AZ

Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir kimdir? - DOSYE

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Prof. Dr. Birol Akgün, beynəlxalq əlaqələr və siyasi elmlər sahəsində tanınmış akademik və təcrübəli idarəçidir.

Musavat.com xəbər verir ki, 1968-ci ildə Manisanın Soma ilçəsində anadan olan Akgün, ilk və orta təhsilini burada tamamlayıb.

1993-cü ildə Ankara Universiteti Siyasal Bilgiler Fakültəsi Kamu Yönetimi Bölümünü bitirib. 1994-cü ildə Milli Eğitim Bakanlığının rəsmi təqaüdü ilə ABŞ-a gedərək, Case Western Reserve Universitetində siyasət elmi üzrə magistr (1996) və doktorantura (2000) dərəcələrini alıb. 

Türkiyəyə döndükdən sonra, Selçuk Universiteti İqtisadi və İdari Bilimlər Fakültəsi Beynəlxalq Əlaqələr Bölümündə müəllim kimi fəaliyyətə başlayıb. 2001-ci ildə dosent, 2009-cu ildə isə professor elmi dərəcələrini qazanıb. Daha sonra Yıldırım Beyazıt Universiteti Siyasal Bilgiler Fakültəsi Beynəlxalq Əlaqələr Bölümünün rəhbəri vəzifəsində çalışıb. 

Prof. Dr. Birol Akgün, 2016-cı ildən etibarən Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri olaraq, Türkiyənin beynəlxalq təhsil sahəsindəki fəaliyyətlərinə rəhbərlik edib. Bu vəzifədə, dünyanın müxtəlif ölkələrində təhsil müəssisələrinin qurulması və idarə olunmasında mühüm rol oynayıb. 

Akgün, siyasi sosiologiya, diaspora və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı elmi nəşrlərin müəllifidir. 

Türkiyənin Azərbaycana yeni səfiri olaraq təyin edilən Prof. Dr. Birol Akgün, iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Onun geniş akademik biliyi və idarəçilik təcrübəsi, bu vəzifədə uğurlu olacağına işarə edir.

"Yeni Müsavat" Media Qrupu qardaş ölkənin yeni səfirinə böyük uğurlar arzu edir.

Musavat.com

Seçilən
24
4
musavat.com

5Mənbələr