AZ

Bakı məktəbində vərəmə YOLUXMA – Şagirdlər və müəllim heyəti NƏZARƏT ALTINDA - RƏSMİ

Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə vərəm xəstəliyinin yayılması haqda sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, 10-cu sinif şagirdlərindən biri xəstələnib və bir neçə sinif yoldaşını yoluxdurub. Buna baxmayaraq, məktəbdə karantin elan olunmur və dərslər distant qaydaya keçirilmir.

Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.


Nazirlik Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib. Qurumdan məktəbin 9-cu sinif
şagirdlərindən birində bu halın aşkarlandığı bildirilib:

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, 95 saylı orta məktəbin 9-cu sinif şagirdində 13 noyabr 2024-cü il tarixində vərəmə şübhəli hadisə qeydə alınıb.

Bununla əlaqədar Xətai rayon RGEM-nin nümayəndələri tərəfindən məktəbdə epidemioloji araşdırma aparılıb, həmin sinifdə təhsil alan digər şagirdlər və müəllim heyəti müayinə olunub. Məktəbdə profilaktik və əksepidemik  tədbirlər görülüb. Dezinfeksiya işləri aparılıb. Hadisə nəzarət altındadır. Ocaqda aparılan tədbirlərə nəzarət edilir. Xəstəliyin yayılma ehtimalı yoxdur”.

Öz növbəsində də məktəbdən Bizim.Media-ya də şagird və müəllim heyətinin müayinədən keçirildiyi, eləcə də dezinfeksiya işlərinin aparıldığı təsdiqlənib.

Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən isə yalnız bir uşağın yoluxduğu bildirilib:

 “Bu haqda sosial mediada şişirdib yazıblar. Bir nəfərdə vərəm hadisəsi ilə bağlı məktəbi distant təhsilə keşirmək qanunvericiliklə mümkün olmayan bir məsələdir. Üstəlik, buna ehtiyac yoxdur, çünki orada nə tədbir lazımdırsa, görülüb. Baxış keçirilib, hər kəs müayinə olunub.

Eyni zamanda dezinfeksiya işləri aparılıb. Yəni tibbi baxımdan bütün qabaqlayıcı tədbirlər görülüb. Başqa ikinci bir şəxsdə də belə hal qeydə alınmayıb”.

Mərkəzdən o da bildirilib ki, bir uşağın digərlərini yoluxdurması məlumatı da yanlışdır:

“O uşağın sinif yoldaşlarını yoluxdurduğu haqda yazılanlar da tamamilə səhv məlumatdır. Bu məsələ bir müddət əvvəl, tətil zamanı qeydə alınıb. Hazırda həmin uşağın vəziyyəti normaldır”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr