AZ

"Mənim İmişlidə evim yoxdur. O, hotel idi" - Razi Nurullayev “Onun 10 cavabı”nda

AZXEBER.COM-un \"Onun 10 cavabı” rubrikasının qonağı Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevdir.

Razi Nurullayev ona ünvanlanan 10 sualı cavablandırıb.
 


1. Razi bəy, xoş gördük. İstərdim müsahibəyə mediaya münasibətinizdən başlayaq. Mediaya ən açıq, eyni zamanda da medianı ən çox tənqid edən deputatlardansınız. Bu ziddiyyət nədən doğur? Sizcə, nəyə görə, mətbuatda ən çox tənqid olunan məhz mediaya açıq şəxslər olur? 

- Çünki bizim mediadan, medianın da deputatdan gözləntisi çoxdur. Biz bir-birimizin maraqlarını təmin etməyə çalışırıq. Mən ümumiyyətlə, medianın yazmasının, medianın yaxşı işləməsinin, ümumiyyətlə, məlumat almasının tərəfdarıyam. Amma Azərbaycanda media da tam olaraq qərəzsiz deyil. Professional media var, amma təəssüflər olsun ki, müxtəlif hərflərin birləşməsindən yaradılan minlərlə səhifələr var və onlar özlərini ciddi media kimi göstərmək yolunu tutsalar da, bir çoxu şantajla məşğuldur, reketlə məşğuldur, müxtəlif, mediaya aid olmayan işlərlə məşğuldurlar və onlar yerli-yersiz nəyinsə müqabilində və nəyə görəsə yaxud kiminsə tapşırığı ilə ayrı-ayrı adamları hədəfə alırlar. Bəzən mən mediaya açığam və görürəm ki, bir çox media orqanları bundan sui istifadə edir və bəzən sənin illər boyu yığdığın bir baqajı, siyasi baqajı bir saatın, bir dəqiqənin içərisində məhv etmək yolunu tutmaq istəyirlər. O baxımdan mənim artıq mediaya o qədər də belə güvənim qalmayıb. Təbii ki, mənim hürmət qoyduğum, həmişə heç zaman imtina etmədiyim medialar, jurnalistlər var. Mən onların fəaliyyətinə dəstək verirəm, verəcəm də. Amma təəssüflər olsun ki, artıq media da əvvəlki media deyil.

2. Faktdır ki, cəmiyyətdə ən çox tənqid olunan şəxslər məmurlar və deputatlardır. Ancaq Milli Məclisdəki çıxışlara baxanda görürük ki, deputatlar çox vaxt tənqidi fikirlər səsləndirir, sosial problemləri dilə gətirirlər. Bəs, niyə görə cəmiyyətdə deputatlara qarşı bu qədər aqressiya müşahidə edilir?

- Bəli, deputatlara, məmurlara, siyasətçilərə - bir sözlə vəzifəli şəxslərə qarşı aqressiya var. Bunun qarşısını almaq olmur. Əslində, bu meyl bütün dünyada var, artıq bir trendə çevrilib və Azərbaycanda onun bir hissəsidir. Azərbaycanda isə bir çox hallarda bunu əsassız olaraq qərəzli şəkildə edirlər. Çünki deputatdan gözlənti çoxdur. Onlar öz arzu və istəklərinin deputatlar vasitəsilə həyata keçirilməsini istəyirlər. Amma bütün arzu və istəklər həyata keçirilə bilmir axı. Onlar düşünür ki, deputatlar bizim maraqlarımıza uyğun çıxış etmədi, maraqlarımıza uyğun sözləri demədi, qanunlar qəbul etmədi, uşaq pulunu vermədi, maaşları artırmadı və s. Hərçənd ki, parlament maaş artıran orqan deyil. İstəyərdik ki, belə olsun, amma hər şey bizdən asılı məsələ deyil, dövlətimizi də gücləndirməliyik. Biz o əraziləri işğaldan azad etmişiksə, 30 il bu həsrətlə yaşamışıqsa, həmin əraziləri bərpa etməliyik və o insanları oraya köçürməliyik. Həm də o insanları ona  görə tez köçürməliyik ki, orada insanlarımızın sayı çoxalsın ki, xaricdən bizə gələn təzyiqləri də azaltsın. Onun üçün də sərhədlərimiz möhkəmlənməlidir, insanlarımız orada daim yaşamalıdır, infrastrukturu yaratmalıyıq və bütün sərhəd boyunca da bizim qəhrəman sərhədçilərimiz dayanmalıdır. Onlara zastavalar, hərbi hissələr tikilməlidir. Bütün bunların hamısı çox böyük pullar aparır. Ona görə də, bax, bütün bu məqamları nəzərə almalı olursan, amma bununla bərabər çalışırıq ki, müxtəlif dövlətin ayırdığı o sosial layihələrlə bağlı müəyyən işlər görülsün, işlər də görülür, müəyyən dediyimiz təklifləri nəzərə alırlar. 

