Tik tok və “sosial proqramlar” milli genefonumuza “od qoyur”
Son bir neçə ildir ki, Azərbaycan teleməkanı böyük bir xalqın min illik dəyərləri üçün kabus halına çevrilib. Ağına-bozuna baxmadan ən primitiv şəkildə bu xalqın milli dəyərlərini milyonların gözləri qarşısındaca məhv edən, yeniyetmə və gəncləri azərbaycançılıqdan uzaqlaşdırıb beynini zəhərləyən “sosial proqramlar” və sosial şəbəkələr durmaq fikrində deyillər. Əksinə hər gün daha da “artırırlar”. Yalançı “reytinq” görüntüsü yaradan bu cür proqramlarda cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək bunların əsas işinə çevrilib. Qəti şəkildə çəkinib ehtiyat edəcəkləri heç nə də yoxdur.
“Böyül cəsarət” sahibidirlər ki, bir xalqın kişilik, ar-namus kimi dəyərlərini hamının gözü qarşısında məhv edirlər. Bu, bütöv bir Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətindən qat-qat dəhşətli zərbədir bu xalqa. Bu ölkə düz 30 ildən sonra böyük cəsarətlə öz torpaqlarını yenidən geri qaytara bildisə, bu gün efirlərdə və sosial şəbəkələrdə bilə-bilə, qəsdli şəkildə itirilmiş mənəviyyatımızı bir də heç vaxt geri qaytara bilməyəcəyik. Bu, acı və dəhşətli gerçəkdir!
Bəs bunların efirlərdə, sosial şəbəkələrdə etdikləri iyrəncliklərin əsas məqsədi nədir? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam!
Min dəfə təəsüf olsun ki, ölkəmizdəki ziyalı təbəqəsi milli genefonumuzun, dəyərlər sistemimizin belə şəkildə məhv edilməsinə bircə dəfə də tutarlı etiraz səsini qaldırmayıb. Ziyalı demək qalstuk taxmaq, bahalı kostyumunun döş cibinə parça qoyub cəmiyyətin problemlərinə yuxarıdan aşağı baxmaq demək deyil. Ziyalı olan kəs milli dəyərlərimizin, yeniyetmə nəsillərimizin əldən getdiyi bu günkü vaxtda səsini çıxarmasa bəs nə vaxt lazım olacaq cəmiyyətə?..
Bu gün efirlərdə Azərbaycan cəmiyyətinə təqdim olunan verilişlərin anormallığı ilə yanaşı, aparıcıların, habelə ailə-məişət məsələlərinə həsr olunan verilişlərə çıxarılan “ekspertlərin” səviyyəsi də heyrət doğurur. Keşmişi qaranlıqlar və əxlaq problemləri ilə “zəngin olan” bu yalançı “ekspert” sürüsü, ən iyrənc şəkildə milyonlarla insana yol göstərmək üçün elə şəkil alırlar ki. Hərə ağlına və ağzına gələni danışır, efirdən söyüş söyülür, bilmədikləri məsələlər haqda insanlara yanlış məsləhətlər verirlər.Azərbaycan efirlərində yayımlanan diletant səviyyəli “serial” rəzalətindən isə danışmağa dəyməz. Çox əcaib bir durumdur.
Tamaşaçının zövqünü, mənəviyyatını, sağlamlığını, əsəblərini, ədəbi dilimizi, efir mədəniyyətini korlamaq - bunların hamısı birbaşa xalqımızı, genefondumuzu məhv etmək deməkdir! Onlar da bunun fərqindədirlər, sadəcə bu xalqa qarşı mənəvi divan tutmaq, milli dəyərlərimizi yeniyetmə və gənclərin şüurundan silmək üçün onlara tapşırılan “missiyanı” yerinə yetirmək üçün belə əcaib duruma düşürlər.
Adi şəkildə azca diqqət etsən aydınca görürsən ki, əhalinin birbaşa mənəvi və psixoloji məhvinə yönəlik verilişlər həm də sırf biznes layihələridir. Yəni kimlərsə pul qazanmaq üçün xalqımızın mənəviyyatını baltalayır. Həm məhv et, həm də milyonlar qazan!
Hazırkı Azərbaycan gəncliyi həm də ən çox sosial şəbəkə seqmentində məhv edilir. Xüsusilə nəzarətsiz poliqona çevrilmiş, cinsi azlıqlardan, ləçər fahişələrdən başlamış ən təhlükəli ideoloji və sosial qruplara qədər bir çoxlarının at oynatdıqları bu sosial şəbəkə seqmentində Azərbaycanlı dəyərlərinin əsl genosidi reallaşır. Burda da bilərəkdən, qəsdli şəkildə yeniyetmə və gənclərin yoldan çıxarılması üçün var gücləri ilə çalışırlar. Cinsi azlıqlara edilən bahalı hədiyyələrin, uğursuz ailə həyatı ilə yadda qalan ləçər “tik-tokerlər”in qazandıqları pullar bütün günü reklam olunur, gələcək nəsillər ən amansız şəkildə məhv edilir. özü də hər kəsin gözləri qarşısında...
Gəlin müqayisə edək. Dünyanın hər yerində insanlar bu müasir və sürətli informasiya texnologiyalarından, imkanlardan daha çox inkişaf etmək, yeniliklər öyrənmək üçün bəhrələnsə də, bu məsələdə Azərbaycan cəmiyyətində hər şey tam əskinə gedir. Rəhmətlik Mirzə Cəlilin “Poçt Qutusu”ndakı Novruzəli cəmiyyəti ilə hazırkı internet əsrindəki tik tok cəmiyyəti arasında heç bir düşüncə fərqi, irəliləyiş yoxdur. Əsrlər keçsə də, cəmiyyət olaraq sosial sferadan başlamış ta milli dəyərlərə qədər şüur və düşüncə baxımından heç nəyimiz dəyişməyib. Elə “poçt Qutusu”ndakı Novruzəlinin qoyub getdiyi cəmiyyətdir. O dövrün Faytonundan, qazalaqından atlanıb bu günkü internet əsrində bahalı “Rance Rover”ə, milyonluq “Rolls-Royce”ə, “Bugatti”yə, “Lamborghini”yə əyləşsək də, təfəkkür və düşüncəmiz dəyişmir ki, dəyişmir. Bu fakt acıdır, lakin olan HƏQİQƏT BUDUR!
Bu gün ən inkişaf etmiş dünya ölkələri - ABŞ-dan, Almaniyadan başlamış Avstraliya və Fnlandiyaya qədər bir çoxları tik toku öz ölkələrində məhdudlaşdırır, xüsusilə yeniyetmələrin bu sosial şəbəkə seqmentinə daxil olmasını qadağan edirlər. Bu ölkələr öz qərarlarını yeniyetmə və gənclərin tik tokda depressiyaya, mənəvi tənəzzülə uğramaları ilə əlaqələndirirlər. Kəsəsi, öz gələcəyini düşünən heç bir ölkə bizdəki kimi tik toku nəzarətsiz poliqona çevirmək isitəmir. Çünki heç kəs bizdə olduğu kimi İTİRİLMİŞ NƏSİL acısı yaşamaq istəmir. Gəlin özümüzü və canımızdan çox sevdiyimiz uşaqlarımızın gələcəyini bu şəkildə xərcləməyək. Gəlin övladlarımızı sosial şəbəkə ağuşundan qoruyaq. Çünki birazda gec tərpənsək, həm də lap uzaq gələcəyimizi itirəcəyik, unutmayın...
Mətləb Salahov