AZ

Rustaveli prospektində rəngli inqilab kabusu

Qərb Gürcüstanda hakimiyyəti zorakılıqla dəyişdirməyə çalışır

Bu gün Gürcüstanda baş verənlər Qərbin siyasi maraqlarını, hikkə və hiddətini anlamaq baxımından çox maraqlıdır. Paytaxt Tbilisinin hazırkı halı “rəngli inqilablar” dövrünün ən gerçək mənzərələrindən biridir. Hakim partiya seçkilərdə qalib gəldikdən sonra dövləti “vassallıqdan” qurtarmağa istiqamət alır, müxalifət isə Qərbin ən azı mənəvi-siyasi dəstəyinə arxalanaraq, seçkinin nəticələrini tanımır və ölkənin yeni dövrə transformasiyasının qarşısını almaq üçün etiraz aksiyalarını gücləndirir və güc tətbiq etməklə səsvermənin nəticələrini dəyişməyə cəhd edir...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə qətiyyətlə bildirir: “Biz Avropa İttifaqına dilənçi kimi diz üstə yox, işlək demokratik sistem və güclü iqtisadiyyatla, layiqli şəkildə daxil olmaq fikrindəyik”.

Hadisələrə obyektiv prizmadan yanaşan analitiklər bu cür taktikaların uğurlu olmasının iki şərtini irəli sürürlər. Birincisi, hakimiyyətə müxtəlif yollarla təzyiq göstərən kənar “patronun” fəal mövqeyidir. İkincisi, hakimiyyət bu “patron”la münasibətlərin çətinləşdirməyin təhlükəli olduğunu dərk edir. Gürcü iqtidarı anlayır ki, Qərb situasiyaya ciddi şəkildə qarışmağa hazırdır. Ona görə də hakim dairələr müəyyən həddə qədər müqavimət göstərməyin mümkünlüyünü başa düşür.

Bəs müxalifəti gücləndirən nədir? Saakaşvilinin hakimiyyəti illərindən başlayaraq, hələ bəlkə də ondan bir qədər də əvvəl, Qərb QHT-ləri maliyyələşdirmə mexanizmi vasitəsilə bu dövlət içərisində sürətlə öz dayaqlarını qurmağa başladı. Bu ona imkan verirdi ki, onun maraqları üçün təhlükə yarandığı məqamlarda öz gündəliyini qəbul etdirmək üçün maliyyələşdirdiyi QHT-lər vasitəsilə vətəndaş qarşıdırması yaratsın və hətta prosesi vətəndaş müharibəsi həddinə çatdırsın. QHT-çilərdən ibarət manqurtlaşan dəstələr, LGBT və ifrat liberal sağçı düşərgələr vasitəsilə cəmiyyəti, əslində isə hakimiyyəti idarə etməyə çalışırlar. Diqqət etsək görərik ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması haqqında söhbət belə getmir.

Qərbin təzyiqləri siyasi şantaj tədbirlərindən başlayır. Qismən Azərbaycana göstərilən cəza tədbirləri kimi, Aİ və ABŞ “Gürcü arzusu”nu tənqid edir və onun kursundan dərin məyusluğunu bildirir. Deklarativ sanksiyalar və Aİ-yə üzvlük prosesinin dayandırılması kimi simvolik tədbirlər görülür. Avroatlantik media mühitində Gürcüstan münaqişəsi “Rusiyayönlü və Qərbyönlü” qüvvələrin qarşıdurması müstəvisində təsvir olunur.

Həqiqətdə isə Gürcüstandakı gerçək vəziyyət heç kəsi maraqlandırmır. İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi hakim siyasi elitanı narahat etməyə başlayır.

Aİ-nin Gürcüstandakı səfiri canişin kimi davranır. Qərb ölkələri demokratik yolla seçilmiş hökumətə qarşı hibrid müharibə aparırlar. Təzada baxın, Çini, Rusiyanı və digər ölkələri hibrid müharibələrdə günahlandıran Qərb özü Gürcüstanın daxili işlərində söz sahibi olmağa çalışır.

Hazırkı Gürcüstan hökumətinin mövqeyinə gəlincə isə, onların böyük tərəfdaşlarından nəzərəçarpacaq qorxusu yoxdur. Etiraf edilməlidir ki, Tbilisinin 2022-ci ildən başlayaraq Qərbə qarşı siyasəti təkcə müstəqilliklə məhdudlaşmır, həm də bəzi yerlərdə kifayət qədər cəsarətlidir. Görünür, İvanişvili və onun tərəfdaşları başa düşürlər ki, Qərbin təkcə fərqli prioritetləri deyil, həm də artıq bir qədər fərqli imkanları var. “Gürcü arzu”su əmindir ki, müxalifət tərəfdarları kimi səs-küylü olmasa da, əhalinin böyük hissəsi onu həqiqətən dəstəkləyir. Unutmaq olmaz ki, keçmiş SSRİ-nin bir sıra ölkələrindən fərqli olaraq, Gürcüstanda siyasi rəqabət həmişə var, amma hakimiyyət daim bir addım irəlidədir.

***

ABŞ-də Trampın prezident seçilməsinin yaratdığı bir qədər qeyri-müəyyənliyə baxmayaraq, əvvəlcədən də Qərbin Gürcüstanda hakimiyyətin dinc yolla ötürülməsinə qəti şəkildə qarşı çıxacağı şübhə doğurmurdu.

Gürcüstanda seçkilərinin başa çatmasından sonra diqqətlə izlədiyimiz hadisələrin gedişatı 2013-cü ilin noyabrında başlayan və nəticədə 2014-cü ildə Ukraynada çevrilişlə nəticələnən Kiyevin “Avromaydanı”nı praktiki olaraq təkrarlayır. Üzlərini gizlədən, ətrafdakı hər şeyi sındırıb yandıran “dinc nümayişçilər”, müxalifətin “günahsız uşaqları döymək” ittihamları və Qərb diplomatlarının Tbilisinin guya “həddindən artıq güc tətbiq” etməsi ilə bağlı qəzəbli bəyanatları, bir sözlə hər şey eyni ssenarinin rəng çalarlarıdır.

Bəzi ekspertlər zorakılıq ssenarisinin başlamasının səbəbini qismən Gürcüstan hakimiyyətinin atdığı addımlarla izah edirlər. “Hakimiyyət kəskin siyasi bəyanatlar vermədən müxalifəti tədricən yeni seçilmiş parlamentin tanınmasına gətirib çıxarmaq və ilin sonuna kimi prezidentin yenidən seçilməsi prosesini başa çatdırmaq əvəzinə, obrazlı desək, Qərbə “xəncər çəkmək” qərarına gəlib”.

Noyabrın 28-də baş nazir İrakli Kobaxidze deyib: “Bu gün biz 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması məsələsini gündəmə gətirməmək qərarına gəldik”. Onun sözlərinə görə, Gürcüstan avropalı bürokratlara göstərməlidir ki, onunla “şantaj və təhqirlə deyil, ləyaqətlə” danışmalıdırlar, ona görə də Gürcüstan üçün “Aİ-yə inteqrasiyanı sədəqə hesab etmək qəti şəkildə qəbuledilməzdir”.

