Cəmiyyətimizdə ən böyük problemlərdən biri hüquqi məsələlərlə bağlı məlumatsızlıqdır.
İnsanlarımız nədənsə hüquqi proseslərə laqeyd yanaşır, ciddi qəbul etmirlər. Hətta ən vacib nüansların qeyd edildiyi müqavilələri oxumadan imzalamaq artıq normal hal alıb. Sonra iş yerində əməkhaqqı kəsiləndə, hansısa müəssisə əlavə ödəniş tələb edəndə insanların əli-qolu bağlı olur.
Niyə müqavilələri oxumuruq?
Vəkil Rəşad Əliyev Bizim.Media-ya bildirib ki, müqavilələrin tərtibatı insanalara qəliz gəlir deyə oxumağa maraqlı olmurlar:
“Bəzən müqavilələrin çox böyük olması, hüquqi dildə yazılması, kiçik ölçülü şriftlə çap olunması səbəbindən vətəndaşlar müqaviləni oxumadan imza atırlar. Bu isə gələcəkdə bir çox problemlərə, o cümlədən vaxt və maddi itkilərə səbəb olur.
Yəni şəxs müqavilə şərtləri ilə hansı öhdəlikləri daşıdığını bilmir, həmin vəzifə və öhdəliklərin yerinə yetirilməməsi isə onun ziyanına olur. Yaxud da müqavilədə qeyd olunan hüquqlarını bilmədiyindən qarşı tərəf müqavilə şərtlərindən kənar hərəkət etdikdə ona müdaxilə edə bilmir”.
Müqavilələri diqqətlə oxumağın vacibliyi
Müqavilələri sadəcə rəsmiyyət kimi qəbul etməməliyik. O həm də hüquq və vəzifələri aydın formada izah edən sənəddir. İnsanlar bəzən banklardan pul götürərkən pulu tez alsınlar deyə imzanı cəld atırlar, işə tez başlasınlar deyə müvafiq sənədləri imzalamağa tələsirlər.
Rəşad Əliyev vurğulayır ki, bu müqavilələr təkcə adi rəsmiləşdirmə deyil:
“Müqavilə tərəflər arasında yaranan mülki hüquq münasibətlərini tənzimləmək üçün imzalanan sənəddir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilədə predmetlə yanaşı, tərəflərin hüquq və vəzifələri, öhdəlikləri, müqavilənin dəyişdirilməsi, ləğvi, qüvvəyə minmə və qüvvədə olma müddəti, və s. şərtlər olduğundan, tərəflərin həmin sənədi diqqətlə oxuması və şərtlər onu qane etdiyi halda imzalaması vacibdir”.
Hüquqşünas məsləhəti
Vəkil, müqavilənin dilini anlamadığınız halda imzalamadan öncə hüquqşünasa müraciət etməyi tövsiyə edir:
“Ona görə də, hər hansı müaviləyə imza atarkən mütləq qaydada şərtlərlə tanış olmaq lazımdır. Xüsusilə, tərəflər arasındakı müqavilənin predmetində maliyyə dövriyyəsi, yaxud hər hansı ödənişlə bağlı əməliyyatlar varsa, bu halda hüquqşünasla məsləhətləşilsin, daha yaxşısı onun iştirakı ilə imza atsın”.
Nuray, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta