Azərbaycan çempionatının I Liqasının qalmaqallı “Karvan” – “Qəbələ” matçında baş verən hadisələrə hüquqi qiymət verilib.
İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi yaşanamlara görə cəzalar tətbiq edib.
Dörd sarı vərəqə alan “Karvan” 70 manat cərimə edilib. Yevlax klubu azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə daha 80 manat ziyana düşüb.
Meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimələnib. Matçın stadiondakı diktoru Əsasnamənin tələblərini pozduğuna görə Yevlax təmsilçisi 50 manat ödəyəcək.
Yerli azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Karvan” 50 manat cərimə edilib.
Qarşılaşma bitdikdən sonra meydan sahiblərinin futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanıb. “Karvan” buna görə 300 manat cərimə ödəyəcək.
Matç bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. O, klubunu 300 manat ziyana salıb.
Görüşdən sonra meydan sahiblərinin məşqçisi Zaur Hacıyev rəqib baş məşqçi Kaxaber Tsxadadzeyə hədə-qorxu gəldiyinə görə 5 oyunluq cəza alıb. Onun klubu 400 manat cərimə edilib.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb. Yevlax təmsilçisi 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
İdman.biz