Xaçmaz rayonunda xurma yetişdirən fermerlər satış problemi ilə üzləşirlər. Rayonun ayrı-ayrı kəndlərindən olan təsərrüfat sahibləri bu meyvənin satışının çox zəif olduğunu bildirirlər.
Bizim.Media-nın yerli bürosuna danışan fermerlər deyir ki, yerində alverçilər bağlardan xurmanın bir yeşiyini 2 – 2.5 manata alırlar. Bu da meyvənin bir kiloqramının 20 qəpiyə, yəni dəyər-dəyməzinə satılması deməkdir.
Daxili bazarda da qiymət təxminən eynidir. Belə ki, yerli bazarda xurmanın bir kiloqramı 20-30 qəpiyə satılır.
Bu səbəbdən bəzi kəndlilər ucuz satıldığına görə məhsulu ağacdan yığmağa lüzum görmürlər. Ağacın dibinə tökülən meyvələr isə çürüyüb gedir.
Məsələyə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən münasibət bildirilib. Qeyd olunub ki, rayonda 749 hektar xurma sahəsi var:
“Hazırda xurma yığımı davam edir. İndiyədək rayonda 6924 ton məhsul yığılıb. Artıq yığım yekunlaşıb”.
Qurumdan bildirilib ki, xurmaçılıq Xaçmazın kənd təsərrüfatında əsas sahələrdən deyil:
“Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdiriblər. Son illər fermerlər bu meyvənin satışı zəif olduğuna görə əkilməsinə çox önəm vermirlər, xurmadan daha gəlirli olan almanın və gilasın daha məhsuldar sortlarını əkməyə üstünıük verirlər. Xurmanın ən bahalı növü olan Şişburun, həmçinin digər məhsuldar sortlar əsasən Göyçay və digər aran rayonlarında yetişdirilir və xarici bazarlara göndərilir.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən o da qeyd olunub ki, satış məsələləri özəl olduğu üçün qurum fermerlərə bu məsələdə müdaxilə etmir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta