həyata, sosial media platformalarında transfer olunur. Falçılıq da bu qəbildəndir. Rəqəmsal cəmiyyətdə yaşasaq da, insanlar arasında hələ də xurafat və fanatizmə meyillilik mövcuddur. Həmçinin bu əməllərə malik olan dələduzlar da. İnsanlar falçılara müxtəlif səbəblərdən müraciət edirlər. Onlar çətin durumlarda, labirint situasiyalara düşəndə vəziyyətdən çıxış yolları axtarırlar. Sanki suyun üzərində sabun köpüklərindən, saman çöpündən yapışmış kimi, hər şeyə cəhd etmək istəyir, çıxış yolları axtarırlar. Bu vəziyyətlərdə də fürsətcil, dələduz falçıların tələsinə düşür və qurbanlara çevrilirlər. Bu əməl dini baxımdan günah sayılır, elmi müstəvidə isə qeyri-qanuni və dələduzluq fəaliyyətidir. Ona görə dələduzlara şamil olunan hüquqi məsuliyyət həm də falçılara aiddir. Çünki onların da əməli birbaşa hüquqa ziddir.
İnsanlar başa düşməlidir ki, falçılıq dələduzluq əməlidir, onlara inanmaq, itaət etmək olmaz. Hər kəsə maraqlı olmalıdır ki, falçılar nələrəsə qadir olsalar, ilk növbədə özləri üçün çarə etməyi bacarmalıdırlar”.
Ü.Şəfiyev hesab edir ki, hüquqi baxımdan falçılıq ilə məşğul olanlara qarşı sərt təpkilər göstərilməli, bu kampaniya xarakterli deyil, ardıcıl və davamlı qaydada davam etməlidir.
“Bu gün nə cəmiyyət, nə də hüquq mühafizə orqanları tərəfindən falçılara qarşı tolerant münasibət göstərilə bilməz. Çünki bu, cinayət əməlidir və bu cinayətin qurbanları da kifayət qədər çoxdur. Təkcə paytaxtda deyil, bölgələrdə və rayonlarda da bu vəziyyət mövcuddur.
Təəssüf ki, sosial şəbəkələrdə də bu artıq mövcud vəziyyətdə özünü göstərir. Bəzi sosial şəbəkə istifadəçiləri düşünür ki, sosial platformada hüquq mühafizə orqanlarının nəzarəti yoxdur. Əbəttə, bu, yalnış düşüncədir. Onlar bilməlidirlər ki, real həyatda olduğu kimi, sosial şəbəkələrdə də hər kəs əxlaq və davranışlarına görə məsuliyyət daşıyır. Bu baxımdan, istifadəçilər bu məsələlərdə diqqətli olmalıdır. İstənilən sosial şəbəkənin neqativ tərəfləri və fəsadları var. Buna baxmayaraq, sosial şəbəkə platformaları üzərindən sağlam iş, təhsil kariyerasını quran yüzlərlə insan var. Sosial media və sosial şəbəkə platformalarının üstünlüklərindən, praqmatik faydalarından istifadə etmək daha məqsədyönlüdür. Bu gün sosial şəbəkə platformaları üzərindən sağlam iş, təhsil kariyerasını quran yüzlərlə insan var”, – deyə sosioloq bildirib.
Mütəxəssisin fikrincə, sosial media və sosial şəbəkə platformaları haqqında ayrıca bir qanun olmalıdır.
“Düzdür, Azərbaycanda “Media haqqında” Qanunun 10-cu, 14-cü maddəsi bu istiqamətdədir. Eyni zamanda, 2016-cı ildə Cinayət Məcəlləsinə bununla bağlı dəyişikliklər də olunub. Bu istiqamətdə sosial media və virtual fəaliyyətlə bağlı məsələlər də nəzərə alındı, “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edildi.
Daha sonra 2018-ci ildə ölkə başçısı tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun da imzalanıb. Bütün bunlara baxmayaraq, görürük ki, yenə də sosial media və sosial platformalarda hüquqa və əxlaqa zidd əməllər davam edir.
Bir daha qeyd edirəm, sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca bir qanun olmalıdır. Necə ki, bu qanun Türkiyə və bəzi Avropa İttifaqına daxil olan ölkələrdə var. Bu qanundan çıxış edərək, sosial marifələndirmə işləri aparılmalıdır ki, istifadəçilər də virtual aləmdə öz hüquqi məsuliyyətlərini dərk etsinlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova