Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Musavat.com Elbrus İsayevin dosyesini oxucularına təqdim edir:
Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. O, orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almıb. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparıb, bu istiqamət üzrə dissertasiya hazırlayıb.
İctimai fəaliyyəti ilə paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının doktorantı olub, Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi — tədqiqat sahəsi üzrə 2002–2006-cı illərdə "Böyük İpək yolu və Naxçıvan" adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak edib, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərləri çap olunub.
E. İsayev tədqiqat işlərində tarixi proseslərin ümumi mənzərəsini yaratmaqla, beynəlxalq ticari-diplomatik əlaqələrin daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məqamlarını nəzərdən keçirir.
Ailəlidir, iki övladı var.
Musavat.com