Ermənistana hərbi kəşfiyyat materialları ötürülür, yeni eskalasiya üçün şərait yaradılır
Avropanın həm iqtisadi, həm də siyasi məngənədə sıxıldığı bir zamanda “köhnə qitə” son kartlarını oynamağa çalışır. Mərkəzi Avropada artan gərginliklərin bölgə üçün pozitiv gələcək vəd etməməsi fonunda, Qərb digər regionlarda da destabillik yaratmağa niyyətlənib. Fərqli “əsaslarla” və yollarla aparılan bu “kurs” Qərbin nəzarətindən kənarda baş verən və müstəqil siyasət yürüdən ölkələrin yeni iqtisadi nizam planına əsaslanan hadisələrə müdaxiləni hədəfləyir. Məsələn Cənubi Qafqaz üzərində konkretləşdirsək, Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra mühüm bir coğrafiya üçün yaratdığı iqtisadi-ticari imkanlar Qərbə, xüsusilə də Avropaya görə qəbulolunmazdır. Bu, müasir dövrdə yeni siyasi aktorların formalaşması ilə yanaşı, prosesi iqtisadi güc mərkəzinin dəyişməsinə qədər irəlilədə bilər. TDT üzvü ölkələr də daxil olmaqla sözüg?dən regionun iqtisadi potensialı yeni ticari düzənin formalaşmasında əsaslı rol oynamaq imkanındadır - Qərb üçün isə bu, qəbuledilməzdir.
Bunun qarşısını almaq üçün isə destruktiv alətlərdən maksimum istifadə olunur. Qeyd edilən iqtisadi-ticari “aortanın” ən mühüm stansiyalarından biri sayılan Cənubi Qafqazda təhlükəsizlik arxitekturasına zərər vurmaq üçün bütün yollar “sınaqdan” keçirilir. Hətta Ermənistanın əli ilə yeni müharibələrin başladılması belə Qərb üçün istisna plan sayılmır - Avropanın bəzi addımlarında bu faktor özünü açıq şəkildə göstərir.
Alət Ermənistan, hədəf sülhdür...
Məsələn, post-müharibə dövründə Fransanın və onun “partnyorlarının” Ermənistana aktiv silah transfer etməsi bu mənada diqqətçəkicidir. Son illərdə Fransa və Hindistan İrəvana kağız üzərində milyonlarla dollar dəyərində, əsl reallıqda isə demək olar ki, qarşılıqsız silah tədarük etməkdədir. Heç kim iddia edə bilməz ki, Fransa və ya Hindistan Ermənistana bu silahları yalnız və yalnız “sevgi” və “dostluq” səbəbilə yollayır - məsələnin alt məğzi aydındır: Həm Fransa, həm də onun “müttəfiqi” anlayır ki, bölgədə istər siyasi, istərsə də iqtisadi cəhətdən ən zəif bənd məhz Ermənistandır. Bu baxımdan da özlərinin “oyunlarında” alət olaraq məhz bu ölkəni seçirlər. Hədəf isə regionda planlaşdırılan sülh prosesi seçilir...
Milyonlarla dollar dəyərində...
Qısa faktlar əsasında Ermənistanın Fransa və Hindistandan əldə etdiyi silah sursata və onun qiymətlərinə nəzər salaq: İrəvan Fransadan 2019-2020-ci illərdə
- Hər biri 14 milyon avro dəyərində 3 ədəd “GM200” radar sistemləri;
- Ümumi dəyəri 20 milyon dəyərində olan “Bastion” zirehli transportyorları alıb.
2022-2023-cü illərdə isə iki ölkə arasında “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması üçün müqavilə imzalanıb. Nəzərə alaq ki, raket başlıqlarının hər biri 300 min dollar dəyərindədir.
Hindistana gəldikdə isə bu ölkə 2021-ci ildə İrəvana 4 ədəd Pinaka reaktiv yaylım atəşi sistemləri “yollayıb”. 2022-2023-cü illərdə isə Delhi İrəvana “Akaş” hava hücumundan müdafiə kompleksi, “ATAGS” və “MArG 155” özüyeriyən haubitsaları, “Konkurs” tank əleyhinə raketləri verib. Cari ildə verilən silahlara gəlincə isə bu, “Zen” pilotsuz təyyarələridir. Hindistan, həmçinin Su-30SM təyyarələrinin modernləşdirilməsi ilə də bağlı müzakirə aparır.
Qərbin aktiv silahlandırma fazasına yeni ölkələr də “daxil” olmaq istəyir. Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən S-300 və Rusiya istehsalı olan digər iki silah sistemini təhvil verməyə və onları İsrail istehsalı sistemlərlə əvəz etməyə hazırlaşır. Beləliklə də, Ermənistanın silahlandırılmasında yeni “adlar” peyda olmağa başlayır.
Aİ-nin “mülki” hərbi-kəşfiyyat qrupu...
Qeyd edildiyi kimi, Ermənistanın müharibəyə təhrik olunması boşuna deyil - Aİ regionda eskalasiya yaratmaq üçün bütün vasitələri hərəkətə keçirib. Silahlanma ilə yanaşı, Aİ Ermənistana həm də kəşfiyyat materialları ötürür - bir neçə ildir ki, Ermənistanda “xidmət aparan” və mülki missiya adı altında pərdələnən hərbi-kəşfiyyat qrupu məhz bu işlə məşğuldur. Aİ-nin Ermənistandakı “hərbi missiyası” Azərbaycan ?rdusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürür. Missiya üzvləri Ermənistan-Azərbaycan şərti sərhədi boyunca müntəzəm “monitorinqlər” aparır və bu zaman yüksək texnologiyalı avadanlıqlardan istifadə edir. Toplanan məlumatlar Ermənistan ordusu ilə bölüşülərək yeni müharibə planları üçün istifadə olunur. Mülki missiya nümayəndələri arasında hərbi keçmişə malik şəxslərin olması isə məsələdə heç bir şübhə yeri qoymur. Təsadüfi deyil ki, missiyanın tərkibi artıq 200 nəfərdən çoxdur. Missiyaya yeni qoşulanlar isə əsasən Avropa ölkələrindən olan hərbi və təhlükəsizlik üzrə mütəxəssislərdir. Missiyanın rəhbərliyində olan şəxslər arasında NATO ölkələrində kəşfiyyat və təhlükəsizlik xidmətlərində çalışmış şəxslər yer alır. Xüsusilə missiya rəhbərliyinin bəzi üzvlərinin Balkan münaqişələrində və Əfqanıstandakı NATO əməliyyatlarında iştirak etdiyi haqda məlumatlar var.
Ermənistan müharibə hazırlığındadır?
Nəticə etibarı ilə Qərb bölgədə bütün səylərini qarşıdurmalara kökləyib. Hədəf isə vurğulandığı kimi müzakirə edilən və hətta bir çox məqamları razılaşdırılmış sülh prosesidir. Hazırda atılan addımlar, Ermənistanın mövqeyi isə bir çox mənalarda müharibə hazırlığını xatırladır...
P.SADAYOĞLU