AZ

“Gürcü xalqı müdrik qərar verməyi bacaracaq” - rəy

Siyasi şərhçi: “Hansı dövlət və hakimiyyət Qərbin diqtəsi ilə hərəkət etmirsə, gözümçıxdıya salınır və...”

Qonşu Gürcüstanda son günlərdə yenidən baş qaldıran etiraz dalğası Azərbaycanda da yaxından izlənilir. Oktyabrın 26-dan bu günə qədər artan xətlə davam edən proseslər durmadan gərginləşir. Həbs edilənlərin sayı daha da çoxalmaqdadır. 

Ekspertlərin bu proseslərin hara qədər davam edəcəyi, hakim “Gürcü Arzusu” iqtidarına olan təhlükələr barədə ən müxtəlif fikirlərinə, proqnozlarına rast gəlirik. Xüsusilə Azərbaycan cəmiyyətində, müxalifət daxilində Gürcüstandakı hadisələrlə bağlı ikili mövqeyə rast gəlirik. 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu etiraz dalğasını təşkil etməklə Qərbin Gürcüstanda öz gücünü nümayiş etdirdiyini qeyd etdi, ictimai-siyasi durumun dramatikləşməyə doğru getməsinin aça biləcəyi fəlakətlərdən söz açdı: “Gürcüstanda müxalifətin və ölkə prezidenti Salome Zurabişvilinin, həmçinin beynəlxalq ictimaiyyətin, Qərb qurumlarının seçkinin nəticələrini tanımadıqlarını bəyan etməsi prosesləri daha da gərginləşdirir. Bir neçə gün öncə Qərbin basqılarına adekvat cavab verən baş nazir İrakli Kobaxidzenin Avropa Birliyi ilə danışıqları 2028-ci ilədək dayandırdığını bəyan etməsi sanki daxili gərginliyin yeni və daha təhlükəli fazaya keçməsinə bir bəhanə oldu. Artıq Gürcüstanı demək olar ki, hökumətə qarşı etiraz dalğası bürüyüb. Qərbin "Gürcü Arzusu" iqtidarına qarşı təzyiqləri intensivləşib və sərtləşməkdədir. Polislə nümayişçilər arasında bir neçə dəfə toqquşmalar baş verib. Zorakılıq halları artmaqdadır. Cərəyan edən hadisələr sanki Ukraynadakı ssenari üzrə gedir. Bildiyiniz kimi, 2014-cü ildə sabiq prezident Viktor Yanukoviçin Avropa İttifaqı ilə assosiativ sazişdən geri çəkilməsi ilə başlayan etirazlar onun hakimiyyətdən getməsi və Rusiyaya qaçması ilə nəticələndi.

Əli

Əli Orucov 

“Maydan hərəkatı” adı verilən həmin etirazlarda onlarla insan həyatını itirdi. Ardınca Rusiya Krımı ilhaq etdi. Ukraynanın digər əyalətlərində Moskva qondarma “respublikalar” yaratdı. Bununla da kifayətlənməyərək hərbi təcavüz etdi. Qərb-Rusiya arasında mübarizənin şiddəti ilk növbədə Gürcüstana və gürcü xalqına faciələrə yol açacaq. Müxalifətlə “Gürcü Arzusu” hakimiyyəti arasında ayırıcı xətlər getdikcə o qədər dərinləşir ki, bunun vətəndaş qarşıdurmasına, qan tökülməsinə hər an yaxınlaşacağı ehtimalını artırır. Gürcüstan uğrunda mübarizədə xarici güclər üçün heç də bu ölkənin gələcək taleyi, gürcü xalqının rifahı və təhlükəsizliyi o qədər də önəm daşımır. Onlar üçün Gürcüstanın geopolitik mövqeyi, region üçün əhəmiyyətli yerləşimi vacibdir. Gürcüstanın Qara dəniz hövzəsində yerləşməsi, Qərbin enerji şaxələndirilməsində və nəqliyyat-loqistika işləmlərində aktiv iştirakı və Qərblə Şərqi birləşdirən tranzit ölkə olması böyük güclərin diqqətini özünə cəlb edir. Eyni zamanda Qərb uzun illərdir ki, Gürcüstana külli miqdarda sərmayə yatırıb, müxtəlif ictimai və fəal qruplara maliyyə dəstəyi verib. Qərb mövqeli və Qərbin maraqlarına xidmət edən vətəndaş cəmiyyətləri və siyasi təsisatlar formalaşdırıb. Qərb düşüncəli yeni nəsil yetişdirilməsinə nail olub. Qərb Gürcüstanda ötən illər ərzində böyük təsir və təzyiq imkanları əldə edib. Göründüyü kimi, Qərb bir işarə ilə böyük bir etiraz dalğası yaradıb Gürcüstanda vəziyyəti mürəkkəbləşdirmək iqtidarında olduğunu ortaya qoydu. “Gürcü Arzusu”nun proseslərə həddindən artıq güc tətbiq etməsi və aşırı zoraklığa əl atması əks-effekt verə bilər və cəmiyyətdəki dayaqlarının da itirilməsinə gətirib çıxara bilər. İndiki durumu “xarici agentlər” və Rusiya qanunu adı verilən qanunun qəbulu zamanı yaranan etiraz aksiyası ilə qarışdırmaq olmaz. Bu gün Gürcüstanda baş verənlər həm də xarici güclərin prinsipial toqquşmasıdır və geri çəkilməkləri mövqelərinin itirilməsi ilə nəticələ bilər. Məncə, “Gürcü Arzusu”nun konfrontasiyadan qaçması müşahidə edilir. Hakim partiya Qərblə bəzən sərt tonda və ciddi ittihamlarla danışmasına baxmayaraq qarşıdurmadan çəkinir. Fikrimcə, baş nazir İrakli Kobaxidze elə bir variant tapmalıdır ki, Qərbin maraqlarının tam ziddinə olmasın və kompromislərə getməyə hazır olduğunu nümayiş etdirə bilsin".

