AZ

Böyük perspektivə malik əməkdaşlıq

Ölkə daxilində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çoxsaylı layihələr reallaşdıran Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini də davamlı olaraq genişləndirir. Fond bu yolla bir tərəfdən Azərbaycanın dövlət siyasətinə sanballı töhfələr verir, digər tərəfdən isə ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında, milli mədəniyyətimizin dünyada təbliğində mühüm rol oynayır. Elə bu günlərdə Fondun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.

Yüksək səviyyədə olan ikitərəfli münasibətlər

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğuna xüsusi diqqət çəkilib və əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Səudiyyə Ərəbistanı Azərbaycana dost olan ölkələr sırasında yer alır. Tarixi mənəvi-dini bağlılıq iki ölkənin yaxınlaşmasında mühüm rol oynayan amil qismində çıxış edir. Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Hər iki ölkənin dövlət başçılarının səyi nəticəsində əlaqələrimiz daha da inkişaf edir.  Bir sıra beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələr quran Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Xüsusilə, ticarət sahəsindəki əlaqələr sürətlə genişlənir. Eyni zamanda, bu ölkə Qarabağda bərpa-quruculuq, minatəmizləmə işlərinə öz töhfəsini verir. Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verib və buna görə Ermənistanla əlaqələr qurmayıb.

İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük perspektivləri var. Bir qədər bundan əvvəl respublikamızın böyük uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb. İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur.

İslam həmrəyliyinə verilən davamlı töhfələr

Görüşdə Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə də gələcək birgə layihələr istiqamətində müzakirələr aparılıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı İslam dünyasının önəmli dövlətlərindən biridir. O cümlədən müstəqil Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda geniş coğrafiyanı əhatə edən İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsi xətti xüsusi yer tutur. Ölkəmiz davamlı olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfələrini verir.

Heydər Əliyev Fondu da bu istiqamətdə daim yeni təşəbbüslər irəli sürür. Qeyd etmək yerinə düşər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlıq əlaqələri getdikcə dərinləşir. Azərbaycan 1991-ci ildən bu gün sıralarında 50-dən çox dövləti birləşdirən ?CESCO-nun üzvüdür. Əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük önəm verən respublikamız indiyədək qurumun  bir sıra mühüm tədbirlərinə uğurla ev sahibliyi edib. Bu sırada müxtəlif illərdə Bakıda keçirilmiş “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfransı (1-2 noyabr 2007-ci il), “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forumu (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransını (6-7 oktyabr 2008-ci il), “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət ilinin açılış mərasimini (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransını (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammitini (26-27 aprel 2010) və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarını xüsusilə qeyd edə bilərik. Cari ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO -nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan- ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib. Bütövlükdə, gələcək əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. 2024-cü il 11 may tarixində Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.

Mübariz ABDULLAYEV

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr