Dekabrın 2-də BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin 114-cü sessiyası zamanı Ermənistan üzrə məruzəçi Yunq Kam Con bildirib ki, komitə bu ölkədə faşist rejimi ilə əməkdaşlıq edərək bəşəriyyətə qarşı cinayətlər törədən Qaregin Njde kimi insanların heykəlinin qoyulması barədə məlumat alıb.
Bununla bağlı o, Ermənistanda məktəb kurikulumunun tarixin bütün aspektlərini necə nəzərə aldığını və ayrı-seçkilik olmadan tolerantlıq mühitinin yaradılmasına necə töhfə verdiyini soruşub.
Ölkəsinin tolerant ölkə olduğunu sübut etməyə çalışan Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Kostanyan məsələnin ağırlığını hiss edərək, məktəb proqramına yenidən baxıldığını açıqlamaq məcburiyyətində qalıb. Njdenin adını belə çəkməkdən belə çəkinən V.Kostanyan sözügedən şəxsin Ermənistan və erməni xalqı üçün indi olmasa da 20-ci əsrin əvvəllərində mühüm tarixi şəxsiyyət olduğunu bildirərək, onun faşist olduğunu təkzib edə bilməyib.
Bu cavabla kifayətlənməyən spiker Y.Kam Con yaxın keçmişdə belə bir heykəl ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin hələ də cəmiyyət üçün aktual olduğunu göstərdiyini vurğulayıb.
Ülviyyə, Hurriyyet.az