O, sosial şəbəkə hesabında qeyd edib ki, uşaqların inkişafı üçün yetərli yuxu çox vacibdir. Ekspertin fikrincə, erkən qalxmaq onların yuxu ritmini pozur, dərslərə diqqətini azaldır və ümumi sağlamlığına mənfi təsir göstərir: “Əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar – daha çox yuxuya və dincliyə ehtiyacı olanlar – daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir? Bu, təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verir. Böyüklər belə səhər saatlarında çətinlik çəkirsə, uşaqların bu vəziyyətə uyğunlaşmasını gözləmək haqsızlıqdır”. K.Əsədov vurğulayıb ki, məktəblərin dərs saatlarının daha gec başlanması həm uşaqların rifahını yaxşılaşdırar, həm də onların məktəbdə daha diqqətli və motivasiyalı olmasına kömək edər: “Təhsil təkcə bilik vermək deyil, həm də uşaqların fiziki və psixoloji ehtiyaclarını nəzərə alaraq onları gələcəyə hazırlamaqdır”.
Məsələyə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında münasibət bildirib. O, dərslərin gec başlamasının müsbət cəhətləri olduğu kimi, mənfi təsirləri olacağını da bildirib:
“Yaxşı olardı, çünki şəhər yerində həyatımız onsuz da tələskəndir. Uşaqları məktəbə çatdırmaqda çox ciddi problemlər yaşayır valideynlər. Bəzi valideynlər uzaq məsafələr qət edir uşağını məktəbə aparmaq üçün. Uşaqlar dərsə getmək üçün səhər erkən qalxırlar. Yolda yatırlar, maşında yemək yeyirlər. Elə valideyn olur ki, uşağın saçını da maşında, avtobusda yığır. Bu cəhətdən dərslərin gec başlaması yaxşı olar. Amma səhər tezdən durmaq hamı üçün, o cümlədən uşaqlar üçün faydalıdır. Uşaqlar günə nə qədər erkən başlayarlarsa, bir o qədər sağlam olarlar. Amma məktəbə gecikdikləri üçün dərsləri bir saat gec başlatmaq olar. Rayon yerlərində dərslər saat 9-un yarısı da başlayır. Amma şəhər məktəblərində 1-ci növbə gecikərsə, avtomatik 2-ci növbənin də dərs saatları gecikir. Günorta növbəsi oxuyan uşaqlar belə olarsa, dərslərini daha gec saatda bitirəcəklər. Bu da onlara sərf etmir. Uşaq evə gec çatır, hazırlığa gedən uşaqlar var, onlar daha gec gedəcəklər evlərinə belə olsa. Yəni qurulmuş rejim alt-üst olur. Bu baxımdan məncə dərslərin gec başlaması alınmaz”.
Törə Zeynallı
Demokrat.az