Politoloq bir maraqlı məqama da toxundu: “Müşahidələrim onu deməyə əsas verir ki, hazırkı hakimiyyətin güzəştə getməkdən başqa çarəsi qalmayıb. Hazırkı hökumət rusiyayönlü adlandırılsa da, Moskvadan hər hansı bir dəstək alması barədə sübutlar yoxdur və təkbaşına uzun müddət ayaqda qala bilməz. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Gürcüstanın indiki hakimiyyəti barədə "onların öz fikirlərini müdafiə etmək üçün göstərdiyi cəsarət və xarakter məni heyrətləndirdi" kimi səsləndirdiyi sözlərdən başqa heç bir rəsmi mövqe ortaya qoyulmayıb. Hətta qulağa xoş gələn bu sözlər də Gürcüstan cəmiyyətində qıcıq yaratdı. Fikrimcə, Avropa Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinə başlayacağı müddətədək Gürcüstandakı prosesləri öz mənafelərinə uyğun həll etməyə cəhd edir. ABŞ Qərbin ənənəvi müttəfiqi olmasına baxmayaraq, Trampın yürütdüyü xarici siyasətin önündə ABŞ durduğundan mövqelər haçalanır. Fəaliyyətə başlayacaq prezident Trampın Gürcüstan və hazırkı hakimiyyətlə bağlı tutumu aydın deyil, ancaq Qərb üçün bu ölkə vacibdir. Qərb sanki əlində olan resursların tez hərəkətə keçməsini, hadisələrin qızışmasını istəyir, tələsir. Dekabrın 15-də Gürcüstanda yeni prezident seçilməlidir, sabiq prezident isə postundan getməyəcəyini deyir. Deməli, ziddiyyətlər kulminasiya nöqtəsinə doğru irəliləyir. Son dövrlər bir daha aydın oldu ki, Qərb üçün demokratik dəyərlər, insan haqları və s. kimi ibarələr əsl məqsədləri pərdələnmək üçündür. Və hər bir Cənubi Qafqaz ölkəsinə bu şablon sözlər spesifik yanaşmada tətbiq edilir. Tutaq ki, Ermənistan Rusiyanın siyasi, iqtisadi, hərbi, ticari müttəfiqidir. Qərblə Rusiya arasında ikili oyun oynaya bilir. Ancaq Ermənistan rusiyapərəst olmur. Lakin Gürcüstan Moskva ilə heç bir əlaqəsi, hətta diplomatik münasibətləri olmadığı halda Rusiyaya meyillilikdə suçlanır. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, hansı dövlət və hakimiyyət müstəqil xarici siyasət yürüdürsə, öz dövlətinin və milli maraqlarının təmin edilməsinə təşəbbüs göstərirsə, Qərbin diqtəsi ilə hərəkət etmirsə, gözümçıxdıya salınır və daxili səbatsızlıq yaradılır. Gürcüstanda cərəyan edən hadisələrin regiona təsirinin olacağı mümkündür. Həmçinin qonşu ölkə ilə sıx əlaqələrə və geniş əməkdaşlığa malik Azərbaycana da təsiri ehtimal olunur. Söhbət daha çox humanitar təsirdən gedə bilər. Əgər qarşıdurma şiddətlənsə və bu, silahlı toqquşmalara gətirib çıxarsa, bu, Gürcüstanda yaşayan 750 min soydaşımız üçün də ciddi risklər yarada bilər və sərhədlərin bağlı olmasına rəğmən müəyyən problemlərə yol açar. Ancaq düşünmürəm ki, vəziyyət o həddədək inkişaf etsin. Təsadüfi deyil ki, qonşu ölkədəki hadisələr Azərbaycan cəmiyyətində və cəmiyyətin fəal siyasi kəsimi olan siyasi partiyalar tərəfindən də izlənməkdədir. Xüsusən də müxalifət düşərgəsində buna fərqli baxışlar var. Bəziləri zorakılıqların, hakimiyyət dəyişikliyinin güc yolu ilə reallaşmasına meyillidir. Ancaq hesab edirəm ki, bu düzgün yol deyil. Gürcü xalqının iradəsinə, onun qüruruna və milli-mənəvi dəyərlərinə hörmətlə yanaşılmalıdır. Nəinki gürcü xalqının, bütünlükdə hər bir dövlətə və hər bir xalqa bərabəhüquqlu və dostyana münasibət göstərilməlidir. Suveren hüquqları tanınmalıdır. Təəssüflər olsun ki, Qərb tərəfdən Azərbaycana qarşı da ögey və qeyri-məqbul münasibət sərgilənməkdədir və bu hal demokratik dəyərlər uğrunda uzun illərdir ki, mübarizə aparan qüvvələri də Qərbdən uzaqlaşdırır. Hesab edirəm ki, gürcü xalqı müdrik qərar verməyi bacaracaq və ölkəni siyasi krizisdən, daxili qeyri-sabitlikdən itkisiz çıxara biləcək". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
11
musavat.com

1Mənbələr