3. Sizi daha çox məmurları, nazirləri tənqid edən partiya sədri və deputat kimi tanıyırıq. Bu sizə həyatda problem yaradıbmı?

- Bilirsiniz, tərifi hamı xoşlayır və onu çox asan qəbul edirlər. Tənqidi heç kim xoşlamır. Mən özüm də tənqidi xoşlamıram. Bu baxımdan düşünürəm ki, mənim tənqid etdiyim insanlar da məni xoşlamayacaq. Mənim deyim tərzimi xoşlamayacaq, ritorikama qoşulmayacaq, onlarda mənə qarşı müəyyən bir aqressiya olacaq, bir nifrət də hətta ola bilər və s. Amma bir olan Allah şahiddir ki, mən heç bir naziri, heç bir dövlət vəzifəlisini qərəzli şəkildə hədəfə almamışam. Onların heç birisi ilə mənim şəxsi qərəzim yoxdur. Hər hansı bir şəxsi məsələmə görə də onları hədəfə almamışam, almaq fikrim də yoxdur. Mənim əslində, ola bilsin ki, bir az ritorikam aqressiv olsun, amma mən həmişə çalışmışam bir təklif xarakterli verim ki, işlər daha yaxşı olsun. Mən onların işlərini daha yaxşı qurması üçün təkliflərimi vermişəm. Ancaq indi bu, bir az tənqid kimi səslənir və onların da xoşuna gəlmir. Təbii ki, bu da mənim üçün başağrısı yaradır. Mənim özümdə də bir psixoloji gərginlik yaradır. Tənqid də olar, amma tənqid sağlam olmalıdır. Xoş da olar, amma təbii ki, elə məqamlar var ki, onları nəzərə almaq lazımdır. Mən də qəbul edirəm ki, elə məqamlar olub ki, onları nəzərə almamışam. Bəzi məqamları nəzərə almadan elə, tam yoxlamadan demişəm və o da düşünüb ki, Razi Nurullayev nəyə görə məni hədəf aldı. Heç kimlə heç bir problemim yoxdur, ola da bilməz.

4. Uzun illər AXCP sədri Əli Kərimlinin müavini olmusunuz. AXCP dövründəki Razi bəylə deputat Razi bəyin fərqi nədə oldu? O illəri itirilmiş il kimi qiymətləndirirsiniz yoxsa necə?

- Mən həyatımın heç bir hissəsini itirilmiş hesab etmirəm. Allah verdiyi həyatdı yaşayırıq və bu həyatda insanın ildə bir neçə dəfə elə acı təcrübəsi əmələ gəlir, yaxşı təcrübəsi əmələ gəlir və sən yaşadıqda nəyisə öyrənirsən, yaşadıqda nəyinsə üzərində düşünürsən və keçmiş yaxşıdır ki, keçmişə baxıb gələcəyini düzgün qura bilirsən. Çünki orada bir məktəb idi, yaxşı məktəb olmasa da, insanları öyrətmək baxımından, siyasəti öyrənmək baxımından və bu yaxşı idi və mənim bu gün gözüm açıldı, yəni kor-koranə qalmadım və gördüm ki, heç də hər kəsin yaxşı danışan, heç də o demək deyil ki, o hər şeyi gözəl görmək istəyir. Mən gördüm ki, orada olduğum müddətdə heç də orada olan insanların hamısı aydan arı, sudan duru deyil. Hər kəsin öz marağı var və öz marağı təmin olunan kimi istənilən adamı ayağının altına atıb, əzməyə hazırdır. Mən bunları gördüm və gördüm ki, elə orada da kreslo davası gedir. Kreslo davası da nədir? Ofissiz bir müxalifət partiyasının sədri olmaq. Kim də başını balaca tərpətmək istəyir və başını kəsir, o baxımdan artıq xalqın da inamı sönür. Əgər biz hər hansı bir ideologiya, ideal uğrunda mübarizə aparırıqsa, birinci nümunəni özümüz yaratmalıyıq. O nümunəni orada yarada bilmirdilər, bu gün də yarata bilmirlər. Mən bu gün dövləti başa düşürəm, dövlətçiliyi görürəm, Azərbaycanı görürəm və eyni zamanda mən artıq onu görürəm ki, xaricdən Azərbaycana demokratiya və insan hüquqları altında olan təzyiqlər heç də Azərbaycan xalqının mənafeyi üçün edilmir. Sadəcə olaraq insan hüquqları və demokratiya adı altında öz istəklərini burada yerinə yetirməyə çalışırlar. 

