AZ

Qərbin Ukrayna siyasəti İFLASA UĞRAYIR:Avropalı nümayəndələrin Kiyev səfərinin SİRRİ

Avropa Şurasının rəhbəri Antonio Kosta, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos bu günlərdə Kiyevdə olublar. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa ölkələri öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilərlər.

Ötən gün Kiyevə gələn Almaniya kansleri Olaf Şolts isə “X” sosial şəbəkəsi üzərindən Rusiya Prezidenti Vladimir Putinə mesaj ünvanlayıb. Bildirib ki, Almaniya Ukraynada uzun müddətdə var olacaq və Kiyevə verdiyi dəstəyi zəifləməyəcək. Almaniyanın bu mövqeyi Avropa İttifaqının və NATO-nun Rusiyaya qarşı birgə hərəkət strategiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Qoca qitə”nin Ukrayna siyasəti, bu çərçivədə yaşanan prosesləri Medianews.az-a şərh edən politoloq Xəyal Bəşirov diqqətə çatdırıb ki, Avropa təsisatlarında son zamanlar bir sıra dəyişikliklər baş verib və rəhbər strukturlara yeni təyinatlar olub. Bu təyinatlardan biri də Kaya Kallasın Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa komissiyasının sədrinin müavini vəzifəyə gətirilməsidir.

Politoloqun qənaətincə, Avropa təsisatları rəhbərlərinin Kiyevə səfər etməsi, əslində Qərbin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yürütdüyü siyasətin uğursuzluğa düçar olması ilə bağlıdır: “Əvvəllər bu vəzifədə daha çox müharibədən yana olan Cozef Borrel idi. Avropanı bağça, dünyanı isə cəngəllik hesab edən Borrelin düşüncəsi ilə nə Ukraynada, nə də digər regionlarda hər hansı münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyildi. İndiki mərhələdə Avropa təsisatları rəhbərlərinin Kiyevə səfər etməsi, əslində Qərbin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yürütdüyü siyasətin iflasa uğraması ilə bağlıdır. Hər bir halda onlar da elə Rusiya kimi planlaşdırdıqları hədəfə çata bilmədiklərinə görə artıq gedişatda ciddi dəyişiklik etmək istəyirlər. Bunun digər səbəbi də ABŞ-də administrasiya dəyişikliyidir. Donald Trampın hakimiyyətə gəlməzdən öncə, hələ seçki qabağı verdiyi vədlərlə bağlı da narahatçılıq var. Çünki Tramp bu məsələdə Avropanın daha çox məsuliyyət daşıdığını və Ukraynaya dəstək yükünün əsas hissəsinin məhz “qoca qitə” dövlətlərinin üzərinə düşdüyünü açıq şəkildə bəyan edib. Okeanın o tayında yerləşən ABŞ-nin bu mövqeyi, bundan irəli gələn bir çox məsələlər hazırda Avropanı ciddi şəkildə narahat edir. Avropalılar elə hesab edirdilər ki, Yaxın Şərqdə, Cənubi Qafqazda, Gürcüstanda baş verən hadisələr, Qərb-Rusiya, Qərb-Şərq qarşıdurmaları mütləq şəkildə Rusiya-Ukrayna müharibəsinə təsir göstərə bilməz. İndi isə olaylara yeni prinsiplə yanaşır, Avropanın təsisatlarının yeni rəhbərləri bu mərhələdə prosesə müdaxilə etməyə cəhd göstərirlər. Ən əsası da Ukraynanın bu gün ciddi şəkildə əziyyət çəkdiyi və Qərbin hələ ki, bu məsələdə ona dəstək verə bilmədiyi canlı qüvvə çatışmazlığı məsələsini müzakirə edirlər”.

