AZ

Maliyyə bazarlarında innovativ həllərin tətbiqi daha da sürətləndiriləcək

"Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılığa təsir edən prioritet faktorlardan biri də rəqəmsal ödəniş ekosisteminin rəqabətədavamlı fəaliyyətinin təmin edilməsi və mütəmadi əsasda inkişaf etdirilməsidir".Bu fikri Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışında səsləndirib. Onun sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində son 3ildə milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq bu ilin ilk 10 ayında 606 milyard manat təşkil edib. Cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63,8 faizi nağdsız formada həyata keçirilib:

"Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, “sandbox” rejiminin tətbiqi ilə innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir" - Z.Nuriyev qeyd edib.

Assosiasiya rəhbəri əlavə edib ki, növbəti strateji dövrdə rəqəmsal ödəniş ekosisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsi məqsədilə lokal ödəniş kartlarının emissiyası məsələsi daha geniş çərçivədə müzakirə edilərək mövcud imkanlar və gələcək perspektivlər qiymətləndirilməlidir: "Hesab edirik ki, lokal ödəniş kartlarının emissiyası ekosistemdə rəqabəti daha da təşviq etməklə xidmət haqlarının effektiv formada tənzimlənməsinə, uzunmüddətli perspektivdə infrastrukturun davamlılığının daha da artırılmasına imkan verəcək. Rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdirilməlidir. Maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir. Maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin daha da sürətləndirilməsi üçün bu layihələrin təhlili, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya habının yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən innovasiya mərkəzinin yaradılması maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm rol oynayacaq".

O əlavə edib ki, ödəniş kartları bazarının inkişafı və əlverişli tarif siyasətinin tətbiqi məqsədilə yerli və xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil edilməli, mümkün sui-istifadə halları və bazara mənfi təsir effektləri məhdudlaşdırılmalıdır.

Maliyyə sektorunda dayanıqlıq məsələsinə toxunan Z.Nuriyev Azərbaycan banklarının 2030-cü ilə qədər dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayıracaqlarını açıqlayıb: "Azərbaycan Respublikasının Mərkəzi Bankı institusional çərçivənin yardılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmini üçünvacib tənzimləyici qaydaların, təlimatların və tövsiyələrin hazırlanması üzərində çalışır. Buistiqamətdə ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillərin maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması istiqamətində işləri qeyd edə bilərik. 3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilib və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyələr verilib. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17,8 faiz olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59,9 faiz təşkil edib" .

Fərqanə ALLAHVERDİQIZI

Seçilən
26
vergiler.az

1Mənbələr