Kobaxidzenin sözlərinə görə, əvvəllər Gürcüstanda qəbul edilmiş xarici agentlər haqqında qanuna görə müzakirələri dayandıran Aİ rəhbərliyi danışıqlar prosesindən “ölkəmizi şantaj etmək və cəmiyyəti parçalamaq üçün alət” kimi istifadə edir və Gürcüstandan islahatlar deyil, “yalnız ləyaqətimizdən imtina edib addımlar atmağı tələb edir”. Bu, ləyaqətin inkarı deməkdir: “Bu, QHT-lərin şəffaflığı haqqında qanunun ləğvi, LGBT təbliğatına qarşı qanundan imtina, sanksiyalar tətbiq etmək və Gürcüstan iqtisadiyyatını öz əlləri ilə çökdürmək, eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması və s.” kimi tələblərdir. Kobaxidzenin təmsil olunduğu hakim “Gürcü arzusu” partiyası əmindir ki, 2028-ci ilin sonuna qədər ölkə Brüssellə bərabər şərtlərlə danışıqlara başlamağa iqtisadi cəhətdən hazır olacaq və Aİ ilə Assosiasiya Sazişində əks olunmuş öhdəliklərin 90 faizindən çoxunu yerinə yetirəcək.

Baş nazirin bu sərt, ancaq ədalətli bəyanatı açıqlanan gün Avropa Parlamenti Gürcüstandakı vəziyyətlə bağlı qətnamə qəbul etdi və bu sənəddə oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar seçkilərin keçirilməsi, o cümlədən gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiq edilməsini tələb etdi. Bu siyahıya parlamentin spikeri Papuaşvili, Baş nazir Kobaxidze və hakim “Gürcü arzusu” partiyasının lideri Qaribaşvili daxil edildi.

Əvvəla, Gürcüstandakı parlament seçkiləri Avropa institutlarının müşahidəçi missiyalarının nəzarəti altında həyata keçirilib və müşahidəçilər nəticələri artıq keçərli kimi tanıyıblar. Əcəba, indi nə baş verib ki, fikirlərini dəyişiblər? Nədən indi qətnamədə qeyd edilir ki, “Avropa Parlamenti parlament seçkilərinin hər hansı bir formada tanınmasını rədd edir və seçkilərin bir il ərzində yenidən keçirilməsinə çağırır, proses təkmilləşdirilmiş seçki mühitində... həqiqətən ədalətli və şəffaf seçki prosesini təmin etmək üçün beynəlxalq nəzarət altında keçirilsin...”

Doğrudanmı, özlərini demokratiya carçısı kimi göstərən Avropa institutları bu qədər alçalmış oldular ki, öz müşahidəçilərinin qərarlarına belə tüpürüb, yararsız kağız kimi bir kənara atdılar?

Və heç bu olmamış kimi, praktik olaraq, eyni vaxtda Brüssel və Vaşinqton gürcü müxalifətinə Tbilisidə və digər şəhərlərdə etiraz aksiyalarına başlamağa icazə verdi və bu, hakimiyyətlə davam edən şiddətli qarşıdurmaya yol açdı.

Baş nazir Kobaxidze alovlanan ehtirasları söndürmək üçün noyabrın 29-da bəyan etdi ki, “biz öz Avropa kursumuza sadiqik”. Hökumətin başçısı həmçinin Gürcüstanın Aİ-yə assosiativ üzvlüklə bağlı öhdəliklərini yerinə yetirməyə hazır olduğunu da təsdiqlədi və əgər Aİ 2028-ci ilin sonuna qədər danışıqlara başlasa, o zaman 2030-cu ilə kimi ölkə üzvlüyə hazır olacaq. Buradan aydın görünür ki, hakimiyyət Gürcüstanın Avropaya bağlı gələcəyini şübhə altına almır.

Lakin müxalifət bu sözləri dinləmək istəmir və artıq çevrilişin çarxı işə düşüb. Etirazçılar hər gün şəhərin mərkəzində barrikadalar qurur, parlament binasına və polisə daş atırlar. Üstəlik, Kiyevdəki Avromaydan zamanı olduğu kimi, Tbilisidə də “dinc nümayişçilərin” hərəkətlərindən təhlükəsizlik qüvvələrinin artıq onlarla nümayəndəsi zərər çəkib.

Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, parlamentin yaxınlığında keçirilən etiraz aksiyası mitinqlər və nümayişlər haqqında qanunda nəzərdə tutulmuş çərçivəni aşıb və tamamilə zorakılıq xarakteri alıb. Lakin bu, etirazçıların hərəkətlərini dayandıra bilməyib.

Kütlənin emosiyalarına daha güclü təzyiq göstərərək hakimiyyətin Aİ-yə inteqrasiya etmək istəmədiyini vurğulayan müxalifət etiraz aksiyalarının şiddətini getdikcə artırır. Bu müxalifətin önündə isə qərbyönlü Gürcüstan prezidenti Zurabişvili dayanır. Onun səlahiyyətləri dekabrın ortalarında başa çatır. Yeni prezident seçkiləri dekabrın 14-nə və andiçmə mərasimi dekabrın 29-da keçirilməlidir. Zurabişvili isə yeni seçilmiş parlamenti tanımır və ona görə də vəzifəsini tərk etməkdən qəti şəkildə imtina edir.

Qarşıdurmanı qızışdıran və faktiki olaraq dövlət çevrilişinə çağıran Zurabişvili noyabrın 30-da deyib: “Mən sizin prezidentiniz olaraq qalıram! Qanuni parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”.

Əlbəttə, biz də etiraf edirik ki, baş verən hadisələr Gürcüstanın daxili işidir, kənar qüvvələr və ölkələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Gürcü xalqı Qərbin və xüsusən də vaxtilə Fransa vətəndaşı olan və Fransa XİN-də çalışan, əslində Makronun agenti kimi Gürcüstanda prezident kürsüsünə yol tapan Zurabaşvili və Qərbin digər emissarları ilə üz-üzə qalıb.

Bu azmış kimi Qərb ölkələrinin bəyanatları da eynilə 10 il əvvəlki məzmunda səslənməkdə davam edir. Noyabrın 30-da ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bildirərək deyib: “Gürcü xalqı Avropa ilə inteqrasiyanı böyük üstünlüklə dəstəkləyir. Birləşmiş Ştatlar toplaşmaq və ifadə hüquqlarını, o cümlədən dinc etiraz azadlığını həyata keçirmək istəyən gürcülərə qarşı polisin hədsiz güc tətbiqini pisləyir”. Fransa, Baltikyanı ölkələr, Rumıniya və digər Avropa dövlətləri də eyni məzmunda bəyanatlar verərək hadisələri daha da qızşdırmağa, etirazçıları hakimiyyətə qarşı daha sərt tədbirlərə əl atmağa vadar edirlər.

Görəsən, Parisin paytaxtında polislər sarijiletli etirazçıları ayaq altına salıb başlarına dəyənəklə zərbələr endirəndə, ABŞ Dövlət Departamenti nədən buna diqqət yetirmirdi? Olmaya, Fransada, başqa Avropa ölkələrində belə hallar demokratiya sayılır, amma Gürcüstanda insan haqlarının pozulması? Qərb nə vaxta qədər bu ikili standartlarla qeyri-qərbə “ağıl verməyə” davam edəcək?

Ukrayna hadisələri zamanı da Qərb diplomatik departamentləri tərəfindən “dinc nümayişçilərə” qarşı “repressiya” ilə bağlı “polisin həddən artıq güc tətbiqinin pislənməsi” ilə əlaqədar eyni “narahatlıq” ifadə edilirdi. Kiyevdə “Avromaydan”ın məhz Ukraynanın keçmiş prezidenti Yanukoviçin Aİ ilə assosiativ sazişin imzalanmasını təxirə salmaq qərarından sonra necə başladığını xatırlasaq, Gürcüstandakı vəziyyətin də növbəti “ukraynalaşma” riski altında olduğunu aydın görə bilərik. Bu, Gürcüstan dövlətçiliyi üçün açıq-aydın təhlükə deyilmi? Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, indi də Gürcüstan üçün eyni ssenariləri cızır. Qafqazı ümumi evimiz hesab edən bizlər əminik ki, gürcü xalqı müdriklik nümayiş etdirəcək və heç bir xarici qüvvənin əlində alət olmayacaq.