X.Bəşirov qeyd edib ki, soyuq qış aylarında Ukraynanın müharibə aparmaq qabiliyyəti zəifdir: “Qış aylarında Ukraynanın müharibədə nə dərəcədə çətinlik çəkdiyini bundan öncəki illərdə müşahidə etmişik. Həmin o dövrlərdə rus ordusu peşəkarlığına, döyüş aparma qabiliyyətinə görə ukraynalıları üstələyirdi. Üç ilə yaxındır davam edən müharibədə Ukrayna peşəkar ordusunun, hərbçilərinin böyük əksəriyyətini itirib. Orduda ciddi canlı qüvvə çatışmazlığı var. Hazırki mərhələdə Ukraynada daha çox mülki insanlar döyüşür. Digər tərəfdən, Rusiyanın hərbiçilərinə paralel olaraq, Şimali Koreyanın hərbiçiləri də bu prosesdə iştirak edir. Bütün bu amilləri nəzərə alsaq, Qərbin narahatçılığını başa düşməmək mümkün deyil. Eyni zamanda nəzərə alaq ki, Rusiya döyüşün gedişatında elə bir ciddi dəyişiklik yaratmayan Şimali Koreya hərbiçilərinin onlara dəstək göstərdiyini açıq şəkildə bəyan etməklə, əslində Qərbə meydan oxuyur. Ukrayna hərbiçiləri bu məsələdə narahatçılıqlarını gizlətmirlər. Onlar Qərbin də Ukraynaya canlı qüvvə dəstəyi göstərməsini tələb edilər. Rusiya-Ukrayna müharibəsinin başladığı bu üç ilə yaxın müddət ərzində Ukraynanın əhalisinin təxminən yarısının, xüsusilə də gənc, aktiv, enerjili nəslin Avropa ölkələrinə qaçdığı məlumdur. Bu, Ukrayna üçün ciddi təhlükə yaradır. İnsanların mənəvi-psixoloji ruhu da aşağı səviyyədədir. Qərb bu günə qədər Ukraynaya humanitar, siyasi, maddi, diplomatik, texniki, hərbi dəstəyini göstərsə də canlı qüvvə dəstəyini göstərməyib. Hazırki mərhələdə Avropa ölkələrinin Ukraynaya canlı qüvvə dəstəyi göstər bilməsi qeyri-realdır. Əgər belə bir hal baş versə belə, bu, ciddi dəstək olmayacaq”.

Politoloq söyləyib ki, Avropa dövlətlərinin heç biri öz əsgər və zabitinin ruslarla qarşı-qarşıya gəlib ölməsini, yaxud yaralanmasını istəmir: “Bunun üçün elə Avropa ölkələrinə qaçqın kimi getmiş Ukrayna vətəndaşlarını geriyə qaytarmaq olar. Digər həll yolu kimi də Ukraynaya muzdlu əsgərlərin cəlb edilməsi məsələsi ola bilər ki, bu da maddi imkanlar tələb edir. Hər bir halda hazırkı mərhələdə Ukraynaya əsgər və zabitlərin, orduların cəlb edilməsi Rusiya-Ukrayna müharibəsində onların səsləndirdiyi kimi atəşkəsin bərqərar olmasına gətirib çıxarmayacaq. Rusiyanın döyüş meydanında zəifləməsi, geriyə çəkilməsi fonunda danışıqlar prosesi baş tuta bilər. Bu narahatçılıq, Avropa təsisatları rəhbərlərinin Kiyevə toplaşması onu göstərir ki, artıq Qərb Rusiya ilə Ukraynanı masaya oturtmaq istəyindədir. Baxmayaraq ki, bundan öncə belə bir şərait yaranmışdı və o zaman Rusiya deyil, qarşı tərəf onu dəstəkləyənlər buna qarşı olduqlarını açıq şəkildə göstərmişdilər. Hazırkı mərhələdə isə onlar masaya oturmaq niyyətlərini ortaya qoyublar. Hesab edirəm ki, bu məsələdə Rusiyanı razı salmaq lazımdır. Hazırki mərhələdə Rusiya bu addımı atmasa da Donald Trampın hakimiyyətə gəlməsindən sonra belə bir halın yaşanacağı da gözləniləndir. Çünki Trampın bununla bağlı konkret mexanizmi var idi. Ona görə də Avropa təsisatları bu məsələdə prosesdən kənarda qalmamaq üçün bu addımı atırlar. Gələn il yanvarın 20-dən vəzifəsinin icrasına başlayacaq Trampın onsuz da reallaşdıracağı danışıqalar, dialoq prosesə onlar da daxil olmağa cəhd göstərirlər. Əgər Avropa təsisatları ABŞ, Avropa dövlətləri ilə birlikdə addım atacaqlarsa, Rusiya və Ukraynanı masaya oturtmağa nail ola biləcəklər. Bu da təbii ki, artıq atəşkəsinin reallaşması anlamına gələ bilər”.

Seçilən
5
50
musavat.com

10Mənbələr