5. Parlament seçkiləri ərəfəsində İmişli rayonundakı evinizi çəkib göstərmişdiniz və etdiyiniz idman hərəkətlərini sosial şəbəkələrdə paylaşmağınız birmənalı qarşılanmamışdı. Bunu normal qəbul edənlərlə yanaşı, qeyri-ciddi olmaqda qınayanlar da olub. Həmin videoya münasibətinizi öyrənmək istəyərdik. O hərəkətləri edəndə cəmiyyətin reaksiyasını düşünmüşdünüzmü?

- Təbii ki, bu o zaman oldu. İndiki təcrübəmlə, təcrübə deməzdim buna, bu hadisələrdən sonra mən onu etməzdim. Çünki bizim insanlarımız belə görür ki, cəmiyyətimiz buna hazır olsa da, amma bununla sui istifadə edib, qərəzli şəkildə bunu yönləndirib zərba vurmaq istəyənlər var. Mənim İmişlidə evim yoxdur. O, ev deyildi. Hotel idi. Seçki mərhələsində qalmışdım. Orada sadəcə olaraq birdən ağlıma gəldi ki, mən burada, bu otel otağında necə fəaliyyət göstərərəm, necə deyirəm. Bir çox yerlərdə yazıldı ki, deputat orada nə ilə məşğuldur, harda qalır, neynir orada, kef çəkir. Nə isə, belə-belə məsələ görürdüm ki, bunu yenə də təbii ki, başqa-başqa siyasi partiyalar, xüsusən də bu müxalifətə müxalifətçilik edənlər, Milli Şuranın, AXCP-nin sıralarında, içərisində bir-iki nəfər müsavatçı da var idi, bir-iki nəfər REAL Partiyasından olanlar da var idi. Görürdüm ki, bunlar hədəfə salmaq istəyirlər. Amma o qədər eyib nə var idi ki? Mən o otel otağında idman edirdim. Hər kəs də idman edir, idman eləmək bir şərəfdir. Sağlamlığı qorumaq gözəl bir haldır, insanlara gözəl bir mesajdır. Sadəcə olaraq, ola bilsin ki, indi mən də qarşı qəbul edirəm ki, bəzi məsələlərdə daha ciddi olmaq daha yaxşıdır. Amma bizim cəmiyyətimiz belədir ki, daha çox ciddi olanda, qapalı olanda, deyirlər ki, qapalıdır, özünü çəkir, çox insanların içərisində deyil, insanlar kimi özünü sadə aparmır. Çox ciddi və çoxuna yaxınlaşmağa insan qorxur. Burada qızıl ortanı tutub getmək daha məqbuldur, bu dərsi aldıq.

6. Razi bəy, bir açıqlamanızda \"Azərbaycanda bacarıqlı, savadlı, qabiliyyətli insanlara yer yoxdur” fikirlərini səsləndirmişdiniz. Hələ də bu fikirdəsiniz?