Gürcüstanın Baş naziri Qərb institutlarının bəyanatlarına reaksiya verərək, onları “Gürcüstan cəmiyyətində anti-Avropa əhval-ruhiyyəsini oyadan zorakı və əsassız etirazları təşviq etməyi dayandırmağa” çağırıb. Kobaxidzenin sözlərində böyük həqiqət var. Qərb siyasətçiləri “milli maydan”ı və Gürcüstanın ukraynalaşdırılmasını təbliğ etməyə çalışırlar… Gürcüstan davamlı olaraq Avropaya inteqrasiya yolu ilə gedən güclü institutlara malik dövlətdir. Gürcüstanı müharibəyə sürükləmək üçün davamlı cəhdlərə baxmayaraq, biz ölkəmizin ukraynalaşdırılmasından qaça bildik və sülhü qoruya bildik”. O, etirazçıların zorakılığını avropalı siyasətçilərin və “4 siyasi partiyanın təmsil etdiyi beşinci kolon olan yerli agentlərin” üzərinə atıb.

Bütün gedişat Ukrayna “Avromeydanı” hadisələri ilə o qədər oxşardır ki, Baş nazir Kobaxidze noyabrın 30-da bunu xüsusi qeyd edib: “2013-cü ildə Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir. Maydan ssenarisi Gürcüstanda həyata keçirilə bilməz”. Baş nazirin bu cəsarətli və qətiyyətli bəyanatı, heç şübhəsiz öz ölkəsini son dərəcə ciddi təhlükələrdən qorumağa yönəlib. Müstəqillik yaşı Azərbaycanla eyni olan, ölkəmizlə bir çox məsələlərdə eyni tale yaşayan Gürcüstanın Qərb tərəfindən bu formada qeyri-sabitliyə sürüklənməsi Azərbaycan üçün qəbuledilməzdir və regionda sabitlik üçün təhlükədir.

Qərbin təzyiqi və təşkilatçılığı ilə bunun həm də Tbilisidə çevrilişlə yekunlaşa biləcəyi və sonrakı “demokratik” parlament seçkilərinin Avropayönlü partiyalar tərəfindən hakimiyyətin ələ keçirməsi tamamilə proqnozlaşdırıla bilər. Amma gürcü politoloqu, “SIKHA” Fondunun təsisçisi Arçil Sixarulidze hesab edir ki, Gürcüstandakı hazırkı etirazlar hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq, bunun üçün təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçməsi lazımdır.

Politoloq eyni zamanda “Gürcü arzusu” partiyasının rusiyayönümlü kursu ilə bağlı ittihamları əsassız sayır – o, xüsusilə, Gürcüstanın 2014-cü ildə Aİ ilə Assosiasiya Sazişi imzalamasının məhz “Gürcü arzusu”na uyğun olduğuna diqqət çəkib. 2017-ci ildə ölkənin NATO və Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı müddəa Konstitusiyaya daxil edilib. Sixarulidze deyib: “Məsələ ədalətli və ya saxta seçkilərdə deyil, Gürcüstanın Qərblə Rusiya Federasiyası arasında geosiyasi qarşıdurmada iştirakından gedir. Avropa İttifaqı indi seçkiləri tanımadığını deyə bilməz, çünki Qərb institutlarından olan müşahidəçilər artıq seçkiləri məqbul kimi tanıyıblar. Ona görə də indiki açıqlamaları ilə bu hakimiyyətə hansısa formada təsir göstərməyə çalışırlar”.

Əlbəttə, yaxın günlərdə Gürcüstanın hansı yolu tutacağı bəlli olacaq, amma ümid edirik ki, bu, Ukrayna yolu olmayacaq.

İlqar RÜSTƏMOV
XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr