Dünən axşam saatlarından başlayaraq, Tbilisinin mərkəzi küçələrində polislə nümayişçilər arasında toqquşmalar yenidən qızışıb.
Hurriyyet.az xəbər verir ki, Tbilisidə polislə etirazçılar arasında “atışma” yenə səhər saatlarına qədər davam edib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan, etirazçılar isə pirotexnik vasitələrdən istifadə edir.
Kütləvi etirazlar başlayandan etirazların dağıdılması adətən gecə yarısından sonra başlayırdı. Dünən isə polis daha tez hərəkətə keçib.
Polis qüvvələri etirazçıları əvvəlcə parlament binası qarşısındakı ərazidən sıxışdırıb. Xüsusi təyinatlılar bu zaman gözyaşardıcı qaz kapsulları və su şırnaqlarından da istifadə ediblər. Lakin bir müddət sonra akisya iştirakçıları toparlanaraq, yenidən əraziyə qayıdıblar. Nümayişçilər əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları, eləcə də hökumətin istefasına və təkrar parlament seçkilərinin təyin edilməsinə çağıran plakatlar tutublar.
Qanunverici orqanın yerləşdiyi Rustaveli prospektinin ortasında xüsusi təyinatlılar yerləşdiriliblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını qanunsuz hərəkətlərə son qoymağa və qanundan kənara çıxmamağa çağırıb. Daha sonra polis bölmələri gözyaşardıcı qazdan istifadə edərək vətəndaşları saxlamağa başlayıb. Etirazçılar “Qullar, qullar!” şüarları səsləndiriblər.
Gürcüstan mediası yazır ki, Rustaveli prospektində əleyhqazsız olmaq mümkün deyil. Sakinlər qazın artıq mənzillərinə çatdığını deyirlər. Rustaveli prospektindəki bütün otellər qonaqlara pəncərələri açmamaq barədə xəbərdarlıq edib.
Tbilisidə, o cümlədən Rustaveli prospektində elektrik enerjisi kəsilib, lakin bir müddət sonra enerjinin verilişi bərpa edilib.
Tbilisi Patrul Polis İdarəsinin rəisi Vaja Siradze deyib ki, dekabrın 2-si axşam nümayişçilərə qarşı “proporsional güc” tətbiq edilib. Onun sözlərinə görə, etirazçılar mitinqin əvvəlindən özlərini “dağıdıcı” aparmağa başlayıblar. Siradze qeyd edib ki, son günlər Gürcüstan Daxili İşlər Nazirliyinin polis bölmələri hətta etirazçıların bəzilərinin aqressiv, zorakı hərəkətlərinə münasibətdə “tolerantlıq nümayiş etdirib”.
Lakin Gürcüstanın ombudsmanı Levan İoseliani belə düşünmür. O, Daxili İşlər Nazirliyini etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməməyə çağırıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bir çox aksiya iştirakçıları daha ağır maddələrlə ittiham olunacaqlar. Onların bəzilərini 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Etiraz aksiyaları təkcə Tbilisidə deyil, Gürcüstanın Batumi, Kobuleti, Ozurqeti və digər şəhərlərində də keçirilir.
Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili məktəbləri də etirazlara qoşulmağa çağırıb: “Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatıb”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə prezidentin məktəbliləri ölkədəki etiraz aksiyalarına qoşulmağa çağırmasını “heç bir əsası olmayan əxlaqsız hərəkət” adlandırıb. O, Gürcüstanda davam edən etirazlar fonunda müxalifətlə danışıqların mümkünlüyünü də qəti istisna edib.
“AzPolitika.info”