- İndi ola bilsin ki, yadıma gələr ki, belə bir məsələ olmuşdu. O bir cümlədir də, bunu nəyə görə mən demişdim. Sadəcə onu o baxımdan demişdim ki, mən bir çox ölkələrin təcrübəsini öyrənirəm və o qədər bacarıqlı, qabiliyyətli insanları dövlət özü qabağa çəkir, onlara nəsə bir kredit verir, nəsə imkan yaradır ki, bunlar dövlət üçün nə edə bilərlər. Biz hələ o mərhələyə gəlib çatmamışıq da, bizim ona qədər olan xeyli görməli işlərimiz var. Biz indi Norveçin keçdiyi yolu 30  ilə keçə bilmərik axı. Məsələn, mən Norveç təcrübəsin də görmüşdüm. Norveçdə bir nəfər əgər hər hansı bir təşəbbüs göstərir, 10 min kredit götürmək istəyir. 10 mini batırsa, yenidən ona 10 min də verirlər. İkinci dəfədə batırsa, üçüncü dəfə də verirlər. Sonra deyirlər ki, yox sən daha bu işlə məşğul olma, peşəni dəyiş. İndi Norveç böyük bir yol keçib gəlib. O baxımdan mən o məsələdən tam olaraq fikrimi dəyişirəm. Amma bilirəm ki, bacarıqlı, qabiliyyətli insanlar hər yerdə özünə yol tapıb dolana bilir, yol tapa bilir. Amma təəssüflər olsun ki, mən indi belə düşünürəm ki, bizdə həmişə insanlar özü öz ayaq üstündə durmaq üçün hər zaman dövlətdən bir kömək gözləyir, kimdənsə kömək gözləyir. Sosializm deyil axı, kapitalizmdir. Kapitalizm nədir? Vəhşi kapitalizmdir. Hətta dövlət iş vermirsə belə, özü gedib bir məsələn, iş yaratmağa çalışmalıdır. Mən düşünürəm ki, yardımı biz qadınlarımıza verməliyik, hansı ki, ona biz iş təmin edə bilmirik, əlillərimizə verilməlidir, müharibə veteranlarına verilməlidir və s. Yəni, kimin bu haqqı varsa, amma ümumilikdə insanların hamısına yardım vermək olmaz ki, neft fondumuz var. Daim ləyaqətli və yaxşı yaşamaq istəyirsənsə, artıq sən öz işini qurmalısan. Gedib kimnənsə də işləsən, 800-1000 manat maaş verəcək. İnsanlarımız öz ayaq üstündə dayanmağı öyrənməlidirlər və bunun üçün də mən razıyam ki, onlar müəyyən bir işi etsinlər. Gəlib bizdən tərəf eləsinlər ki, deputat, mənə kömək elə iş qurmuşam, oradan 20-30 min alım, işimi böyüdüm, biz də həvəslə bunu edək. Çünki dövr buna doğru gedir.

7. \"Tiktok”dan ən çox istifadə edən deputatsız desək, yanılmarıq. Razi bəy \"Tiktok”dan hansı məqsədlə istifadə edir?

- Mən sadəcə olaraq TikTokdan həm bir bilik almaq üçün istifadə edirəm, ikincisi də öz fikirlərimi TikTok üzərindən cəmiyyətə çatdıraram. Bu iki məqsəd üçündür. İndi mən əgər sizin iştirakınızla öz TikTok səhifəmi açsam və orada o məlumatlar hissəsini açsam, görəcəksiniz ki, orada Rus, Türk, Azərbaycan, ingilis, fransız, alman dillərində məlumatlardır. O məlumatların da hamısını oxuyuram, gəlir orada dilimi zənginləşdirmək üçündür, bir sürü ensiklopedik məlumatlardır, sağlamlıqla bağlı paylaşımlardır, dünya xəbərləridir, dünya siyasətçiləridir. Yəni, mənim üçün TikTok ideal bir məkandır. Hərdən gəlib mənə deyirlər ki, bu TikTokda çox pis-pis şeylər var, qarşıma çıxıb, adam TikToka girə bilmir. Mən TikToka girirəm, mənim qarşıma heç elə bir şeylər çıxmır. Mən deyərdim ki, TikTok mənim biliyimin artmasında, bildiyim dillərin zənginləşməsində, aldığım məlumatların daha da müxtəlifləşməsində önəmli bir rol oynayır. Eyni zamanda da mənim öz mesajlarımı, fikirlərimi, düşüncələrimi həm partiya sədri kimi, həm deputat kimi cəmiyyətə çatdırmaqda da müstəsmə rol oynayır. Çünki o qədər elə videolarım var ki, 5 milyon baxılıb, 2 milyon baxılıb, 3 milyon baxılıb, üst-üstə belə götürəndə başqaları paylaşıb, 10-15 milyon da baxan, başqa ölkələrdən də baxan var.

