Azərbaycan Milli Elmlər Akademiyasında “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda 2 günlük III Beynəlxalq Türkoloji Konqresinin açılış mərasimi keçirilib. Beynəlxalq mərasim Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə təşkil olunub.
AMEA-nın Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova “XQ”-yə bildirib ki, konqres Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb. Əsas məqsəd başda Azərbaycanın Şuşa şəhəri olmaqla, Türk-İslam mədəniyyətinin inkişafında əhəmiyyətli yer tutan mədəniyyət mərkəzlərinin, milli kimliyin formalaşmasında və mədəni irsin qorunmasında oynadığı rolun vurğulanmasıdır. Bu məqsədlə konqresdə bir sıra mühüm mövzuların müzakirə edilməsi planlaşdırılır. Bunlar arasında Türk dünyasında mədəni irsin rolu, sivilizasiya quruculuğundakı əhəmiyyəti və s. məsələləri yer alır.
Beynəlxalq konqres mövzuya akademik və multidisiplinar yanaşma təqdim etməyi, bu sahədə həyata keçirilən tədqiqatları elmi mühitə daxil etməyi, mədəni irsin funksional aspektlərindən bəhrənərək milli kimliyin formalaşmasında onun rolunu vurğulamağı da hədəfləyir. Müxtəlif baxış bucaqlarından yeni müzakirələr üçün platforma yaratmaq və Türkiyə, Azərbaycan, Özbəkistan kimi əməkdaşlıq edən ölkələrin akademik institutları arasında elmi əlaqələri möhkəmləndirərək inkişaf etdirmək də tədbirin prioritetləri sırasındadır. Bu çərçivədə dil, ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət, miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və digər sahələrdə müxtəlif mövzuların araşdırılması konqresin mühüm hədəflərindən biridir.
AMEA Rəyasət Heyətinin binasında konqresin plenar iclası keçirilib. Konqresin bölmə iclasları işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında davam etdirəcək. Beynəlxalq mərasimdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası başda olmaqla, ümumilikdə, 10-dan çox ölkədən 100-dan çox elm adamının məruzəsi dinlənlənəcək, türkologiyanın müasir problemləri ilə bağlı geniş müzakirələr aparılacaq.
N.QƏDİMOĞLU
XQ