"Abşeron rayonunun Qobu qəsəbəsində 3 nömrəli məktəbə gedən yolda ("Al market"in yaxınlığında) minik avtomobilləri və yük maşınlatı yüksək sürətlə hərəkət edirlər. Yolda piyada keçidi və işıqfor yoxdur. Bu vəziyyət insanların, xüsusilə də məktəbə gedən uşaqların həyatı üçün ciddi təhlükə yaradır".
Bunu Bakupost.az -a şikayətində qəsəbə sakini Elmin Bağışov bildirib.
Onun sözlərinə görə, uşaqlar hər gün məktəbə gedərkən bu yolu keçməli olurlar:
"Avtomobillərin sürətli hərəkəti onların həyatını təhlükəyə atır. Artıq bir neçə dəfə qəza baş verib. Bu, ciddi narahatlıq doğurur. Yaxşı olardı ki, həmin yolda tramplin, işıqfor və radar kameraları quraşdırılsın".
Elmin Bağışov əlavə edib ki, iyun ayında məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilsə də, hələ də heç bir tədbir görülməyib:
“Abşeron polisi bildirdi ki, məsələ görüləcək işlər planındadır, həmin yolda radar və işıqfor qurulacaq. Lakin 6 ay keçməsinə baxmayaraq, heç nə edilməyib. Yolun sağında piyada nişanı qoyulsa da, üzərində xəbərdarlıq işarəsi yoxdur. Sürücülər həmin lövhəyə məhəl qoymurlar. Avtomobillər 80-100 km/saat sürətlə hərəkət edirlər".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Elvin Hacıyev Bakupost.az -a açıqlamasında bildirdi ki, sözügedən ərazidə vəziyyət araşdırılacaq və məlumat veriləcək .
Lalə, BakuPost