8. Bir dəfə demişdiniz ki, \"Tiktok”da avaralar çoxdur. Orada sizə ən çox narahat edən məqam hansıdır?

- Tiktokda kim necə gəldi, video çəkir, paylaşırdı, mənasız söz yığını danışır, Mən də hələ ki, o ilk vaxtlar idi və mən istifadəni də bilmirdim, hələ ki, mənim üçün də Tiktok yeni idi. Elə açırdım, qabağıma çıxırdı, mən də deyirdim ki, bu nə avara yerdi, burada nə var ki? Sonradan mən artıq öz zövqümü, maraq dairəmi müəyyənləşdirəndən sonra heç onlar qarşıma çıxmır daha, onları görmürəm də. İndi müqayisə edirəm ki Tiktok xeyli irəli çıxıb. Bütün platformaları belədir. İlk başlayanda sel də gələndə qabağında nə gətirir? Bir az yarpaq gətirir, nə bilim, ağacları sürüyüb gətirir, daş, indi getdikcə və sonradan artıq hər şey durulaşır, normallaşır da. Facebook da belə idi, İnstagram da belə idi, indi Tiktok da belə oldu, Youtube-un da belə elə olub. Amma indi yavaş-yavaş Tiktok da artıq görürəm ki, müxtəlif orada artıq dövlətdə müəyyən xidmətlər göstərməyə başlayıb, insanlar özləri də xidmətlər göstərməyə başlayıblar, daha çox mədəniləşməyə başlayıb və mənə belə gəlir ki, artıq orada Tiktok platformasından avara platforma demək mümkün deyil. Kimsə onu tənqid edirsə də, mən insanlara məsləhət görürəm ki, birinci özünüzdən başlayın. Əgər sənin orada qarşına  nəsə pis, lazımsız, düşük məlumatlar çıxırsa, demək sən ona baxırsan ki, çıxır. Hər bir bir videonun üzərində barmağını basıb saxlayandan sonra orada menyu açılır. Orada deyirsən ki, bir də mənə belə videonu göstərmə. Təmizlə və doğru-düzgün yaşa.  

9. Azərbaycan telekanallarında da bayağı verilişlər, \"Tiktok” fenomenləri tez-tez yer alır. Sizcə, televiziyalarımız niyə bu vəziyyətdədir? 

- O cür verilişlər, televiziyalar, həm də cəmiyyətin zövqünü korlamaq və özlərinə uyğun bir tamaşaçı yetişdirmək üçün işləyirlər. Şəxsən, mən, cavan uşaqlar otururlar, hər hansı bir komediyaya baxırlar, hər hansı bir videoya baxırlar və qaqqanaq çəkib gülürlər, əllərin əllərinə vurub gülürlər, gülməkdən yerə yıxılırlar. Mən baxıram, inanın ki, heç mən gülə bilmirəm. Bəlkə də cəmiyyətin ağırlığı və yaxud zövqsüzlüyü, məni güldürmür. Başqa ölkələrdən olan komediyalara, verilişlərə baxıram, \"talkshov”lara baxıram və orada mən istər-istəməz özüm də bir ciddiyyətə minirəm ki, ciddi məsələlər müzakirə olunur və yaxud ciddi zarafatlar olunur. Amma təəssüflər olsun ki, bu gün bizdə bütün zarafatların hamısını qurşaqdan aşağı endirirlər. Artıq gülmək üçün də sövüş söyməlisən. Bu bir trendə çevrildi ki, söyüşlə danış. Daha çox o amerikan filmlərində görürük, \"Hollywood” filmlərində söyüşlə danışırlar, qadın, kişi bilmirlər və biz bunu götürürük. Cəmiyyət də bu şəkildə bir tamaşaçı yetişdirir. Amma mən görürəm ki, bu gün çox ciddi gülüş epizodları yaranıb. Çox ciddi, gözəl, var da bunlar, biz televiziyalarımızda bunları görürük. Mənim qarşıma çıxıb, bizim istedadlı gənclərimiz, aktyorlarımız var. Bu adama da, həmin aktyora da, həmin o gəncə də mənim hörmətim artır ki, çox ağıryana, gözəl sözünü dedi, mesajını verdi. Mən hələ görməmişəm ki, ciddi, özünə hürmət edən adam o cür verilişlərə baxsın və yaxud gülsün.

10. Son olaraq, Azxeber oxuyucularına nə demək istərdiniz?

- \"Azxeber.com” saytı mənim Azərbaycanda ən çox hörmət qoyduğum media qurumlarından biridir. Hər zaman bu internet resursunun rəhbərliyini görəndə onlara fikirlərimi çatdırmışam. Mən sizin \"instagram” kanalınıza abunəyəm. Hər gün izləyirəm, buradan məlumatları alıram. Minlərlə insan burada öz fikrini bildirir və bu da məni çox sevindirir. Üstün cəhətiniz budur ki, hələ bu günə qədər səmimi deyirəm ki, hətta mənim özümü tənqid edən və hədəfə gəldiyim məqamlar olub ki, həmin informasiyalar sizing saytda paylaşılıb, amma mən bundan inciməmişəm.Çünki siz ora duz və istiot qatmamısınız. Siz peşəkar media baxımından yanaşmısınız. Mən demişım, siz yazmısınız. Siz o neytrallığı, media professionallığını saxlamaq üçün əlinizdən gələni edirsiniz. Siz mənim ən müsbət qabağda dayanan, suallarına daim cavab verdiyim ağ siyahımda olan bir media qurumusunuz.

Mikayıl Mirzəzadə
Video: Xanlar Əlizadə
Seçilən
23
22
azxeber.com

10Mənbələr