“Bakıda meydançalar yox dərəcəsindədir. Futbolumuzun əsas problemlərindən birincisi budur. Meydança söhbəti bizdə çox faciəli məsələdir”.
İdman.biz xəbər verir ki, bunu yutub platformasında yayımlanan “11 Adam” podkastının qonağı olan futbol məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan futbolunun ən önəmli problemlərini açıqlayıb. O bildirib ki, lazımı sayda stadionların olmaması futbolumuzun əsas axsayan tərəfidir: “Uşaq məşqçilərin maaşı azdır. Mən onları qınamıram. Bəziləri 2 yerdə işləyir. Onlar tezbazar uşaqları yola salıb digər işinə gedir. Bundan savayı, meydança amili çox önəmlidir. Regionlarda bu problem daha ciddidir. İkinci böyük şəhərimiz olan Gəncənin “Kəpəz” klubu ev oyunlarını Qəbələdə, Tovuzda oynayır. Digər tərəfdə isə “Xəzər Lənkəran”nın stadionu boş qalıb. Yəni bölgələrdən danışmaq olmur. Hər yanda problem böyükdür”.
Mircavadov milli komandamızın uğursuz nəticələrinə də toxunub: “Biz milli ruhumuzu itirmişik. Türkiyənin milli ruhu bizdən üstündür. Onların himnini oxuması, bayrağa, öz xalqına yanaşmasından bu görünür. Bizdə də bu şeylər olub. Bəzi futbolçular var ki, zəif deyillər. Amma psixoloji durumları yaxşı deyil. İnkişafda deyillər. Yığmanın yaxşı olması üçün 1-2 yox, 6-7 yaxşı klubumuzun olması lazımdır. Məşqçilər Komitəsi uzun müddətdir deyir ki, milli ilə klubları birləşdirmək lazımdır. Onlar dil tapa bilmirlər. Yığmaya oyunçu klubdan gəlir. Klub məşqçiləri də həyəcanlı olmalıdır ki, mən futbolçunu yaxşı yetişdirib milliyə verim. Baş məşqçi böyük rol oynamalıdır”.
Ölkənin müxtəlif klublarında çalışaraq çempion tituluna da yiyələnən mütəxəssis 2010-cu ildən işsiz olmasına da münasibət bildirib: “Rusiyada A kateqoriyası üzrə təlimdən keçmişdim. Bu, UEFA tərəfindən də qəbul olunurdu. Amma sonradan imkanım olmadı ki, Azərbaycanda PRO kateqoriyasını oxuyum və məni məşqçilikdən çıxardılar. Bundan sonra AFFA-da da heç bir vəzifədə olmadım. 1-2 dəfə soruşdum ki, mənə niyə iş vermirsiz? Dedilər ki, yorulmusan istirahət elə. Hiss etdim ki, haqqımda başqa fikirdədirlər. Çağırırdılar, getmirdim. Məşqçilər Komitəsində də işləməyimin səbəbi başqa idi. “Xəzər Lənkəran”a gedəndə oğlum SOCAR-da işləyirdi. Mən ora gedəndən sonra övladımı oradan çıxartdılar. Heç vaxt heç yerə getməmişəm ki, məni işə götürün. Hər zaman özləri çağırıblar. İndi tanışlıq olmalıdır ki, harasa gedəsən”.
Qeyd edək ki, Ağasəlim Mircavadovun rəhbərliyi altında “Nefçi”, “Xəzər Lənkəran” və “Qarabağ” 1 dəfə, “Şəmkir” isə 2 dəfə Azərbaycan çempionu olub.
İdman.biz